Putin Əsədi Moskvaya necə gətirdi və geri qaytardı...

24-10-2015, 20:50           
Putin Əsədi Moskvaya necə gətirdi və geri qaytardı...
Suriya diktatoru, 4 ildir davam edən vətəndaş müharibəsində yüz minlərlə vətəndaşının ölümünə bais olan Bəşər Əsədin oktyabrın 20-də Moskvaya qəfil səfərinin necə təşkil olunduğunu rəsmi mənbələr açıqlamayıb.

Əsəd 4 ildə ilk dəfə Suriyanı tərk etmişdi. Lakin necə ola bilər ki, Suriya diktatoru hava məkanında xarici hərbi aviasiyanın qaynaşdığı ölkəsini tərk edə bilib?

İsveçrənin “Le Temps” qəzeti yazır ki, rusiyalı aviabloqqerlərin əldə etdikləri məlumatlara görə, Əsədin Moskvaya səfərinin təşkili əsl casus filmlərinin epizodunu xatırladır.

AlexFly35 şərti adlı blogger Rusiya prezidenti Vladimir Putinin suriyalı müttəfiqini Moskvaya gətirmək və geri qaytarmaq üçün hansı resursları işə saldığını müəyyənləşdirib. Blogger Flightradar saytından və öz mənbələrindən əldə etdiyi məlumatlar əsasında Bəşər Əsədin Suriyanın Latakiyə şəhərindən Moskvaya və geriyə yolunu izləyə bilib.

Məlum olur ki, oktyabrın 20-də səhər saatlarında Bəşər Əsəd Rusiyanın Suriyanın Latakiyə şəhərindəki aviabazasına gedib. Orada o, Moskva ətrafında yerləşən Çkalovsk hərbi aerodromundan göndərilmiş İl-62 təyyarəsinin göyərtəsinə qalxıb. “Prezident salonu” və xüsusi rabitə vasitələri ilə təchiz edilmiş bu təyyarə İraq və İranın hava məkanından keçib. Daha sonra Xəzər dənizi üzərindən uçub və Həştərxan istiqamətindən Rusiyanın hava məkanına daxil olub.

Virtualaz.org saytı xəbər verir ki, Çkalovsk aerodromunda təyyarə Moskva vaxtı ilə 14:20-də yerə enib. Kremldə Putinlə görüşəndən dərhal sonra Əsəd yenidən Çkalovsk aerodromuna aparılıb və orada eynilə həmin təyyarənin bənzərinə minib. Təyyarə həmin marşrutla geri qayıdıb.

Oktyabrın 21-də Rusiya hakimiyyəti Bəşər Əsədin Moskvaya səfər etdiyini açıqlayanda Suriya diktatoru artıq Latakiyə aerodromuna geri qayıtmışdı.

Çkalovsk aerodromunda Rusiya Müdafiə Nazirliyinin 223-cü uçuş dəstəsi dislokasiya olunub. Bunlar əsasən “An” və “İl” tipli hərbi nəqliyyat təyyarələrindən ibarətdir. Bu təyyarələr təkcə Rusiya hərbçilərini kurortlara daşımır, ekspertlər qeyd edir ki, həmin hərbi hissə göstərişləri birbaşa Kremldən alır və xüsusi təyinatlı dəstələrin döyüşçülərinin təyin olunmuş nöqtəyə daşınmasını həyata keçirir.

Rusiya xəlvəti olaraq Suriyaya hərbi ləvazimatlar və aviabaza qurmaq üçün lazım olan vasitələr daşıyanda da bu aviadəstənin təyyarələrindən istifadə edilib.

Lakin İsveçrə nəşri yazır ki, sentyabrın 8-də görünməmiş hadisə baş verib: Bolqarıstan Çkalovsk aviadəstəsinin təyyarələrinə ölkənin hava məkanından keçməyi qadağan edib. Təyyarələrin bəziləri yoldan geri qayıdıb, biri isə Bolqarıstanın hava məkanından keçə bilib.

Bu insidentə görə Bolqarıstanın aviasiya xidmətinin işçiləri soyuq tər tökməli olublar.

Bolqarıstanın hava məkanını bağlamasından sonra Rusiya diplomatik kanallarla yeni marşrutu razılaşdırıb. Moskva Azərbaycan, İran və İraqı Rusiyanın Suriya əməliyyatlarına mane olmamağa inandırıb. Və Suriyaya göndərilən Rusiya bombardmançıları bu ölkələrin hava məkanından keçməklə Latakiyə aerodromuna enib.

Lakin Suriya səmasında ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın təyyarələri də uçduğundan Rusiya təyyarələri ilə toqquşma riski var idi. Nəhayət, oktyabrın 20-də Rusiya ilə ABŞ nümayəndələri Suriyanın hava məkanında insidentlərin qarşısının alınmasına dair protokol imzalayıb. Və həmin gün Bəşər Əsəd Moskvaya uçub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.