Müharibə yayı: “sönmüş” Stalini böhrandan necə çıxardılar?
Bu gün, 11:24

Ruhdan düşmüş, bağ evinə çəkilmiş rəhbər hakimiyyət başına qətliamla qayıtdı
1941-ci il iyunun 22-də səhər saat 4 radələrində Baş Qərargah rəisi Georgi Jukov sovet rəhbəri İosif Stalinə zəng etməyə başladı. Zəngin səbəbi aydın idi: alman aviasiyası artıq SSRİ-nin şəhərlərini bombalayırdı. Mühafizəçi Stalini oyatdı və ona xəbər verdi. Səhər saat 4:30-a yaxın, Siyasi büro üzvləri Kremlə toplaşanda vəziyyət tam aydın idi: müharibə başlamışdı. Lakin Stalin hələ də bunun bir təxribat ola biləcəyinə ümid edirdi. Xarici işlər naziri Vyaçeslav Molotov Almaniya səfirinin rəsmi şəkildə ölkəsinin SSRİ-yə müharibə elan etdiyini bildirənə qədər, cavab atəşi açmağa icazə vermədi.
Baş Qərargah rəisi Jukov dərhal düşmənə qarşı əks-hücum əmri verilməsini təklif etdi. Stalin bu təklifə — 2 saylı direktivə — razılıq verdi, lakin qoşunlara xüsusi göstəriş olmadan sərhədi keçməməyi tapşırdı. Həmin gün Stalinin növbəti göstərişi isə real vəziyyətə uyğun olmayan 3 saylı direktiv oldu: bu direktivdə düşməni öz ərazisində darmadağın etmək tələb olunurdu.
“Gözləmək və müşahidə etmək”
Baş verənlərdən sarsılan Stalin, faciənin başladığı gün xalq qarşısında çıxış etməməyi qərara aldı, baxmayaraq ki, hökumət başçısı idi. O, mümkün xalq qəzəbindən və şokundan yayınmaq istəyirdi və rəsmi bəyanat verməyi Nazirlər Soveti sədrinin müavini və xarici işlər naziri olan Vyaçeslav Molotova həvalə etdi. Anastas Mikoyanın xatırladığına görə, Siyasi büro üzvlərinin bir hissəsi Stalinin çıxış etməsini təklif etsə də, o, “siyasi səbəblərə görə” bundan imtina etdi və vəziyyətin qeyri-müəyyənliyini əsas gətirdi. Molotov bu qərara belə bəraət verirdi: “Siyasətçi kimi o, gözləməli və bir qədər müşahidə etməli idi. Çünki onun çıxış üslubu çox dəqiq idi, o vaxt isə situasiyanı dərhal qiymətləndirib aydın mövqe ortaya qoymaq mümkün deyildi. Dedi ki, bir neçə gün gözləyəcək və cəbhələrdəki vəziyyət aydınlaşanda çıxış edəcək”.
Belə də oldu. 22 iyun günü saat 12:15-də, Mərkəzi Teleqraf binasından çıxış edən Molotov — həm də Xarici İşlər Xalq Komissarlığının rəhbəri olaraq — sovet diplomatiyasının iflası ilə bağlı ictimai məsuliyyəti üzərinə götürdü. Almaniyanın hücumu “gözlənilməz” adlandırıldı, sovet rəhbərliyi hücum etməmək haqqında pakta əməl etdiklərini isbatlayırdılar. Molotovun səsləndirdiyi müraciət nikbin idi: “Sovet İttifaqı hökuməti əmindir ki, şücaətli ordumuz və donanmamız, sovet aviasiyasının cəsur şahinləri vətən qarşısındakı borclarını şərəflə yerinə yetirəcək, düşmənə sarsıdıcı zərbə vuracaqlar”. Yeni Vətən müharibəsində Hitlerin və ordusunun 1812-ci ildəki Napoleona bənzər aqibətlə qarşılaşacağı vəd olunurdu. Çıxış bu şüarla başa çatırdı: “İşimiz haqq işidir. Düşmən məğlub ediləcək. Qələbə bizim olacaq!”. Belə də oldu, lakin bu qələbə uğrunda demək olar ki, dörd il ərzində inanılmaz itkilərlə döyüşmək lazım gəldi.
