Antarktidanın açıq "yarası": Buzlaqdan donmayan al-qırmızı şəlalə axır
Bu gün, 15:47

Təxminən 1911-ci ildə kəşf edilən və yüz ildən artıqdır alimləri heyrətləndirən Antarktidadakı "Qanlı şəlalə"nin sirri nəhayət açılıb.
Bu barədə "Daily Galaxy" məlumat yayıb.
Bildirilir ki, ixtiraçısı Tomas Qriffit Teylorun adını daşıyan buzlaqdan axan və qan rəngində olan bu maye nə donur, nə də rəngini dəyişir. Orta temperaturun -19° C olduğu bölgədə bu fenomenin izahı uzun müddət tapılmayıb. Lakin Alyaska Universitetinin alimləri radioeko texnologiyasının köməyi ilə bu sirrin səbəbini öyrənə biliblər.

Onlar suyun tərkibini araşdıraraq müəyyən ediblər ki, bu axar maye okean suyundan iki dəfə artıq duzludur. Duzun yüksək konsentrasiyası suyun donma nöqtəsini aşağı salaraq onun maye halında qalmasına imkan verir. Üstəlik, suyun tərkibindəki dəmir hava ilə təmasda oksidləşərək ona qan rəngini verir.

Tədqiqat göstərir ki, bu duzlu və dəmirli su təxminən 1,5 milyon il əvvəl qədim bir göldən buzlağın altına keçib və zamanla təzyiq nəticəsində səthə çıxıb. Donma zamanı suyun verdiyi istilik və duzun yaratdığı "antifriz" effekt birlikdə suyun fasiləsiz axmasına şərait yaradır.

Teylor buzlağı daimi axan suya sahib ən soyuq buzlaq kimi tanınır və Antarktidanın ən qeyri-adi təbii möcüzələrindən biri hesab edilir.