Üç rusiyalı oliqarx Ermənistanda hakimiyyətə gələ bilər - İDDİA
16-10-2015, 20:26
Rusiyada yaşayan erməni əsilli biznemsenlər sürətlə öz tarixi vətənlərində siyasi və iqtisadi rıçaqları əllərinə alırlar.
Modern.az xəbər verir ki, bu məsələyə toxunan “Jamanak” qəzeti “Ermənistan elektrik şəbəkəsi” şirkətinin Rusiyada fəaliyyət göstərən “Taşir” şirkətinin prezidenti Samvel Karapetyan tərəfindən satın alınmasını və Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanın ölkədə yeni siyasi partiya yaradaraq 2017-ci il parlament seçkilərində iştirak edəcəyi ilə bağlı anons verməsini həmin prosesin elementləri kimi təqdim edir.
“Bu iki hadisə bir-birilə əlaqəlidir və Rusiyanın Ermənistan siyasətindəki dəyişiklikləri sərgiləyir. Kreml Ermənistandakı Rusiya meylli qüvvələrə daha bel bağlamır və öz erməni mənşəli vətəndaşlarını qabağa verir”.
Qəzetin iddiasına görə, Ara Abramyan partiyanı Karapetyan klanının pulu olmadan yarada bilməz: “Ermənistan elektrik şəbəkəsi”ni satın almaqla Samvel Karapetyan ölkədə ən nüfuzlu oliqarxa çevrilib.
Belə ki, hələ heç bir oliqarx elektrik şəbəkəsi kimi strateji və nəhəng insfrastruktura rəhbərlik etməyib. Abramyan Rusiya hakimiyyətinin sifarişini icra etdiyi üçün Karapetyan ona partiya yaratmaqda yardımçı olmağa məhkumdur”.
Qəzet yazır ki, Qaqik Tsarukyanın siyasətdən getməsindən sonra Ermənistanın siyasi həyatında maliyyə resurslarının çatışmazlığı hiss olunurdu:
“Amma Abramyan siyasi meydana gələrsə və pul xərcləyərsə, onda ölkəınin bütün siyasi həyatına hakim ola bilər. Məhz Abramyan əhalinin kasıb təbəqəsi üçün xilaskar kimi görünə bilər”.
Ara Abramyan - Samvel Karapetyan cütlüyünə daha bir rusiyalı biznemsen – Ruben Vardanyan qoşula bilər. Vardanyanın funksiyalartı isə Ermənistanın liberal dünyagörüşlü elitar zümrəsi ilə razılaşmaqdan ibarət olacaq.
“Jamanak”ın fikrincə, bu 3 rusiyalı oliqarxdan ibarət ittifaq Ermənistanın 2018-ci ildən sonrakı siyasi həyatını müəyyən edəcək: “Ermənistanda yalnız qərbyönlü bir qrup siyasi partiya və şəxs qalacaq. Adıçəkilən “3”lüyün təzyiqi güclü olarsa, bürtün siyasi qüvvələr marginallaşa bilə”.