Müharibənin başlanğıcı fəlakətli idi: alman aviasiyasının bombaladığı aerodromlarda məhv edilmiş və ya sıradan çıxarılmış aviatexnika, çöllərdə yanan və ya tərk edilmiş yüzlərlə tank və ən əsası — Şimal-Qərb və Qərb cəbhələrində alman ordusunun müdafiəni yarması. Qırmızı ordu Baltikyanı respublikaların ərazisində böyük itkilər verə-verə geri çəkilirdi. Belarusiyadakı Qərb cəbhəsində vəziyyət Moskvaya tam məlum deyildi, amma fəlakətli olması aydın idi. Vermaxtın irəliləyən tank qruplarının “kəlbətinləri” Minskdən qərbdə qapanacaqdı. Qoşunların idarə olunması, faktiki, itirilmişdi. Nə baş verdiyini Kremldə anlamırdılar.
Moskvadan cəbhələrə emissarlar göndərildi. Məsələn, Georgi Jukov Cənub-Qərb cəbhəsinə uçdu — burada şimaldan fərqli olaraq Qırmızı ordunun daha çox qüvvəsi cəmlənmişdi və onlar hücumu gözləyirdilər. Baş Qərargah rəisi Ukrayna ərazisində əks-hücumlar təşkil etməyə çalışdı. Əvvəlcə müəyyən uğurlar əldə edilsə də, mexanikləşdirilmiş korpuslar döyüşə hissə-hissə daxil edilirdi, tank briqadaları düşməni itirərək vurnuxurdlar. Bir sözlə, cəbhənin ən yaxşı hissələri ağır itkilər verərək xaos içində geri çəkilməyə məcbur oldular.
Sevinəcək bir şey yox idi. SSRİ Xalq Komissarları Sovetinin işlər müdiri Yakov Çadayev Stalini 22 iyun günü görmüşdü: “Onun görünüşü yorğun, tükənmiş və kədərli idi. Çillərlə örtülü sifəti solmuşdu. Üzündən ruh düşkünlüyü yağırdı”.
Bolqar vasitəçi
Stalin hər gün onun kabinetində xeyli vaxt keçirən NKVD rəhbəri Lavrenti Beriyaya, çox güman, 24 iyun ətrafında olduqca məxfi bir tapşırıq verdi. Ona Almaniyanın mövqeyini öyrənməyi tapşırdı: güzəştlər hesabına müharibəni dayandırmaq mümkündürmü? Bu məqsədlə Bolqarıstanın Moskvadakı səfiri, guya Almaniyada yaxşı əlaqələrə malik İvan Stamenovdan istifadə etməyi təklif etdi.
Bu əməliyyat NKVD-nin sınaqdan çıxmış əməkdaşlarından biri Pavel Sudoplatova tapşırıldı. O, Lev Trotskinin və Ukrayna millətçisi Yevgeni Konovaltsın öldürülməsi əməliyyatlarında iştirak etmişdi.
Pavel Sudoplatov 1953-cü ildə, Stalin ölümündən sonra SSRİ rəhbərliyinə verdiyi hesabatda bildirirdi ki, 1941-ci il iyunun 25-27-də Lavrenti Beriya onu çağıraraq belə bir tapşırıq verib: “Beriya mənə dedi ki, Sovet hökumətinin belə bir qərarı var — qeyri-rəsmi yolla öyrənmək lazımdır ki, Almaniya hansı şərtlər altında SSRİ ilə müharibəni dayandırmağa və alman-faşist qoşunlarının irəliləməşini durdurmağa razı olar. Beriya izah etdi ki, bu qərar Sovet hökumətinə vəziyyətdən çıxmaq və qüvvələri toplamaq üçün vaxt qazanmağa imkan verməlidir. Bu məqsədlə mənə NKVD-nin məlumatına görə almanlarla əlaqəsi olan və onlar tərəfindən yaxşı tanınan SSRİ-dəki Bolqarıstan səfiri Stamenovla görüşməyi tapşırdı”.
