"Neftin qiyməti 40 dollar/barelə yüksələ bilər" - "Report"

18-01-2016, 21:27           
"Neftin qiyməti 40 dollar/barelə yüksələ bilər" - "Report"
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft ixracını dayandıra biləcəyini, Oman isə hasilatı 5-10% azalda biləcəyini bəyan edib.

"Report" xəbər verir ki, BƏƏ və Omandan gələn xəbərlər dünya birjalarında neft qiymətlərinə bir qədər dəstək verib. Səhər saatlarında 27,6 dollar/barel səviyyəsinə qədər geriləyən "Brent" markalı neftin qiyməti bu xəbərlərdən sonra artaraq 29 dollar/bareli ötüb.

"Report"un analitik qrupu qeyd edir ki, 30 dollar səviyyəsi "Brent"in qiyməti üçün psixoloji həddir. Bu səviyyəni keçəcəyi təqdirdə neft qiymətləri yüksəlişini davam etdirə bilər. Əks halda neft 25 dollar/barelə qədər geriləyəcək.

Xatırladaq ki, BƏƏ-nin neft hasilatı gündəlik 2,794 mln. barel olsa da, ölkə bunun 2,497 mln. barelini ixrac edir.

Omanın hasilatına gəldikdə isə bu ölkə 2015-ci ildə orta hesabla gündəlik 943,5 min barel neft hasil edib. Yəni hasilatda 5-10% - 47-94 min barel/gün azalması gözlənilir.

"Hər iki ölkənin açıqlamalarının həyata keçəcəyini düşünsək, neft təklifinin 2,544-2,591 mln. barel/gün azalmasını gözləyə bilərik. Lakin unutmayaq ki, bu açıqlamalar hələlik yalnız fikir kimi səsləndirilib və həyata keçməyib. Əvəzində isə İran yaxın vaxtlarda neft hasilatını 500 min barel/gün artırmaq istiqamətində sürətlə iş apardığını bildirib. Əgər BƏƏ həqiqətən də neft ixracını dayandırarsa, o zaman neft təklifi 2 mln. barel/gün azalacaq. Bu isə neft qiymətlərinə ciddi təsir edərək, qiymətləri 40 dollar/barelə qədər yüksəldə bilər", - deyə "Report"un analitikləri vurğulayıb.

Qeyd edək ki, OPEC təşkilatının bu gün açıqlanan illik bülleteninə əsasən, 2015-ci ildə gündəlik 92,92 mln. barel olan neft ehtiyacı, 2016-cı ildə 1,26 mln. barel artaraq 94,17 mln. barel/günə çatacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.