Xarici ölkələrin dövlət orqanlarında çalışan azərbaycanlılar – SİYAHI

19-10-2015, 11:47           
Xarici ölkələrin dövlət orqanlarında çalışan azərbaycanlılar – SİYAHI
Bu gün dünyanın 70-dən çox ölkəsində 50 milyondan artıq azərbaycanlı yaşayır. Xaricdə yaşayan azərbaycanlıların 10 milyondan çoxu isə mühacirətdə olanlardır. Ümumiyyətlə, xaricdə yaşayan azərbaycanlıların çoxu təşkilatlanıb müxtəlif diaspor qurumları yaradaraq Azərbaycanın təbliğatı istiqamətində addımlar atırlar. Onlar yaşadıqları ölkələrdə tədbirlər keçirmək, medianda çıxış etməklə Azərbaycanı, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa çalışırlar. Diaspor nümayəndələrinin təkcə təşkilatlarla kifayətlənməyib, həmin ölkələrin dövlət qurumlarında çalışmaları isə ölkəmiz üçün böyük avantajdır. Çünki Azərbaycan haqqında mühüm qərarların qəbul olunmasında onlar mühüm rol oynayır. Bəs, xarici ölkələrin dövlət orqanlarında hansı azərbaycanlılar çalışır?
Modern.az saytı bununla bağlı araşdırma aparıb. Məlum olub ki, diaspor nümayəndələrimizin bəziləri Rusiya, Ukrayna və Latviyanın dövlət orqanlarında çalışır.

Roman Əliyev hazırda Latviya Təhsil Nazirliyinin Məşvərət Şurasının sədridir. Fəlsəfə elmləri namizədi olan həmyerlimiz “Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin, eyni zamanda Latviya prezidenti yanında milli azlıqlar üzrə birliyin sədridir.
1982-1987-ci illərdə Riqada 79 saylı orta məktəbdə müəllim, 1987-1992-ci illərdə Riqada Puşkin adına liseydə direktor müavini işləyib və 1992-1993-cü illərdə isə Riqada 83 saylı orta məktəbin direktoru olub. “Elm və Mədəniyyət” qəzetinin üzvü, Riqa Klassik Gimnaziyasının direktorudur. 1998-ci ildə “Yaradıcılıq məktəbi”, “Yaradıcılıq qabiliyyəti və inkişafı”, 1999-cu ildə “Təhsil. Modellər və nəzəriyyələr” və digər elmi məqalələrin müəllifidir.

Estoniyadakı Azərbaycan diasporunun nümayəndəsi Eldar Əfəndiyev 2002-ci ildə Estoniyanın milli münasibətlər və məskunlaşma naziri təyin edilib. Estoniya parlamentinin X və XI çağırışlarının deputatıdır. Estoniya-Azərbaycan Parlamentlərarası işçi qrupunun rəhbəridir.
Eldar Əfəndiyev 1990-cı illərdə Narva muzeyinin YUNESKO-nun nəzdində Beynəlxalq Muzeylər Təşkilatına, 1992-ci ildə isə həmin muzeyin Baltik dənizi ölkələrinin beynəlxalq qala-muzey təşkilatına daxil edilməsinin təşkilatçısı olub. 1997-ci ildə Estoniyada aparıcı partiyalardan olan Mərkəzçilər Partiyasına daxil olub. O, həmin illərdə həm də İda-Virumaa qəzasının yerli özünüidarəetmə ittifaqının sədr müavini vəzifəsində işləyib.
1999-2000-ci illərdə Narva şəhərinin meri olub. Eldar Əfəndiyev 2004-cü ildə Tallin şəhərində fəaliyyətə başlayan “Bakılı” klubunun təsisçilərindən biridir. Narva Humanitar Gimnaziyasının Qəyyumlar Şurasının üzvü, Pro Narva Mərkəzi İdarəsi Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü, “Aleksandr kilsəsi”nin Şura üzvüdür.

Latviya parlamentinin yeganə azərbaycanlı deputatı Roman Naudinş qanunverici orqanın komitələrindən birinin rəhbəri seçilib. 2014-cü il noyabrın sonuna qədər bu ölkənin regional inkişaf və ətraf mühit naziri işləyən Roman Naudinş ötən il oktyabrın 4-də keçirilən parlament seçkilərində iştirak edib və qalib gəlib. Nazir vəzifəsində qalmağı istəməyən azərbaycanlı deputat səs çoxluğu ilə parlamentin İqtisadiyyat, kənd təsərrüfatı, ətraf mühit və regional siyasət komitəsinin sədri seçilib.

Əslən azərbaycanlı Rəşid İsmayılov Rusiya rabitə və kütləvi kommunikasiyalar nazirinin müavinidir. 1988-1991-ci illər aralığında Moskva Kimyəvi Maşınqayırma İnstitutunda dərs deyən həmyerlimiz sonrakı dövrdə informasiya texnologiyaları (İT) üzrə müxtəlif müəssisələrdə çeşidli vəzifələr tutub. “Ericcson Rusiya”, “Nokia Siemens Netvork Rusiya” şirkətlərində bir sıra bölmələrə rəhbərlik edib. Rabitə nazirinin müavini təyinatına qədər Rəşid İsmayılov “Huawei Technologies” şirkətində vitse-prezident kürsüsünü tutub.