Beriya Stamenovla söhbət zamanı dörd məsələ qaldırmağı əmr etdi. Bu sualları o, qeyd dəftərçəsinə baxaraq sadalayırdı və onların məzmunu belə idi:
1953-cü ildə dindirmə zamanı Lavrenti Beriya Stalindən belə bir tapşırıq aldığını təsdiqlədi, birinci və ikinci sualların verildiyini açıq şəkildə qəbul etdi. 3 və 4-cü bəndlərə gəldikdə isə izah etdi ki, söhbət bu ərazilərin yalnız bir hissəsindən getməli idi.
Moskvadakı Bolqarıstan nümayəndəsi İvan Stamenov “Araqvi” restoranına, Beriyanın şəxsi katibi kimi təqdim edilən Pavel Anatolyeviç Pavlov adlı bir şəxslə görüşə dəvət olundu. Əslində bu şəxs Pavel Sudoplatov idi. Görüşü təşkil edən isə Stamenova tanış olan və özünü Pavel Dneprov kimi təqdim edən başqa bir NKVD əməkdaşı Pavel Juravlyov idi.
Söhbət zamanı Sudoplatov Stalin tərəfindən verilmiş sualları səsləndirdi və Stamenovu dinlədi. Diplomat son dərəcə nikbin idi: o, SSRİ-nin qalib gələcəyinə əminliyini bildirdi. Heyrətamiz mənzərə: çekistlərin alman agenti saydıqları səfir onlara vətəni sevməyi öyrədirdi.
İyunun sonlarında Stalində yaranmış əhval-ruhiyyəni anlamaq çox vacibdir. Gözləntilərində yanılmış Stalin hələ də Hitlerlə anlaşma axtarırdı. NKVD-nin Berlindəki mənbələrindən biri — “Litseist” kod adı ilə tanınan və əslində gestapo üçün çalışan və sovet rezidenti Amayak Kobulova dezinformasiya ötürən agent bir dəfə xəbər vermişdi ki, müharibə başlasa, Hitler Stalinə Uralda, məsələn, Sverdlovskda SSRİ-nin başında qalmağa icazə verməyə hazırdır. Bu şəxs — jurnalist Orest Berlinks — görünür, bu dəfə doğru məlumat ötürmüşdü: çünki Hitler artıq 1942-ci ildə stol arxasında deyirdi ki, Stalini məğlub edilmiş və Asiyaya sıxışdırılmış SSRİ-nin başında saxlamaq olar — çünki yalnız o, rus xalqı ilə necə rəftar etməyi bilir.
Hərbi fəlakət şəraitində Stalin Brest sülhünün yeni variantını axtarırdı. Molotov-Ribbentrop paktı dövründə əldə edilmiş əraziləri — xeyli əhalisi olan torpaqları — hakimiyyətdə qalmaq müqabilində güzəştə getmək istəyirdi, amma Asiyada deyil, məhz Moskvada qalmaq şərti ilə. Görünür, Stalin hələ başa düşməmişdi ki, Hitler 22 iyundan əvvəl də, sonra da yalnız gücə arxalanır və genosid metodlarından istifadə edərək Avropanı Almaniyanın maraqlarına uyğun şəkildə sırf hərbi yolla yenidən qurmaq niyyətindədir.
Bəs Stalin və Beriyanın emissarı olan Sudoplatovun bolqar diplomatla görüşü nəyə gətirib çıxardı? Görüşün zahirən aydın nəticələri olunmadı. Bolqarıstan səfirliyinin şifrəli yazışmalarına NKVD nəzarət edirdi. Sudoplatovun xatirələrinə əsasən, bu yazışmalarda nə Stalinin Hitlerə ünvanladığı sualların siyahısı, nə də gizli görüş haqqında məlumat yer almışdı. Çekistlər şübhələnirdilər ki, Stamenov bəlkə daha etibarlı bir kanal vasitəsilə bu məlumatı ötürmüş ola bilər. Amma bu, inandırıcı deyildi: Almaniyadan heç bir reaksiya gəlmədi və Stalinin təşəbbüsünün Berlində eşidildiyini sübut edən heç bir iz tapılmadı. Buna baxmayaraq, alman-sovet müharibəsinin başlanğıcından danışarkən belə bir təşəbbüsün mövcudluğu, bu təşəbbüsün sovet diktatoruna və onun ətrafına ilk işğal günlərində qeyri-real ümidlər verməsi faktı nəzərə alınmalıdır.
