Ruslar İŞİD cəlladını belə vurdular - VİDEO
21-11-2015, 11:44
İŞİD-in canlı yayımda baş kəsmək, adam yandırmaq və s. qeyri-insani üsullarla əsirləri edam etməkdə məşhur olan cəlladı Əbu əl Həmzani elə canlı yayımda məhv edilib. ANS PRESS-in məlumatına görə, Türkiyə mətbuatı İŞİD mənbələrinə istinadən bildirib ki, terror qruplaşmasının cəlladı növbəti video-müraciətini hazırlayarkən Rusiya qırıcıları tərəfindən raketlə vurulub.
Həmzani videodakı çıxışında, strateji əhəmiyyətə malik bir təpəni Allahın köməyi ilə ələ keçirdiklərini deyir. Bu vaxt onun dayandığı yeri hədəfə götürən Rusiya təyyarəsi terrorçunu bir anda məhv edir.
Qurbanlarını müxtəlif vəhşi üsullarla edam edərək bunu videoya çəkən və bu görüntülərdən terror qruplaşması üçün təbliğ vasitəsi kimi istifadə edən Əbu əl Həmzani eyni aqibətə düçar oldu.
Rusiya hərbi aviasiyası sentyabrın 29-dan bəri Suriyada Əsəd rejimini dəstəkləmək üçün İŞİD terrorçularına qarşı mübarizə aparır. Mətbuatda, rus qırıcılarının vaxtaşırı Azad Suriya Ordusu adlı müxalifləri və Bəşər Əsədi dəstəkləməyən mülki əhalini də bombardıman etdiyi bildirilirdi. İki gün əvvəl isə Rusiya hərbi aviasiyası Bəşər Əsəd qüvvələri ilə birlikdə türkmənlərinm yaşadığı bölgələri bombardıman edib.
Məsələ ilə əlaqdar Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. Türkiyə tərəfi Suriyada türkmənlərin yaşadığı ərazilərə zərbələr endirməsi ilə əlaqədar bu ölkəyə etirazını bildirib. Türkiyə Rusiya hərbçilərini Suriya türkmənlərinin yaşadığı Bayırbucak qəsəbəsinə aviazərbələr vurmaqda ittiham edir. Suriya türkmənləri Suriyanın şimalında yaşayan türk xalqıdır. Bu ölkənin ən böyük etnik qruplarından biri sayılır.