Siyasi, iqtisadi və humanitar sahələri əhatə edən ikitərəfli əlaqələr

Bu gün, 10:47           
Siyasi, iqtisadi və humanitar sahələri əhatə edən ikitərəfli əlaqələr
Müxtəlif imperiyaların tərkibində yaşasalar da, qədim tarixə malik olan makedoniyalılar milli düşüncələrini itirməyərək, 1990-cı illərdə dünyada baş verən geosiyasi dəyişiklərdən istifadə edərək müstəqilliklərini qazandılar. Yuqoslaviyanın dağılması ilə müstəqillik əldə edən Şimali Makedoniya ilə Azərbaycanın yeni tarixində bənzər məqamlar çoxdur. Hər iki dövlət imperialist siyasətin qurbanı olmuş və SSRİ-nin dağılmasından sonra müstəqillik qazanaraq inkişaf mərhələsinə qədəm qoymuşlar.
Ölkəmizin Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır.
Rusiya-Ukrayna müharibəsi Avropanın enerji təhlükəsizliyinə təhdid yaradıb. Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. Ötən ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 faiz artaraq 1000 kubmetr üçün 560 dollardan 700 dollara yüksəlib. Bu vəziyyət Balkan dövlətlərini də düşündürür və onları enerji təhlükəsizliyinin təmin olunması üçün yollar axtarmağa vadar edir.
2021-ci ilin iyulunda Avropa İttifaqı ilə imzaladığı müqaviləyə əsasən, Azərbaycan 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdıracaq. Bu gün Yunanıstanın təbii qaza olan tələbatının 18 faizini Azərbaycan ödəyir. Cari ildə Yunanıstana 1,2 milyard kubmetr təbii qazın ixrac edilməsi nəzərdə tutulub. Energetika Nazirliyinin açıqlamasına əsasən, 2028-ci ildə "Ümid" və "Abşeron" yataqlarından böyük həcmdə təbii qazın hasil edilərək dünya bazarına çıxarılması gözlənilir. Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdir ki, bu da uzun müddətdə qaz ixracının artırılmasına imkan verir. Bundan başqa, 2027-ci ilin sonunadək Azərbaycan yaşıl enerji layihələri çərçivəsində 1862 MVt külək və günəş elektrik enerjisi istehsal etməyi planlaşdırıb ki, bu da 1 milyard kubmetr "mavi yanacağa" qənaət etməyə imkan verəcək.
Hazırda Avropanın 4 ölkəsində - Macarıstan, Slovakiya, Çexiya, Avstriyada ciddi enerji problemi gözlənilir. Təsadüfi deyil ki, bu dövlətlərin başçıları Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını ifadə edirlər. Azərbaycan neft və təbii qaz ilə zəngin ölkə olduğu üçün Qərb dövlətlərinin bazarlarına çıxmaq niyyətindədir. Bu baxımdan 2023-cü ildə Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya, həmin ilin dekabrında Serbiyaya rəsmi səfərləri, cari ilin yanvarında Davos İqtisadi Forumunda Xorvatiyanın Baş naziri ilə görüşü qarşılıqlı əməkdaşlığın inkişafı üçün böyük əsaslar yaradıb.
Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.
Yuqoslaviyanın dağılması ilə 1990-cı ildə ilk dəfə olaraq Şimali Makedoniyada çoxpartiyalı sistem üzrə parlament seçkiləri keçirildi və yeni parlament ölkənin prezident və hökumətini seçdi.
Ölkəmizlə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynaması Avropa İttifaqı dövlətlərinin maraqlarını təmin edir.
Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur.
Əminliklə söyləyə bilərik ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın martın 11-də baş tutan Azərbaycana rəsmi səfəri yaxın zamanlarda Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək. İki dövlət başçısının görüşlərindən sonra mətbuata verilən bəyanatlarda qeyd edilib ki, siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir. Ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. İki dövlər başçısının qısa müddət ərzində artıq ikinci görüşü bunun əyani sübutudur.
Dövlətimizin başçısı qeyd edib: “Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır”.
Prezident İlham Əliyev öz bəyanatında bildirib ki, Avropa Azərbaycan qazına ehtiyac duyur. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. Azərbaycandan qaz alan 12 ölkədən 10-nun Avropa ölkəsi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur”. Prezident İlham Əliyev bildirib ki, Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.