Parçalanmış İslam dünyası:Misir Rusiyanın tərəfinə keçir
16-02-2016, 10:17
Suriya məsələsində ərəb dünyasının da fikri haçalanıb. Bu vaxta qədər İraq, Livanın və Suriya Rusiya tərəfində yer almışdısa, artıq Misir də tədricən rəsmi Moskvaya yaxınlaşır.
Strateq.az xəbər verir ki, Misirin çevrilişlə hakimiyyətə gələn prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin Suriyaya hərbi müdaxiləyə qarşı olduğunu ifadə edib.
Misir rəsmi xəbər agentliyi MENA-nın bildirdiyinə görə, Sisi Fransada yayımlanan həftəlik “Jeune Afrique” jurnalına verdiyi müsahibəsində Misirin Suriya böhranının sülh yolu ilə həlli və ölkənin ərazi bütövlüyünün qorunmasında sabit mövqe sərgilədiyini və hərbi müdaxiləyə qarşı olduğunu təkrarlayıb.
Qeyd edək ki, bu mövqe Rusiyanın da Suriya siyasətinə tamamilə uyğundur. Bir müddət əvvəl bəzi müsəlman ölkələri Səudiyyə Ərəbistanının rəhbərliyi altında 150 min əsgərlə Suriyada quru əməliyyatlarına başlayacağını bildirmiş və məlumatı şərh edən Rusiyanın baş naziri Medvedyev bu addımın problemi həll etməyəcəyi, əksinə, daha qarma-qarışıq hala gətirəcəyi və çözüm prosesini uzadacağını açıqlamışdı.
İndi Misirin, təxminən, eyni mövqedən çıxış etməsi rəsmi Qahirənin də bərk ayaqda Rusiyayla bir yerdə olacağını göstərir.
Maraqlıdır ki, Sisinin hakimiyyətə gəlməsində rəsmi Riyadın müstəsna rolu olub. Ölkə tarixində ilk dəfə real seçkiylə və xalq iradəsiylə prezidentlik kürsüsündə oturan Mursi hərəkatının getdikcə bütün ərəb dünyasına yayılacağından və dolayısıyla, öz səltənətinin laxlayacağından çəkinən Səudiyyə krallığı “ərəb baharını” beşikdəcə boğmağa çalışdı. O, böyük ölçüdə Səudiyyə kapitalından asılı olan demokratik hakimiyyəti nəinki dəstəkləmədi, tam əksinə, hərbi diktaturaya maddi, mənəvi köməkliyini əsirgəmədi. Beləcə, hazırda, tədricən Rusiyanın tərəfinə keçməyə çalışan Susinin hakimiyyət çevrilişinə şərait yaratdı.
Sisi rejiminin Rusiyaya meyllənməsinin başlıca səbəblərindən biri də Türkiyəyə münasibətidir. Məlumdur ki, ilk gündən etibarən, Mursini dəstəkləyən Türkiyənin məlum çevrilişdən sonra Sisiylə ulduzları barışmadı. Hər ləhzədə ona qarşı çıxan rəsmi Ankaranın barışmaz mövqeyi istər-istəməz indiki hakimiyyətləri düşmənə çevirdi.
Sözügedən düşmənçilik hisləri Sisinin “Jeune Afrique” jurnalına verdiyi müsahibəsində də əks olunub. O, Türkiyə ilə ölkəsinin gələcəkdəki münasibətlərinə və Ankaranın Misir rəhbərliyinə ittihamlarıyla bağlı deyib: "Misir, digər ölkələrin daxili işlərinə qarışmaqdan daim imtina etdiyi kimi, öz daxili işlərinə qarışılmasına da qarşı çıxır. Bizim tərəfimizdən heç kim barəsində təcavüzkar açıqlamalar verilmədi”.
Görünür, bu zamanadək özünün “pul kisəsi” kimi baxdığı Səudiyyə Ərəbistanının Türkiyəylə eyni hədəfdə birləşməsi və faktiki olaraq, “ərəb baharı”nı dəstəkləyici xəttə qədəm qoymaq məcburiyyətində qalması Misirin ürkək addımlarla Rusiya tərəfinə keçməsinə yol açır.