"WikiLeaks" yeni qalmaqala imza atır — CIA rəhbərinin yazışmaları dərc olundu

22-10-2015, 12:31           

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi "WikiLeaks"in hədəfində

Ölkə.Az xəbər verir ki, bağlı hökumət materiallarının dərc olunması üzrə ixtisaslaşmış "WikiLeaks" saytı bu dəfə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (Central Intelligence Agency) başçısı Con Brennanın yazışmalarını dərc etməyə başlayıb.

Kəşfiyyat qurumuna aid olan poçt Brennanın şəxsi qutularından birində yerləşib. Bu hesab hökumətin sistemində olmayıb.

Məlumata görə, Brennanın vəzifəyə təyin olunmazdan əvvəl doldurduğu 47 səhifəlik anketi yayımlanıb. Bu anketin SF86 adlanan forması bioqrafik məlumatların əlavə edilməsini nəzərdə tutur.

Bundan əlavə, saytda İrandakı vəziyyət, onun siyasəti və bu ölkənin hakimiyyəti ilə qarşılıqlı münasibətlərlə bağlı tövsiyələrlə bağlı analitik məktub yerləşdirilib.

2001-ci il 11 sentyabr terror aktından sonra terrorçuluq fəaliyyətində şübhəli bilinən şəxslərə işgəncələrin verilməsinə həsr olunmuş materiallar da dərc olunan məlumatlar arasındadır.

Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency) ABŞ hökumətinə tabe olan kəşfiyyat orqanıdır. İdarənin əməkdaşlarının sayı gizlin saxlansa da, onların təxminən 20.000 nəfər olduğu təxmin edilir. İdarə 1947-ci il sentyabrın 18-də qurulub.

"WikiLeaks" dövlət, korporasiya və digər təşkilatlara məxsus olan sızdırılmış məxfi məlumat və sənədləri dərc edən beynəlxalq sosial internet layihədir.

Bu saytda Azərbaycana və birbaşa Azərbaycan hökumətinə aid sənədlər də dərc olunub. Azərbaycan Prezidentinin Mətbuat Xidməti isə bu materialları Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini korlamaq, ölkə başçıları arasında inamsızlıq və etimadsızlıq yaratmaq məqsədi daşıyan açıq təxribat adlandırmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.