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva vilayəti üzrə katibi Araz Mürsəliyev Rusiya Dövlət Dumasının Milli məsələlər üzrə komitəsinin ekspertlər şurasının üzvüdür. “Xalqlar Dostluğu” fondunun təsisçisi və rəhbəri, “Günay” kommersiya firmasının rəhbəri Araz Mürsəliyev Rusiya Dövlət Dumasının deputatı, elm xadimi, professor, Dumanın milli məsələlər üzrə katibi Hacımət Səfərəliyevin 22 iyun 2015-ci il tarixli qərarı ilə şuranın üzvü olub.

Almaniyada da Azərbaycan diasporunun üzvlərindən dövlət orqanlarında çalışanlar var. Bunlardan biri Könül İbrahimova Vinzen şəhərinin Emiqrasiya və İnteqrasiya İdarəsinin rəisidir.

Almaniyada yaşayan daha bir azərbaycanlı Müşfiq Sultanov isə Oyskirxen şəhərinin Emiqrasiya və İnteqrasiya İdarəsi rəisinin birinci müavini vəzifəsində çalışır.

Ukraynada yaşayan və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev isə Ukrayna Nazirlər Kabinetinin tərkibində milli azlıqlar üzrə yaradılan şurada təmsil olunur.

Ukraynada yaşayan digər soydaşımız Paşa İlisuyski (Məmmədov) Ukrayna Xarici İşlər Nazirliyinin Radasına təyinat alıb. O, XİN-in Radasında yer alan yeganə azərbaycanlıdır. Onun üzvü olduğu məsləhətçi şura xarici siyasətdə əsas istiqamətləri müəyyənləşdirir və səfirlərin təyin olunmasında başlıca funksiyaları həyata keçirir. Ukraynada Paşa İlisuyski həm də biznes fəaliyyəti ilə məşğul olub. Bundan öncə isə Azərbaycanın diplomatik xidmətində çalışıb. 2009-2010-cu illər ərzində Azərbaycanın Dubaydakı vitse-konsulu vəzifəsini icra edib.

Digər soydaşımız Aqiyə Axundova Ukrayna İcra Xidmətinin birinci müavini vəzifəsində çalışır. O 2007-ci ilə qədər şəhər məhkəməsində çalışıb. Həmin il isə “Hüquqi Ənənələr” vəkil bürosunda fəaliyyətə başlayıb. 2009-cu il noyabrın 30-da Kiyev şəhər nəzarət-təftiş komissiyası ona vəkilliklə məşğul olmaq üçün müvafiq icazə verir. Aqiyə Axundova “Hüquqi Ənənələr” bürosunda sıravi işçidən direktor müavini və direktor vəzifələrində qədər yüksəlib.
Soydaşımız vəkil kimi cinayət hüququ üzrə ixtisaslaşıb. O, daha çox iqtisadi və vəzifə səlahiyyətlərini aşma sahəsində yol verilən cinayət proseslərində iştirak edib. Dövlət vəzifəsinə təyin olunması ilə əlaqədar Aqiyə Axundova “Hüquqi Ənənələr” hüquqi bürosunu tərk edib. Ukraynada Viktor Yanukoviç hakimiyyətinə qarşı xalq etirazları baş qaldıran zaman Aqiyə Axundova “Maydan” hərəkatı üzvlərinin hüquqlarını qorumaqla məşğul olurdu.

Roman Nəsirov 2014-cü ildə VII çağırış Ukrayna Ali Radasına “Pyotr Poroşenkonun Bloku” Partiyasından deputat seçilib. Ali Radanın vergi və gömrük siyasəti komitəsinin sədridir. 2000-ci ildə Çerniqov Dövlət İqtisadiyyat və İdarəetmə İnstitutunu maliyyə ixtisası üzrə bitirən Roman Nəsirov 2001-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin hüquq ixtisasını bitirib. Şərqi London Universitetinin (University of East London) maliyyə və beynəlxalq menecment üzrə MBA dərəcəsi var. 2005-ci ildə ABŞ Cantor Fitzgerald/BGC investisiya bankının London ofisində broker kimi işə düzəlib. 2008‑ci ildə Ukraynaya qayıdıb və Concorde Capital-ın qiymətli kağızlar istiqamətinə rəhbərlik edib. 2009-cu ildə “Renaissance” Kiyev filialına rəhbərlik edib. 2014-cü ildən deputat seçilənə qədər “BTQ Paktual Komoditic” MMC-nin direktoru olub.

Kiyev dövlət telekanalının əməkdaşı işləmiş digər soydaşımız Rəna Nəzərova isə Kiyev Şəhər Şurasına deputat seçilib. O, “Kiyevski forum” televiziya layihəsinin müəllifi və aparıcısıdır. 2006-cı ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Jurnalistika İnstitutunu bitirib. 2002-ci ildən televiziyadadır. Səkkiz il ərzində Kiyev dövlət televiziyasında bir neçə proqramın müəllifi və aparıcısı olub. O, Ukrayna Milli Jurnalistlər İttifaqının üzvüdür. Ukrayna paytaxtının ictimai həyatında mühüm rol oynayır.
Rəna Nəzərovanın əri Yuri Zbitnev keçmiş tanınmış siyasətçi və biznesmendir. O, indi Vətəndaş Konstitusiya Konqresinin icraiyyə komitəsinin və “Yeni güc” Partiyasının rəhbəridir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.