Stalinin iradəsinin icraçısı kimi Pavel Sudoplatov tapşırığın öhdəsindən gəldi. Lubyankada əmr edildiyi kimi, Stalin ölənə və Beriya həbs olunana qədər bu barədə danışmadı. Amma bu riskli söhbətə görə heç bir mükafat almadı, əksinə, təhlükə ilə üzləşdi. Tarixçi Nikita Petrova görə, müharibədən sonra, 1950-ci ildə dövlət təhlükəsizlik naziri Viktor Abakumov Nazirlər Soveti sədrinin müavini Lavrenti Beriyaya məlumat verdi ki, Stalin Sudoplatovu həbs etmək lazım olduğuna işarə edib. Beriya onu fikrindən daşındırdı — təcrübəli qatili saxlamağı tövsiyə etdi. Abakumov bu işi təxirə saldı, sonra da özü həbs olundu və istintaqa cəlb edildi. Sudoplatov isə artıq 1953-cü ildə, “Beriya dəstəsi”nin üzvü kimi həbs edildi. Stalin göstərişi ilə həyata keçirdiyi siyasi qətllərə (Şumski, Romja və başqaları) görə 15 il həbsdə yatdı, lakin ömrünün sonunda, 1992-ci ildə bəraət aldı.
Sudoplatov öz xatirələrində daha bir inanılmaz versiya irəli sürür: guya Kremlin Almaniyaya müraciəti haqqında mümkün məlumat sızıntısı ilə ABŞ və Böyük Britaniyanı narahat edərək antihitler koalisiyasının yaradılmasını sürətləndirmək məqsədi güdülürdü. Halbuki, əslində SSRİ-nin Almaniya ilə gizli danışıqlara cəhd etdiyi məlum olsaydı, bu, London və Vaşinqtonun SSRİ-yə hərbi yardımını yalnız çətinləşdirərdi.
Əsəb sarsıntısı astanasında olan diktator
Qayıdaq müharibənin başlanğıcındakı Stalinə. Görünür, Hitlerin fikrini öyrənmək göstərişi və cəbhələrdə vəziyyətə nəzarət etməyə çalışması bir müddət onu ayaqda saxladı. Gec saatlarda və gecə vaxtı genişləndirilmiş Siyasi Büronun tükənməz iclaslarını keçirirdi. Onun adi iş günü saat 16–17-də başlayır, gecə 1-2-yə qədər davam edirdi; bu müddətdə müşavirələrə gündə 10-dan 30-a qədər adam gəlirdi. Əks-zərbələr endirmək, ehtiyat qüvvələri cəbhəyə yollamaq kimi tələblərlə yanaşı, vəziyyətlə uyğunlaşmayan qərarlar da qəbul olunurdu. Məsələn, Dövlət Plan Komitəsinin təklifi ilə Siyasi Büro Ukraynanın artıq almanlar tərəfindən işğal olunmuş qərb bölgələrinə taxıl göndərilməsi barədə qərarı təsdiqləmişdi.
Pis xəbərlər və gecələr oyaq qalmaq sovet diktatorunu əsəb sarsıntısına sürüklədi. Georgi Jukov yazırdı ki, Stalin “özünü ələ almağı, hadisələrə qətiyyətlə rəhbərlik etməyi bacarmırdı. Düşmənin hücumu ona o qədər güclü şok yaşatmışdı ki, səsinin tembri zəifləmişdi, silahlı mübarizənin təşkili üzrə göstərişləri bəzən real vəziyyətə uyğun gəlmirdi”. Amma SSRİ rəhbərləri əsassız uğur ümidləri dünyasında yaşamağa davam edirdilər. Ayılma prosesi yalnız ərazilərin itirilməsi və ordunun geri çəkilməsi barədə Stalinin inanmaq istəmədiyi xəbərlər gələndən sonra baş verdi. Ölkənin üzləşdiyi fəlakətin miqyası artıq aydınlaşmağa başladı. Tamamilə aydındır ki, hərbi-siyasi rəhbərlik bu cür inkişaf ssenarisinə hazır deyildi.
