Rusiya nəqliyyat blokadasına alınır: yolun sonu və ya dalan? - TƏHLİL
17-02-2016, 16:16
Rusiya faktiki nəqliyyat blokadasındadır. Son bir ay ərzində bu ölkənin Avropaya quru yolu bağlanıb. Əvvəl Polşa, indi isə Ukrayna Rusiya ərazisinə quru yolla yükdaşımalara qadağa qoyub. Tələsik nəticə çıxarmaq tezdir, amma faktlar göstərir ki, Rusiya əleyhinə daha bir təzyiq aləti işə salınmaq üzrədir.
Hadisələrin xronologiyası ziddiyyətlərlə və qarşılıqlı ittihamlarla doludur. Fevralın 1-dən Polşa və Rusiya arasında qüvvədə olan qarşılıqlı yükdaşıyıcılarının fəaliyyət göstərməsi barədə razılaşmanın vaxtı bitib. Bundan bir müddət əvvəl tərəflər müddəti uzatmaq barədə danışıqlara başlayıblar. Amma uzun-uzadı davam edən müzakirələrə rəğmən razılıq əldə edilməyib. Və ilk ittihamlar da bu zaman meydana çıxıb. Polşa Rusiyanı, Rusiya isə Polşanı qəbuledilməz şərtlər irəli sürməkdə günahlandırıb. Bu məsələdə klassik siyasi süründürmə nümunəsi müşahidə olunur. Belə ki, yanvarın sonunda, qüvvədə olan razılaşmanın bitməsinə az qalmış Polşa danışıqlara başlamaq barədə təşəbbüslə çıxış edib. Amma Rusiya tərəfi yükdaşımaları üzrə Polşanı qane etməyən şərtlər irəli sürdüyündən danışıqlar nəticəsiz qalıb. İndi isə Rusiya Nəqliyyat Nazirliyi bəyan edir ki, danışıqlara hər zaman hazırdır, hər şey Polşa tərəfindən asılıdır. Amma sual yaranır: əgər şərtlər dəyişməz qalıbsa, yeni danışıqların nə mənası var? Nəticədə, fevralın 1-dən Polşa və Rusiya arasında quru yolla yükdaşımalar dayandırılıb, fevralın 15-dək isə Polşanın yükdaşıyıcıları Rusiyanı, Rusiyanın yükdaşıyıcıları isə Polşanı tərk ediblər. Fevralın 1-dən sonra Avropadan Rusiyaya və əks tərəfə gedən yüklər bu səbəbdən Ukraynaya istiqamətlənib.
Amma bu da uzun çəkməyib. Fevralın 10-da Ukrayna milliyyətçiləri Rusiyanın yükdaşıyıcılarına qarşı blokada tətbiq ediblər. Sadə dildə desək, əvvəl bir-iki vilayətdə Rusiyanın yük maşınları Ukrayna ərazisinə buraxılmayıb, sonra bu proses domino prinsipi ilə bütün vilayətlərə yayılıb. İki-üç gün davam edən prosesin dayanmadığını görən Rusiya hökuməti danışıqlara başlamaq əvəzinə fevralın 14-də bütün Ukrayna yükdaşıyıcılarının ölkəyə daxil olunmasını qadağan edib. Növbəti gün Ukrayna hökuməti analoji qərar qəbul edib və nəticədə Rusiya ilə Ukrayna arasında yükdaşımalar dayandırılıb. Kimin haqlı, kimin haqsız olduğunu araşdırmaq - mənasız işdir, yuxarıda qeyd etdiyimiz kimi, bütün xarici siyasət məsələlərində olduğu kimi, burada da hər iki tərəf özünü haqlı sayır, prosesə obyektiv qiymət vermək üçün isə əlimizdə lazımı məlumat yoxdur. Ola da bilməz, çünki belə qərarlar bir qayda olaraq ölkə rəhbərliyi səviyyəsində qəbul edilir. Burada ehtimal irəli sürmək – fala baxmaq kimi mənasız işdir. Xüsusən də nəzərə almaq lazımdır ki, məsələdə səbəb elə də vacib deyil, vacib olan nəticədir. Nəticə aşkar olunsa, bəzi hallarda səbəb də məlum olur.
