Azərbaycanın yeni tarix yazan uğurları
Bu gün, 16:12

Azərbaycan bütün sahələrdə böyük zəfərlərə imza atır və uğurların bundan sonra da davam etdiriləcəyi şübhəsizdir. Çünki bu siyasətin təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub və hazırda əsası qoyulan siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən müdrikliklə davam etdirilir. Ulu Öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" kəlamı üzərində qurulan siyasət nəticəsində ötən 21 il ərzində misilsiz uğurlara imza atılıb. Birmənalı şəkildə qeyd etmək olar ki, sosial-iqtisadi nailiyyətlərin davamlı və möhkəm olmasının əsasını "Əsrin müqaviləsi" təşkil edir. Müqavilə 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. "Əsrin müqaviləsi" Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır.
Dahi Öndərimizin nəzədə tutduqları reallığa çevrildi. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirildi. Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.
Bu gün ölkəmizin iqtisadi inkişafının daha da artması, onun enerji resurslarının ixrac istiqamətlərinin genişlənməsi davam edir. Müstəqillik qazandığımız ilk günlərdən hər zaman yanımızda olan dost və qardaş Türkiyə ilə münasibətlər hazırda çox yüksək bir mərhələdədir. Bu gün regionda yaşanan hadisələr Türkiyə və Azərbaycanın rolunu və önəmini bir daha artırıb.
Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısı olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarükü edir. Bu sahədəki əməkdaşlıq xüsusilə 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ilə dərinləşib. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir, çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Həmçinin 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi də Azərbaycanın qazını Türkiyə vasitəsilə Avropaya ixrac etmək üçün mühüm bir imkan yaradıb. TANAP Cənubi Qafqazı Avropa bazarına bağlayan əsas enerji layihələrindən biridir və bu, yalnız iki ölkə arasındakı iqtisadi əlaqələri möhkəmləndirmir, həm də Azərbaycanın enerji ehtiyatlarını Avropaya çıxarmaq üçün geniş imkanlar təqdim edir. Bu layihələr, həm də Azərbaycanın və Türkiyənin regional enerji təhlükəsizliyini təmin etməsinə və Avropa bazarları ilə daha sıx əlaqə qurmasına şərait yaradır.
Martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ankaraya işgüzar səfəri iki qardaş dövlət arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Həmin gün iki dövlət başçılarının iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib.
Mərasim zamanı çıxış edən Prezident İlham Əliyev bildirib ki, “Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür. İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir”. Dövlətimizin başçısı deyib: “Burada qeyd edildiyi kimi, Naxçıvanda hörmətli Prezidentlə birlikdə bir il yarım bundan əvvəl biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl tədbirdə iştirak edirik”.
Vurğulanıb ki, bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru kəmərləri layihələri nəinki ölkələrimiz birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycanda Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz boru kəmərinin açılış mərasimində çıxışı zamanı bildirib ki, “Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik”.
“Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik”, - deyə Türkiyə Lideri vurğulayıb.
Qeyd edilib ki, BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək.
Bu gün Azərbaycan və Türkiyə arasındakı münasibətlər iki ölkənin ortaq tarixindən, mədəniyyətindən və dilindən qaynaqlanaraq beynəlxalq səviyyədə güclü strateji əməkdaşlığa çevrilib. Türk dünyası daxilində ölkələrimiz arasında artan əməkdaşlıq yalnız iki dövlətin deyil, bütün Türk dünyasının birliyini və inkişafını dəstəkləyir.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru