İŞİD cəlladının bacısı: “Onu öz əllərimlə öldürəcəm...”
5-01-2016, 13:35
Britaniyalı Konika Dhar İŞİD-in ən son edam videosundakı “yeni cihadçı John”un onun doğma qardaşı Siddhartha Dhar olduğuna heç cür inana bilmədiyini söyləyib.
Britaniya kəşfiyyatından sızdırıldığı düşünülən məlumata görə, İŞİD-in son təbliğat videosunda “5 Britaniya casusu”nu edam etdiyini bildirən maskalı şəxsin əsl adı Banqladeş əsilli Siddhartha Dhar ola bilər.
Bu videoda qırmızı kombinezon geyinmiş beş nəfərin “mürtəd” kimi edam edildiyi göstərilir.Bu da xəbər verilir ki, Siddhartha Dhar-ın cihad adı Əbu Rumayşahdır.
Konika Dhar müxbirlərə deyib ki, əgər qardaşının sözü gedən İŞİD cəlladı olduğu dəqiqləşsə onu öz əlləri ilə öldürəcək.Bununla belə, Konika videodakı maskalının yalnız səsindən onun qardaşına oxşadığını deyib. O bildirib ki, videodakı şəxs qardaşından daha cüssəli görünür. Konika Dhar əlavə edib ki, bəlkə də qardaşının səsindən istifadə ediblər.
Bacı qardaşı ilə artıq bir ildən çoxdur ki, heç bir əlaqəsi olmadığını dilə gətirib.Lakin kəşfiyyat xidmətindən qaynaqlandığı düşünülən məlumatlar daha qətiyyərli səslənir.
“Təzə John” hindu çıxdı?
Britaniya mətbuatı yazır ki, Dhar 2014-cü ildə “nifrət vaizi” Anjem Çoudri ilə birlikdə həbs olunubmuş. Onlar Britaniyada qadağan edilmiş əl-Mühacirun təşkilatını dəstəkləməkdə ittiham olunurdular.O vaxt London polisi qəfil reyd keçirərək 11 şübhəlini həbs etmişdi. Dhar əvvəllər hindu olsa da, sonradan Choudry-nin təbliğatı ilə İslamı qəbul edib.
Lakin indi belə görünür ki, Dhar o vaxt zaminə çıxdıqdan sonra Suriyaya qaça bilib. Londondakı “Royal United Services” araşdırma mərkəzinin direktoru Raffaello Pantucci də sözü gedən “maskalı cigadçının” Britaniya paytaxtından və həm də təhsilli olduğuna inanır.
O deyir ki, səs Dharın “əl-Mühacirun”un köhnə videolarındakı səsinə çox oxşayır.Londonun şimalındakı Voltomstou rayonundan olan dörd uşaq atası Dhar sonradan Tvitterdən öz fotolarını yayıb.Fotolardan birində onun əlində avtomat, qucağında isə yenicə doğulmuş uşaq var.
“Allah məni İslam Dövlətində sağlam oğlan uşağı ilə mükafatlandırıb. O qətiyyən britaniyalı deyil”-İŞİD cəlladı yazır. Dharın ötən iyulda başqa 12 britaniyalı gənclə doğma Banqladeşə tətilə getdiyi məlumdur.
Baba cihad videosunda nəvəsini tanıyıb
Hələlik rəsmi təsdiq olmasa da, Britaniyada Dharı tanıyanlar videodakı şəxsin məhz o olduğuna inanırlar.
İŞİD-in sözü gedən videosunda “yeni cihadçı Jon” Britaniyanın baş naziri David Kemeronu da hədələyir. “Biz cihad edəcək, sərhədləri sökəcək və bir gün sənin torpağına soxulacağıq” – videoda deyilir.
Videonu şərh edərkən baş nazir deyib ki, bu kimi bəyanatlar İŞİD-in çox çətin durumda olduğunu göstərir.Bu arada Britaniyanın “Channel 4” telekanalı cənubi Londondan olan Sunday Dare adlı bir nəfərlə müsahibəni verib.
Həmin şəxs videodakı azyaşlı oğlanın onun nəvəsi olduğunu deyib. Dare bildirib ki, nəvəsi Suriyaya onun qızı Grace Dare ilə birlikdə gedib.Əslən nigeriyalı Dare İslamı qəbul etdikdən sonra Xədicə olmuş qızını dərhal Britaniyaya qayıtmağa çağırıb. (“Azadlıq” radiosunun xülasəsi)