İyunun 28-dən 29-na keçən gecə Stalinin iş günü başa çatdı. Onun Anastas Mikoyan və Lavrenti Beriya ilə görüşü saat 00:50-də sona yetdi. Görünür, bu zaman Kremlə nasistlərin Minsk şəhərini ələ keçirdiyinə dair hələ təsdiqlənməmiş məlumatlar gəlib çatdı. Jukov yazır ki, həmin gün onun və marşal Timoşenkonun Stalinlə iki görüşü olub. Birinci görüş saat 23:15-də yekunlaşdı. Qərb cəbhəsindəki vəziyyət barədə dəqiq informasiya almaq mümkün olmurdu. Hadisələrdən narazı qalan Stalin Molotov, Malenkov, Mikoyan və Beriyanı da götürərək, Baş Qərargaha yollandı. Müdafiə naziri Timoşenko və Baş Qərargah rəisi Jukovla vəziyyət bir daha müzakirə olundu. Əvvəlcə Stalin sakit davranır, baş verənləri anlamağa çalışırdı: “Niyə almanların cəbhəni yarmasına imkan verdiniz?” – deyə hərbçilərdən hesabat tələb edirdi.
Jukov izah edirdi ki, Qərb cəbhəsi komandanlığı ilə əlaqə kəsilib və gün ərzində bərpa etmək mümkün olmayıb. Deyirdi ki, adamlar göndərilsə də, əlaqəni bərpa etməyin nə qədər vaxt aparacağı məlum deyil. Təxminən 30 dəqiqə müzakirələr nisbətən sakit gedirdi. Amma sonra Stalin qəzəbləndi: “Bu nə Baş Qərargahdır, nə Qərargah rəisidir belə? Özünü itirib, qoşunlarla əlaqə yoxdur, kimsəni təmsil etmir, kimsəyə komandanlıq etmir. Qərargah rəhbərlik etməkdə acizdir!” Bu ifadələr Jukov üçün çox təhqiramiz idi və o, başqa otağa keçdi. Mikoyanın yazdığına görə, Jukov gözündən yaş gələcək qədər incimişdi. Ordu generalını sakitləşdirməyə Molotov getdi. Mübahisənin bütün iştirakçıları özlərini pərt hiss edirdilər. Jukov 10 dəqiqədən sonra geri döndü. İş kadr dəyişikliyinə getmədi: görünür, Stalin anlayırdı ki, Moskvada əlinin altında başqa komandanlar yoxdur. Daha sonra isə aşağı səviyyəli komandirlər əziyyət çəkəcəkdi. Qərb cəbhəsinə artilleriya marşalı Qriqori Kulik və Siyasi İdarə rəisi Lev Mexlis göndərildi. Birinci sonralar möcüzə nəticəsində mühasirədən çıxa bildi, ikinci isə Qərb cəbhəsi komandanlığının – ordu generalı Dmitri Pavlov da daxil olmaqla – dəyişdirilməsi və güllələnməsində əsas rol oynadı.
Stalin elə şok vəziyyətində idi ki, silahdaşları xalq komissarlığından çıxan kimi uca səslə dedi: “Lenin bizə böyük bir irs qoyub getdi, biz – onun varisləri – bütün bunları batırdıq…” Orada olanların hamısı bu ifadədən sarsıldı. Nikita Xruşşov xatirələrində əlavə edir: “Sözün əsl mənasında elə də dedi. “Mən, – deyir, – rəhbərlikdən imtina edirəm”, – və getdi. Getdi, maşına oturdu və Blijnaya bağ evinə yollandı”. Lakin 1941-ci ilin iyununda Kiyevdə olan Xruşşov bu hekayəni Stalinin ətrafında olan şəxslərin danışdıqlarından bilirdi. Ola bilsin, baş katib birbaşa bu sözləri işlətməmişdi, lakin onun niyyəti barədə hərəkətlərinə əsasən fikir yürüdülürdü.
