Dağıstan prezidenti Azərbaycana müalicəyə gəlib
15-10-2015, 20:49
Rusiya Federasiyasının Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov Azərbaycanda səfərdədir.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, prezident bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.
Qonağa Gəncənin tarixi, mədəniyyəti, şəhərdə aparılan quruculuq işləri barədə məlumat verilib.
Görüşdə gələcəkdə Dağıstanın bir şəhəri ilə Gəncənin qardaşlaşması məsələsi də müzakirə olunub.
Prezidentə Nizami Gəncəvinin “Xəmsə”si hədiyyə olunub.
Görüşdən sonra açıqlama verən R. Abdulatipov səfərinin qeyri-rəsmi xarakter daşıdığını bildirib: “Azərbaycanda qeyri-rəsmi səfərdəyəm. Səfərimin məqsədi müalicə almaqdır. Naftalan şəhərində müalicə olunacağam. Səfər çərçivəsində Gəncə şəhər Heydər Əliyev Park kompleksində oldum. Çox möhtəşəm mərkəzdir. Mən Heydər Əliyevi həmişə özümə müəllim hesab etmişəm”.
Ramazan Abdulatipov Dağıstanla Azərbaycanın yaxın əlaqələrinin olduğunu bildirib.
O, Dərbəndin Dağıstan və Azərbaycan ustaları tərəfindən salındığını, 2000 illiyi ərəfəsində şəhərin yenidən qurulmasına da Azərbaycanın yaxından kömək etdiyini qeyd edib.