İsrailin Baş naziri Binyamin Netanyahu İsrail vətəndaşı olan ərəbləri tənqid edib.
Axar.az xəbər verir ki, baş nazir dünən paytaxt Tel-Əvivdə baş verən hücuma münasibət bildirərək, ərəblərin günahkar olduğunu deyib:
“Həm İsrail dövlətinin verdiyi hüquqlardan istifadə edib, həm də özünüzü fələstinli kimi apara bilməzsiniz. İsrail polisi və Şin Bet (İsrail daxili kəşfiyyat xidməti) qatili tutmaq üçün fasiləsiz çalışır. İsraildəki ərəb liderlərin və israilli ərəb millət vəkillərinin kəkələmədən bu qırğını qınamasını gözləyirəm”.
Xatırladaq ki, Tel-Əvivdə dünən bir bara təşkil edilən silahlı hücumda 2 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdı. İsrail polisi hücumu təşkil edən şəxsin Naşat Milhem adlı 31 yaşlı İsrail ərəbi olduğunu açıqlayıb.