Doğrudan da, rəhbər Kuntsevodakı bağ evinə getdi. O, nə həmin gün – 29 iyun, – nə də ertəsi gün – 30 iyunda – Kremlə gəldi. SSRİ-nin ali rəhbərliyindən heç kim Stalini görmədi. Anastas Mikoyanın xatirələrinə görə, iyunun 30-da Vyaçeslav Molotov onu və SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Voznesenskini öz kabinetinə çağırdı. Beriya, Malenkov və Voroşilov artıq orada idi. Beriya ölkənin idarə olunması üçün Dövlət Müdafiə Komitəsinin (DMK) yaradılmasını təklif etdi. Bu komitəyə Stalin başçılıq etməli idi, qalan üzvlər isə müzakirə olunmadı. Hamı düşünürdü ki, Stalinin rəhbərliyi və avtoriteti səfərbərlik və hərbi əməliyyatların idarə olunmasını asanlaşdıracaq. Bu təşəbbüslə Stalinə getmək, ona DMK-nın rəhbərliyini təklif etmək qərarına gəldilər. Molotov, görünür, diktatorla əlaqə qurmağa çalışırdı. O, partiya rəhbərlərini xəbərdar etmişdi ki, Stalin heç nəyə maraq göstərmir, təşəbbüsü itirib, ruhi vəziyyəti pisdir.
Maraqlıdır ki, Dövlət Plan Komitəsinin sədri Voznesenski bu qrupda yeganə şəxs idi ki, “Stalin bu cür davranmaqda davam edərsə, Molotov Siyasi büronun qalan üzvlərini arxasınca aparmalıdır və onlar da gedəcəklər”, – söylədi.
Kuntsevoda bağ evinə gələnlər Stalini kiçik qonaq otağında kresloda oturmuş vəziyyətdə tapdılar. Siyasi büro üzvlərini kresloda büzüşərək “Niyə gəlmisiniz?” sözləri ilə qarşıladı. Xruşşov və Mikoyanın sonrakı interpretasiyasına görə, Stalin sanki həbsdən qorxurdu. Lakin bunun açıq sübutu yoxdur. Onlarla mühafizəçi tərəfindən qorunan Stalin kimi bir adamın həbsi bu sistemdə inandırıcı görünmür, baxmayaraq ki, o, yoldaşların gəlişindən və təşəbbüsündən narahat təsir bağışlayırdı.
Sol müxalifətçi, yazıçı Viktor Serj xatirələrində haqlı olaraq qeyd edir ki, 1930-cu illərin kütləvi repressiyalarının məqsədlərindən biri Stalinin siyasətinə alternativ olacaq aydın proqramların formalaşma imkanını məhv etmək idi. Böyük terrordan sonra SSRİ-də artıq Stalinin yerinə idarəçiliyi ələ ala biləcək, faciəvi uğursuzluqlarına görə ondan hesabat tələb edəcək siyasi elitalar qalmamışdı. Sosial cəhətdən fəal insanların məqsədli şəkildə məhv edilməsi barədə oxşar fikri yazıçı Varlam Şalamov da dəfələrlə dilə gətirmişdi. Stalin bu yolla totalitar sistemə müqavimət və ya daxili çevriliş risklərini azaldırdı. O anlayırdı ki, dəfələrlə devrilməyə layiq olub və bunun qarşısını almaq üçün hər şeyi etmişdi.
Dirçələn rəhbər üçün günah keçiləri
Stalin 1945-ci ildə söylədiyi məşhur tostlarından birində demişdi: “Başqa bir xalq deyə bilərdi: siz bizim ümidlərimizi doğrultmadınız, biz başqa hökumət quracağıq, o da Almaniya ilə sülh bağlayacaq və bizə dinclik verəcək… Lakin rus xalqı belə etmədi, kompromisə getmədi, hökumətimizə sonsuz etimad göstərdi”.
“Almaniya ilə sülh” fikri Stalinin şüuraltısından qopub çıxmış ola bilər – çünki o, belə bir göstərişi vaxtilə Sudoplatova və Beriyaya vermişdi. Burada Stalin açıq təhrifə yol verir, çünki “başqa hökumət” müharibəni dayandırmaq yox, bəlkə də düşmənə qarşı daha səmərəli müqavimət göstərə bilərdi. Lakin diktatura şəraitində SSRİ vətəndaşlarının belə bir seçimi yox idi – nə fərdi, nə siyasi. Böyük Britaniyada, bir sıra məğlubiyyətlərdən sonra Uinston Çörçill 1940-cı il mayında baş nazir Nevill Çemberleni əvəzlədi. SSRİ-də isə belə bir şey ağlagəlməz idi.
