FTB Mübariz Mənsimovun biznesini araşdırır - şok xəbər
23-11-2015, 10:55
Azərbaycanlı oliqarxın bank hesablarına həbs qoyulub; Amerikanın Federal Təhdiqatlar Bürosu və Narkotiklərlə Mübarizə Agentliyi “Palmali”nin şübhə doğuran yükdaşımaçılığı ilə bağlı istintaq aparır; şirkətin ofislərindəki kompüterlərin bütün hard diskləri götürülüb, Mübariz Mənsimov istintaqa cəlb edilə və ifadə verməsi üçün ABŞ-a dəvət oluna bilər...
Dünyanı lərzəyə salan İŞİD-in Fransadakı amansız terror aktlarından sonra supergüclər bu terror təşkilatına qarşı birgə mübarizəyə razılaşıb. Türkiyədə keçirilən G-20 sammitində isə ilk növbədə bu terrorçu qruplaşmanın maliyyə kanallarının bağlanması razılaşdırılıb və bu istiqamətdə ciddi hərəkətlilik başlayıb.
ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyat idarəsinin bir müddət əvvəl açıqladığı məlumatda bildirilirdi ki, İŞİD-in Suriya və İraqda ələ keçirdiyi mədənlərdə gündə 50 min barel neft istehsal edilir.
Hesablamalara görə, İŞİD neft satışından gündə təxminən 1 milyon dollar qazanır.
Azərbaycanlı oliqarx, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun adı son aylar terrorçu qruplaşma ilə neft biznesində hallanır. İlk belə ittiham Rusiyada nəşr olunan “Novaya qazeta”da dərc olunub. Rusiya nəşri iddia edirdi ki, İŞİD-in qaçaqmal neftinin satdığı marşrutlardan biri - Türkiyənin Ceyhan limanından M.Mənsimovun “Palmali Shipping & Agency JSC” şirkətinə məxsus tankerlərlə daşınır. Qəzet yazırdı ki, dünyanın aparıcı xüsusi xidmət orqanları da bu haqda xəbərdardır.
Bundan sonra İspaniya mənbələri də İraq Kürdüstanından hazırda İŞİD-in nəzarətində olan Kərkük-Ceyhan neft kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına Bağdad hökumətinin razılığı olmadan nəql edilən neftin M. Mənsimovun tankerləri ilə daşındığını bildirdi. Doğrudur, M.Mənsimovun şirkəti bu ittihamları rədd edir və Azərbaycan mətbuatında da yer alan bu kimi xəbərlərə dərhal reaksiya verərək, redaksiyalara ittiham dolu təkziblər göndərir.
Amma “Palmali”yə ünvanlı cidii iddialar səngimir. Redaksiyamıza dünyanın aparıcı xüsusi xidmət orqanlarının İŞİD-lə “Palmalı”nın biznes ilişgilərini araşdırılması xəbərini təsdiq edən sensasion məlumat daxil olub.
Redaksiyamıza daxil olan xəbərə görə, bir aydır ki, Amerikanın Federal Təhdiqatlar Bürosu (FTB) və Narkotiklərlə Mübarizə Agentliyi (DEA) “Palmali”nin şübhə doğuran yükdaşımaçılığı ilə bağlı araşdırma aparır. Məlumatda deyilir ki, şirkətin İsveçrədəki bank hesablarına və Türkiyədəki bütün hesablarına həbs qoyulub. Mənbə iddia edib ki, bu səbəbdən şirkətin əməkdaşları artıq bir aydır maaş ala bilmirlər. FTB-nin təkidi ilə “Palmali”nin Almaniyanın Hamburq və Hollandiyanın Rotterdam şəhərindəki ofislərində də araşdırmalar aparılır. “Palmali”nin bu ofislərindəki kompüterlərin bütün hard diskləri FTB tərəfindən götürülüb və araşdırılır. “Palmali”nin tankerlərindən biri Aralıq dənizində, ikisi isə Atlantik okeanında saxlanılıb. Hal-hazırda şirkətin bütün iri yük daşımaları dayandırılıb. Sadəcə, kiçik daşımalarda əngəllər yoxdur.
“Artıq istintaq yekunlaşmaq üzrədir”, deyən mənbə əlavə edib ki, şirkətin İŞİD-lə neft biznesi sübut olunarsa, “Palmali”ni və Mübariz Mənsimovu ağır günlər gözləyir.
Belə ki, “Palmali” iqtisadi sanksiyalara məruz qala, səhmlərinin qiyməti kəskin ucuzlaşa bilər. Bildirilir ki, FTB əldə etdiyi sənədlərlə bu ittihamları təsdiq edərsə, Mübariz Mənsimov Amerikada istintaqa cəlb edilə və ifadə verilməsi üçün bu ölkəyə dəvət oluna bilər. Qeyd edək ki, FTB əməkdaşları Avropada bu kimi təhqiqatlar aparır və hətta həbslər də həyata keçirir. Korrupsiyada ittiham olunan 10-a yaxın FİFA məmurunun İsveçrənin Sürix şəhərində həbs edilərək ABŞ-a aparılmasını xatırlatmaq kifayətdir.
M.Mənsimov “Palmali”ni 1998-ci ildə qurub, şirkətlər qrupu Maltada qeydiyyatdan keçib. Dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan “Palmali”nin 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır.
“Palmali” 129 gəmisi ilə Aralıq dənizi, Ağ dəniz, Qara dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. “Palmali”nin ən böyük müştərisi dünyaca məşhur olan bp şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür.
AKP iqtidarının dövründə biznesi uğurla inkişaf edən M. Mənsimov 2007-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib. Onun Türkiyə prezidentinin oğlu Bilal Ərdoğan, qaynı Ziya İlgenin və qardaşı Mustafa Ərdoğanla ortaq olduğuna dair Türkiyə mediasında iddialar var. Amma son aylar M.Mənsimovun Türkiyədə də ciddi maliyyə problemləri ilə üzləşdiyi barədə xəbərlər gəlir. Belə görünür ki, əgər “Palmali”yə yönəlik ittihamlar təsdiqlənərsə, nə Ərdoğan, nə Türkiyə hökuməti ona arxa dura bilməyəcək.
“Palimali” şirkətinin mövqeyini də dərc etməyə hazırıq.
“Yeni Müsavat”