Təhsildə etimad böhranı: - Builki imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin idi
Bu gün, 00:08

2025-ci ildə keçirilmiş qəbul imtahanları ilə bağlı abituriyentlər və onların valideynləri tərəfindən geniş narazılıq müşahidə olunur. Əsas narazılıq test tapşırıqlarının əvvəlki illərlə müqayisədə daha mürəkkəb və çətin olması ilə əlaqədardır. Bir çox abituriyent imtahan suallarının yalnız bilik deyil, eyni zamanda fərqli məntiqi yanaşma və yüksək səviyyəli analiz qabiliyyəti tələb etdiyini bildirir. Bu isə xüsusilə orta səviyyəli hazırlığa malik şagirdlər üçün ciddi çətinliklər yaradıb. Valideynlər və müəllimlər də sualların çətinlik dərəcəsinin həddindən artıq olduğunu qeyd edərək, nəticələrin abituriyentlərin real bilik və bacarıqlarını tam əks etdirmədiyini vurğulayırlar. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu məsələ ilə bağlı çoxsaylı iradlar səsləndirilib. Bəzi ekspertlər testlərin məzmun və təqdimat formasının yenidən qiymətləndirilməsinin vacibliyini qeyd edirlər. Ümumilikdə, builki imtahanların abituriyentlər üçün əvvəlki illərlə müqayisədə daha stresli və qeyri-müəyyən şəraitdə keçdiyi bildirilir.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Sherg.az-a bildirib ki, bu il keçirilmiş blok imtahanlarının birinci cəhdinə dair abituriyentlərin iradlarını tam əsaslı və haqlı hesab edir:
"Belə ki, təqdim olunan test tapşırıqları həddindən artıq mürəkkəb və qeyri-adi məntiqi yanaşmalar tələb edən suallardan ibarət idi. Testologiya üzrə mövcud prinsiplərə əsasən, testlərdə sualların çətinlik dərəcəsinə görə balans (sadə, orta və çətin) qorunmalıdır. Lakin bəzi hallarda sualların təqdimat forması bu balansı pozur və nəticədə abituriyentlərdə anlaşılmazlıqlar yaranır. Tək-tük fərdi narazılıqlardan fərqli olaraq, bu dəfə iradlar on minlərlə abituriyenti əhatə edir ki, bu da problemin sistemli xarakter daşıdığını göstərir. Mən Dövlət İmtahan Mərkəzinin indiyə qədər fəaliyyətini hər zaman şəffaf və peşəkar hesab etmişəm. Lakin builki imtahan suallarının çətinliyi əvvəlki illərlə müqayisədə daha yüksək olub ki, bu da obyektiv narahatlıqlara səbəb yaradıb. Bəzi ekspertlər bu vəziyyəti müəyyən məqsədli yanaşmalarla əlaqələndirməyə çalışsalar da, mən bu cür iddialardan uzağam. Bununla belə, sualların çətinlik dərəcəsi ilə bağlı əsas sual açıq qalır. Necə ola bilər ki, buraxılış imtahanlarında yüksək nəticə göstərmiş (məsələn, 200–250 bal toplamış) eyni abituriyentlər cəmi iki ay sonra keçirilən blok imtahanında 150 balı belə çətinliklə keçə bilirlər? Bütün bunların fonunda, valideynlərə çağırış etmək istəyirəm ki, zəif nəticələr göstərən abituriyentləri təzyiq altında saxlamaq, psixoloji təzyiq göstərmək yolverilməzdir. Bu nəticələr təkcə abituriyentin hazırlıq səviyyəsi ilə deyil, həm də sualların qeyri-adi çətinliyi ilə izah olunur. Valideynlərin bu vəziyyəti anlayışla qarşılaması və övladlarına dəstək göstərməsi mühüm əhəmiyyət kəsb edir. Böyük ehtimalla deyirəm ki, ikinci cəhd imtahanlarında təqdim olunacaq test tapşırıqları birinci mərhələyə nisbətən daha balanslaşdırılmış və nisbətən daha əlçatan olacaq. Əks halda, təhsil sistemində daha geniş miqyaslı narazılıq və etimad böhranı yaranması ehtimalı realdır. Bu isə imtahan nəticələri əsasında aparılacaq ixtisas seçiminə, keçid ballarına və plan yerlərinin bölgüsünə birbaşa təsir göstərə bilər”.