12 saniyədə su tapançası ilə bank yarıldı
20-10-2015, 13:28
Avstraliya vətəndaşı olan bir gənc cəmi 12 saniyə ərzində Banqkok bankında oğurluq etməyə nail olub. Bunun üçün o, oyuncaq tapançadan istifadə edib.
ANS PRESS-in məlumatına görə, qısa zaman ərzində dünyaya səs sala bilmiş bu oğurluğun məqsədi, gənc oğrunun özünə təyyarə bileti almaq üçün pulunun olmaması imiş.
Oğurluq isə çox sadə və ənənəvi qaydada həyata keçirilib. Oğlan əlində oyuncaq tapança tutaraq banka daxil olub və tapançanı başqa insanların gözü qarşısındaca kassirə tuşlayıb.
Təşvişə düşmüş kassir tələsik halda oğruya 170 min bat verib ki, bu da təxminən, 4800 ABŞ dolları edir. Pulu əldə edən oğru dərhal bankı tərk edərək qaçmağa başlayıb. Amma o, elə də uzağa gedə bilməyib, bir neçə dəqiqə sonra polislər tərəfindən yaxalanıb.
Oğru 23 yaşlı Avstraliya vətəndaşıdır. O, maliyyə çətinlikləri yaşadığı üçün ölkəsinə qayıda bilmədiyini, bilet almaq üçün oğurluq yolunu seçdiyini etiraf edib.Yerli hüquq-mühafizə orqanları Avstraliya səfirliyinə hadisə ilə bağlı məlumat veriblər. Hazırda 10 ilə qədər həbs cəzası ala biləcəyi gözlənilən oğrunun istintaqı davam edir.