ABŞ və Avropa 20 ildə Gürcüstana nə qədər pul verib? - Siyahıda Bakı da var
10-01-2016, 13:26

Bakı-Tbilisi- Ceyhan (BTC Co) şirkəti 1995-2015-ci illər ərzində Gürcüstana 45 milyon 320 min dollar məbləğində maliyyə yardımı göstərib.
Strateq.az bildirir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin rəsmi məlumatında açıqlanıb.
Bundan başqa, maliyyə yardmı göstərən təşkilatlar arasnda Avropa İttifaqı və Qlobal Fond fərqlənib. Son 20 il ərzində Avropa İttifaqı 550 milyon 370 min dollar, Qlobal Fond isə 56 milyon dollar yardım edib.
Maliyyə Nazirliyinin yaydığı sənədə görə, 1995-2015-ci illər ərzində müxtəlif ölkələr və təşkilatlar tərəfindən Gürcüstana ayrılan qrantların məbləği 2 milyard 71 milyon 470 min dollar olub.
Bunların içində ən böyük məbləğ ABŞ-ın 2008-ci ildə ayırdığı vəsait olub. Bəxşiş kimi verilən bu pulun miqdarı 392 milyon 260 min dollar olub. 2010-cu ildə də ABŞ bir daha böyük bir məbləği - 272 milyon 870 min dolları Gürcüsatana hədiyyə edib.
2014-cü ildə isə ABŞ-ın Gürcüstana ayırdığı maliyyə yardımı 182 milyon 140 min dollar olub. 2015-ci ildə isə bu məbləğ 129 milyon 500 min dollar təşkil edib.
Ümumilikdə 1995-2015-ci illər ərzində ABŞ Gürcüstana 912 milyon 140 min dollar maliyyə yardımı verib. Qeyd edək ki, şərtə görə Gürcüstan bu pulları geri qaytarmayacaq.
Bu illər ərzində Gürcüstana Almaniya 118 milyon 90 min dollar, Hollandiya 65 milyon 850 min dollar, Yaponiya 40 milyon 920 min dollar, Çin 28 milyon, Ukrayna 12 milyon 600 min dollar maliyyə yardımı edib.
Məlumatda deyilir ki, göstərilən müddət ərzində Rusiya heç bir maliyyə yardmı təklif etməyib.