Meşəni kəsənlər də məlumdur, susanlar da: Bəs dövlət haradadır? - İLGİNC GƏLİŞMƏ...
Bu gün, 15:45

Bir neçə həftə əvvəl Zərdab rayonunun Yuxarı Seyidlər kəndində Tuqay meşə zolağının məhv edilməsi ilə bağlı “DogruXeber.az” olaraq geniş ictimaiyyətə səs salan araşdırmamızı dərc etdik. Məlumatlarımıza əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Su Ehtiyatları Agentliyinin “birgə layihəsi” adı altında, beton kanal çəkilişi bəhanəsilə yüzlərlə ağacın kökü kəsildi. Və biz bu vandalizmi kameraya aldıq.
Bəs nə oldu?
Sadə vətəndaşların bir metr daş hörməsinə “qanunsuzdur” deyən qurumlar bu dəfə öz qanunsuzluqlarına susdular. Ən pisi isə odur ki, sükut yalnız günahkarların deyil – nəzarət etməli olanların da cavabıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəyi gözləyir?
Araşdırma aparılıbsa, nəticəsi niyə ictimaiyyətə açıqlanmır?
Dövlət Su Ehtiyatları Agentliyi bu layihəyə hansı əsasla “meliorasiya məqsədli” deyə rəy verib?
Tuqay meşəsinin yerində beton kanal çəkmək, hansı norma ilə "məqbul" hesab edilib?
Prokurorluq orqanı susqunluğu ilə nəyə xidmət edir?
Məlumat göndərilib, faktlar təqdim olunub. Niyə tədbir görülmür?
Araşdırma zamanı məlum oldu ki, bu prosesdə iştirak edən şəxslər sadəcə əmr yerinə yetirməyiblər – öz şəxsi maraqları üçün dövlət meşəsini doğrayıblar. Ərazinin su mirabı Hüseyn Rəhmanovun bu “layihədən” həm öz təsərrüfatını böyütdüyü, həm də ailəvi əlaqələri vasitəsilə mövqeyini qoruduğu iddiaları redaksiyamıza daxil olan məlumatlar sırasındadır.
Bu barədəki ötən yazımızda əlavə təqdim etdiyimiz məlumatların xronologiyasını xatırladırıq:
Hüseyn Rəhmanovun oğlu Elvin Rəhmanov jurnalistləri açıq-aşkar təhdid etdi.
Bizi təhdid edən, “qazi” Elvin Rəhmanovun qaynatası İntizam Məmmədov əvvəllər vəzifə başında yol verdiyi yeyintiyə görə cinayət məsuliyyətinə cəlb olunmuş şəxsdir, amma bu gün də kənd icra nümayəndəsidir.
Yuxarıda adları çəkilən şəxslərin iştirakı ilə dövlət torpağına necə sahib çıxıldığı sualına isə hələ də rəsmi cavab yoxdur.
Ən təəccüblüsü isə “araşdırırıq” deyib susan Ekologiya Nazirliyidir.
Əraziyə göndərilən nümayəndə Raqif bəy nə səbəbdən hələ də nəticəni açıqlamır? Bu səssizlik hansı maraqların qorunmasıdır?
Daha böyük bir diqqət çəkən detal isə odur ki, bu qanunsuz tikintiləri həyata keçirən “Körpü-Bina-Tikinti” MMC, məhz Xəlil Göyüşovun rəhbərlik etdiyi şirkətdir.
Bu şirkət təsadüfənmi Dövlət Su Ehtiyatları Agentliyinin və digər bir çox qurumların elan etdiyi tenderlərin böyük əksəriyyətinin “qalibi” olur?
Xəlil Göyüşov bu qurumların rəhbərlərinə nə vəd edir?
Niyə bu qədər layihə məhz ona həvalə edilir?
Bəlkə də bu suala cavab tapılsaydı, Zərdabda meşə zolağı da yerində qalardı…
Bu gün bir kənddə bir meşə zolağı yox edilirsə, sabah bu “model” başqa rayonlara da ixrac ediləcək. Əgər bu cür "layihələrə" susulacaqsa, o zaman prezidentin ekoloji siyasəti kağız üzərində qalacaq.
Biz, “DogruXeber.az” olaraq həm media, həm də ictimaiyyət adından aşağıdakı suallara cavab tələb edirik:
1. Tuqay meşə zolağında ağacların qanunsuz kəsilməsinə görə hansı hüquqi tədbirlər görülüb?
2. Hüseyn Rəhmanov və Səxavət Məmmədovun bu işdə iştirakı hansı əsasla qiymətləndirilib?
3. Ekologiya Nazirliyinin əməkdaşı Raqifin apardığı araşdırmanın nəticəsi nədir və niyə gizlədilir?
4. “Körpü-Bina-Tikinti” MMC-nin davamlı tender uğurlarının arxasında hansı maraqlar dayanır?
Əgər bu suallar cavabsız qalacaqsa, biz susmayacağıq.
Bu dəfə artıq ölkə başçısına rəsmi müraciət hazırlayırıq.
DogruXeber.az