"Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" - NƏ ETMƏLİ?

Bu gün, 00:04           
"Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" -
“2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə 60 489 plan yeri ayrılıb”. Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ötən illə müqayisədə plan yerləri 2.21% (1309 yer) artırılıb. Məleykə Abbaszadə əlavə edib ki, plan yerlərinin 28 401-i dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 2.04% və ya 568 yer artıb.
Bu il ali məktəblərə sənəd verən abituriyentlərin sayı 130 min 641 nəfərə çatıb. Bu, ötən illə müqayisədə 12 min 138 nəfər çoxdur. Bu da o deməkdir ki, 50 faizdən çox abituriyentin təhsil arzusu gözündə qalacaq. Bu səbəbdən də, bir çox abituriyent xaricdə təhsil almağa üstülük verirlər. Bu da valyutanın ölkədən çıxması deməkdir.

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, xaricə təhsil üçün gedən gənclər bu sırada yer almırlar.

“130 mindən bir qədər çox abituriyent Dövlət İmtahan Mərkəzinin xətti ilə keçirilən qəbul imtahanlarında iştirak üçün müraciət edib. Müxtəlif beynəlxalq imtahanlar verərək uğur qazanmış gənclərimiz müxtəlif universitetlərə təhsil ardınca gedəcəklər. Bu, hər il baş verir. Bu il də belə olacaq. Onların statistikasını aparmaq da çox çətindir. Digər tərəfdən, dövlət proqramları və hökumətlərarası proqramlar çərçivəsində bizim xeyli sayda gənclərimiz xaricdə təhsil almaq üçün gedəcəklər”-deyən İlqar Orucovun fikrincə, 50 faiz abituriyentin kənarda qalması problem deyil.

Ekspertin bildirib ki, 130 mindən bir qədər çox abituriyentin hamısının ali təhsil müəssisələrinə qəbul olunması da mümkün deyil: “İmtahan keçirilir, rəqabət olur. Təxminən bir yerə iki nəfər sənəd verib və bir nəfər keçir. Əslində rəqabət çox da böyük deyil. Bizim universitetlərimizdə də keçid balları elə qruplar olur ki, kifayət qədər aşağı olur. Təsəvvür edin ki, 200-250 balla keçid mümkündür”.

İlqar Orucov qeyd edib ki, hansısa abituriyent atestatla gedir və tanınmayan bir universitetə qəbul alır və ölkəyə qayıdanda həmin diplomu tanıda bilmir, bu da başqa bir problemdir.

“Sadəcə olaraq "nəyin bahasına olursa olsun diplomu əldə edim və sonrasına baxaram" deyə düşünən və universiteti araşdırmadan təhsil almağa çalışan tələbələr sonradan problem yaşayırlar. Burada sui-istifadə edərək pul qazanan təhsil şirkətlərinin də bir payı var”-deyə təhsil eksperti bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.