1941-ci il iyunun 30-da Sovet rəhbərliyinin başqa alternativi yox idi. Fəaliyyət qabiliyyətini itirmiş və sarsılmış Stalini, onun sadiq silahdaşlarının fikrincə, ancaq fəaliyyət qabiliyyətli Stalin əvəz edə bilərdi. Blijnaya bağ evinə gələnlər öz liderlərini buna çağırdılar. Vyaçeslav Molotov gələnlərin adından dedi, hakimiyyəti mərkəzləşdirmək lazımdır ki, qərarlar tez qəbul olunsun, “ölkə ayağa qaldırılsın”. Belə bir orqanın başında Stalin durmalıdır. Stalin təəccüblənmiş görünsə də, etiraz etmədi və “yaxşı” dedi. Xruşşovun xatirələrinə görə, gələnlər Stalini inandırmağa çalışırdılar ki, ölkə böyükdür, təşkilatlanmaq, sənayeni və insanları səfərbər etmək, xalqı Hitlerin üzərinə qaldırmaq mümkündür.
Hadisə iştirakçıları məhz Lavrenti Beriyanın kadr təşəbbüsü göstərməsini yadda saxladılar. NKVD rəhbəri DMK-nə beş nəfərin təyin olunmasını təklif etdi: “Başda Stalin olacaq, sonra Molotov, Voroşilov, Malenkov və Beriya”. Bununla Beriya rəqiblərinin bir hissəsini hakimiyyətdən kənarlaşdırmaq istəyirdi. Stalin isə Mikoyan və Voznesenskini də daxil etməyi təklif etdi – onlar təminat və iqtisadiyyata cavabdeh idilər. Lakin DMK əvvəlcə Beriyanın təklif etdiyi tərkibdə yaradıldı: sədr – Stalin, onun müavini – Molotov. Mikoyan, Voznesenski və Kaqanoviç yalnız 1942-ci ilin fevralında komitəyə daxil oldular. Beləcə, SSRİ rəhbərliyindəki böhran ortadan qalxdı.
Stalinin DMK rəhbəri kimi ilk qərarlarından biri Qərb cəbhəsi komandanlığına divan tutmaq oldu. Komandan, ordu generalı Dmitri Pavlov iyunun 30-da vəzifədən azad edildi və Moskvaya çağırıldı. Artıq iyulun 22-də Pavlov, qərargah rəisi general-mayor Vladimir Klimovskix, rabitə rəisi general-mayor Andrey Qriqoryev və 4-cü ordunun komandanı general-mayor Aleksandr Korobkov Ali Məhkəmənin Hərbi Kollegiyası tərəfindən “məsuliyyətsizlik” və “vəzifə borcunu yerinə yetirməmək” ittihamı ilə məhkum edildilər və güllələndilər.
Stalin müdafiə naziri kimi xüsusi əmr verdi və müharibənin əvvəlindəki məğlubiyyətlərin məsuliyyəti onların üzərinə qoyuldu. Rəhbər şübhələrin fövqündə durmalı idi. Halbuki generalların günahı yox idi – onlar yalnız Stalinin əmrlərini səylə yerinə yetirirdilər və Hitleri təhrik etməmək barədə göstərişlərini icra edirdilər. Onların hamısı sonradan bəraət aldı.
Totalitar idarəetmə sistemində qərarların ipi Stalinin əlində idi. Müharibə şəraitində onun prosesdən çəkilməsi qərarların qəbulunu iflic vəziyyətinə saldı. Siyasi büro üzvləri bunu tez başa düşdülər və faktiki, yenidən rəhbərə sədaqət andı içdilər. Bəzi müəlliflər Stalinin iki günlük Kremldən getməsini, vaxtilə İvan Qroznının Aleksandrovskaya slobodaya çəkilməsi ilə müqayisə edirlər – o zaman da boyarlar çara yalvarıb, onu geri qaytardılar və opriçnina tətbiqinə razılaşdılar. Bəlkə elə Stalin də ətrafını sınayırdı. Amma ona yeni idarəetmə rejimi lazım deyildi – onun “oprçninası” müharibədən əvvəl formalaşmışdı.
