Çətin ki, Şərif Ağayarı dayandırmaq mümkün olsun!
Bu gün, 11:44

Şərif Ağayarın “Rəng mühəndisi”n oxudum. Doğrusu oxuya-oxuya çox düşünmüşəm bu roman haqqında və gəzməyə çıxanda da onunla danışmışam, düzünə qalsa yaddaşını itirmiş Zığ adasının (dövlətinin) sakinləri yadımdan çıxmayıb. Şərif Ağayarın əsərlərinin çoxunu oxumuşam. “Rəng mühəndisi” bir az onlardan deyil, nədirsə yeni bir şeydir. Roman xarici dillərə, xüsusiylə ingilis dilinə tərcümə olunsa geniş oxucu dairəsi qazana bilər.
Şərif bəyin hekayələrindəki həzinlik burada yoxdur, əvəzində sərt sarkazm, acı ironiya var. Romanın təsir gücü böyükdür, hadisələr dramatik (bir az da dedektivari fantastika) süjet xətti üzrə qurulduğu üçün oxucunu gərginlikdə saxlayır.
Zığ adası başdan ayağa zığın içindədir və bu uzun əsrlər boyu içində addımladığımız zığ deyil, qana bələnmiş boz karyer tozundan yoğrulmuş zığdır. Pepellər imperiyasının əyalətinə çevrilən bu adada cərəyan edən hadisələr də iki rəngdədir: boz və qırmızı. Məhərrəmin itirilmiş yaddaşı da bu iki rəngdən başqa ayrı rəng seçə bilmir.
Bu yaddaş itirilməsi bir az da mənə Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanında Jolomanı xatırlatdı. Juanjuanlarla Pepellər arasında sanki mifik qohumluq var. Lakin yaddaşın itirilməsi Jolomanın başındakı işgəncə papağında, Məhərrəmin isə başının içində, beynində qanla tozun qarışımasındadır. Məhərrəm yaddaşın itirsə də mifik manqurt Jolomanla müqayisədə daha mübarizdir və hətta o qədər mübarizdir ki, polisi belə qanına qəltən edir.
Haradasa mənə belə gəldi ki, Şərif Ağayar deyə bilmədiklərinin hamısını bu romanda yazıb. Zığ işğal olunmuş mifik bir əyalət adası (dövləti) olsa da, hadisələr günümüzdə cərəyan edir. Romanın bir sıra səhnələri sanki gözümüzün qarşısında baş verir.
Əsərin qəhrəmanları kolbasa yeyəndə mifiklikdən çıxıb günümüzə gəlirlər, bizim müasirlərimiz olurlar. Mifik ada kimi Zığ, adı çəkilməsə də öz polis, öz nəzarətçisi və hətta öz zurnası ilə gözümüzün qabağında Azərbaycan boyda coğrafi bir məkana çevrilir. Tək qollu Murad karyerdə işləyir və polislər də onun tək qolunu buraraq maşına basırlar. Romanın maraqlı cəhəti yaddaşını itirmiş cəmiyyətdə ədalət axtarışıdır.
Roman həm də dil hadisəsidr. Az qala romanın hər səhifəsində dil hadisəsi və dilin gücü ilə qarşılaşırsan. “Zurnaçı püləməyini saxlamadan çevrilib ağı böyümüş gözlərlə yanındakı pepelə baxdı”, “Dövlət sizi orfoepik məsuliyyətə dəvət edir...”, “Yeni kəsilib tökülmüş nəm kubiklər üşüyürdü”, “Ana itin ifrat optimizmi” və sair. Ədəbi material, mətn çox güclüdür. Bəzi deyimlər adamı sehrinə salır. Yaddaşını itirmiş Məhərrəmin həyatında çox az sevincli məqamlardan biri həvədiş Bəxtiyarla ritorik söhbətlərdə hirslənməyi unutmamaqda idi. Yeri gəlmişkən romanda bəji jarqon ifadələrə və texoloji terminlərə də təsadüf edilir. Bəlkə də bunlara ehtiyac yox idi. Bəzən hətta bu jarqon ifadələri əsərin "müasirliyi" kimi təqdim edirlər. Bu roman həmin ifadələrsiz də müasirdir.
Ola bilsin ki, tənqidçilər romanın bəzi məqamlarını mübahisələndirsinlər. Mən oxucu təəssüratımı bölüşürəm. Lakin mübahisə və tənqid bu əsəri zəiflətməyəcək, əksinə onu daha da gücləndirəcək, oxucunun gözündə təpərli edəcək.
Mən vaxtı ilə ötən əsrin 60-cı illərinin ictimai fikrin tarixi baxımdan araşdıranda orada maraqlı bir məqam müşahidə etdim. Həmin vaxt roman və povestlər əvvəlcə hissə-hissə “Azərbaycan” jurnalında nəşr edilirdi. İsa Hüseynov hər povestinin ilk fəsilləri jurnalda nəşr olunanda tənqidçilərin səbri çatmırdı sonrakı fəsilləri gözləsinlər. Onlar yazırdılar ki, əgər povestin sonrakı fəsilləri də belə olacaqsa, onu bəri başdan dayandırmaq lazımdır.
Həyat sübut etdi ki, əsl ədəbiyyat elə İsa Hüseynovun o mübahisəli, süngü ilə qarşılanan, nəşrinin dayandırılması tələb edilən əsərləridir. Çətin ki, Şərif Ağayarı dayandırmaq mümkün olsun! Çünki “Rəng mühəndisi” öz müəllifinə həm də ədəbiyyat mühəndisi vəsiqəsi verdi.
Cəmil Həsənli
Milli Şuranın sədri.
Azadlıq Qəzeti