Boyarların loyallığının yoxlanılmasına gəldikdə, bu, qismən baş tutdu. Dövlət Plan Komitəsinin sədri Nikolay Voznesenski Molotovun arxasınca getməyə hazır olduğunu demişdi, madam ki, Stalin “sönüb”. O, 1950-ci ildə “Leninqrad işi”nin qurbanı oldu. Beriya “Mingrel işi”nin fiqurantı ola bilərdi. Elə Molotov da 1950-ci illərin əvvəllərində Stalinin qəzəbinə tuş gəldi. Mərkəzi Komitənin 1952-ci ilin oktyabrında keçirilən plenumunda Stalin onu Qərb qarşısında “kapitulyant” adlandırıb, tənqid etdi. Yalnız Stalinin ölümü onların taleyinin istiqamətini dəyişdi.
Stalin DMK-nın yaradılması haqqında sovet vətəndaşlarına 1941-ci il iyulun 3-də radio ilə etdiyi müraciətində məlumat verdi. Həmin məşhur müraciətində o, xalqa “qardaşlar və bacılar” deyə xitab etmişdi. Stalin geri çəkilməyə səbəb olmuş səhvləri etiraf etmədi. “Vətənimiz böyük təhlükə qarşısındadır”, - deyə təsbit etdi. Alman ordusunun “məğlubedilməzliyini” mübahisələndirdi, Napoleon və II Vilhelmin ordularının məğlubiyyətini nümunə göstərdi, müharibənin ilk uğursuzluqlarını isə düşmənin əlverişli mövqeyi ilə izah etdi. Baş katib təlaşa düşənlər və qorxaqlara qarşı mübarizədən, iqtisadiyyatın hərbi relslərə keçirilməsindən, Qırmızı orduya dəstəyin vacibliyindən danışdı. “Bu xalq müharibəsinin məqsədi təkcə ölkəmizin üzərində yaranmış təhlükəni dəf etmək deyil, həm də alman faşizminin əsarəti altında inləyən bütün Avropa xalqlarına kömək göstərməkdir”, - deyə elan etdi.
Müasirləri xatırlayır ki, çıxış zamanı stəkana tökülən suyun şırıltısı, şüşəyə dəyən dişlərin titrək səsi eşidilirdi. Görünür, radioda heç kim əvvəlcədən yazılan çıxışdakı bu pauzanı montaj edib çıxarmağa cürət etməmişdi. Stalin – düşmənlə razılaşmaq cəhdindən, kritik məqamda sükanı buraxmasından sonra xalqı mübarizəyə çağıranda hələ də narahat idi. Bu narahatlıq səbəbsiz deyildi. Sovet qoşunları düşmənə itkilər yaşatsalar da, ard-arda məğlubiyyətlər alır, hissələr ağır itkilər verirdi. Gurultulu qələbələr hələ gözə dəymirdi.
Ümid var idi ki, Qırmızı ordu tədricən ümumxalq dəstəyi qazanacaq, qələbə çalmaq elmini öyrənəcək, antihitler koalisiyası üzrə müttəfiqlərdən yardım alacaq, nasistlər isə resurslarını xərcləyərək uzunmüddətli tükətmə müharibəsində məğlub olacaqlar. Ancaq iki diktatura arasında bu ölüm-dirim savaşının sonuna hələ çox qalırdı.
Müasir Rusiyada hakimiyyət dayanmadan böyük qələbədən danışır, bu qələbənin hansı bədəllə əldə edildiyini bayramlarla ört-basdır edir və müharibənin ilk yarısındakı fəlakətlərə görə Stalinin və onun ətrafının məsuliyyəti barədə sualı gündəmdən çıxarır.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: https://www.svoboda.org/a/stalin-kak-slaboe-zveno-krizis-upravleniya-letom-1941-goda-/33407466.html