Hələlik isə mütəxəssislər yaranmış vəziyyətinin iqtisadi tərəflərini müzakirə edirlər. Ötən ay Polşa tərəfi öz hesablamalarını, Rusiya tərəfi öz hesablamalarını səsləndirib. Nəqliyyat şirkətlərinin, sürücülərinin, istehsalçılarının və s. itkiləri milyonlarla dollarla ölçülür. Amma buna baxmayaraq, Rusiya tərəfi şərtləri yumşaltmayıb. Bəzi hesablamalara görə, Rusiyaya daxil olan Avropa mallarının 80-85 faizi məhz Avropa nəqliyyat firmaları tərəfindən daşınır, onların isə mühüm hissəsini Polşa daşıyıcıları təşkil edir. Rusiya hesab edir ki, pozulmuş balans aradan qaldırılmalı, daşımalarda Rusiya şirkətlərinin payı artırılmalıdır. Bu yanaşma qarşıdurmanın iqtisadi əsası sayıla bilər, amma məsələ təkcə bundan ibarətdirmi?
Hazırda oxşar hesablamalar Ukrayna-Rusiya məsələsində də ortaya atılır. Ötən il ərzində Rusiyaya quru yolla Avropa ölkələrindən nə az, nə çox, düz 42 mlrd. dollar həcmində mal gətirilib. Buraya həmçinin 6 mlrd. dollara yaxın Ukraynadan gətirilən malları da əlavə etmək lazımdır. Düzdür, bəzi ekspertlərin fikrinə görə, Ukraynanın Rusiyaya ixracatı çox azdır, çünki bu ölkədən Rusiyaya mallar əsasən Rumıniya və Macarıstan daşıyıcıları tərəfindən daşınır.
Amma bu çətin ki təsəlli olsun, çünki mənzərəyə tam baxanda ciddi problemlər olduğu görünür. Belə ki, əgər Polşa-Rusiya sərhədi (Kalininqrad vilayəti) və Ukrayna-Rusiya sərhədləri yükdaşıyıcılar üçün bağlanırsa, Rusiya idxalçıları çətin vəziyyətə düşürlər. Malları gətirmək üçün nisbətən iki real yol qalır. Bunlardan biri Polşadan malların Belarusa gətirilməsi və orada Belarus qeydiyyatı olan maşınlara yüklənməsidir. Bu isə həm vaxt itkisi, vəsait itkisi və texniki baxımından problemli bir məsələdir. İkinci yol Avropadan yüklərin bərə vasitəsi ilə ya birbaşa Sankt-Peterburq regionuna, ya da Baltikyanı ölkələrə, oradan isə quru yolla Rusiyaya daşınmasıdır. Bu da əlavə itkilər və xərc deməkdir. Rusiyalı mütəxəssislərin hesablamalarına görə, əgər yola bərə daşınması əlavə olunsa, bu təxminən hər reys üçün 600 avro əlavə xərcdir. Ötən il ərzində tək Polşa vasitəsi ilə Rusiya daşıyıcıları 160 min reys həyata keçiriblər. Əgər bu yüklər bərə vasitəsilə daşınsa, Rusiyanın məcmu illik əlavə xərcləri 100 mln. avroya çata bilər. Amma nəzərə almaq lazımdır ki, Rusiya daşıyıcıları Rusiyaya gələn reyslərinin yalnız 10 faizini həyata keçirir, qalan 90 faiz isə Polşa, Baltikyanı ölkələr və Belarus daşıyıcılarının payına düşür. Əgər təsəvvür etsək ki, həmin həcmdə malları Rusiya daşıyıcıları Polşa və Ukraynaya dolama yolla gətirir, onda ümumi əlavə xərclər 1 mlrd. avro təşkil edə bilər. Bu xərclərin idxalın qiymətinə “oturacağı”nı və istehlak qiymətlərin bahalaşmasına təsir edəcəyini anlamaq üçün iqtisadiyyat dahisi olmağa ehtiyac yoxdur. Amma yenə də, məsələ təkcə tək iqtisadiyyatdadırmı?
Əgər yaranmış vəziyyətə bir qədər geniş baxsaq və qabağımıza Avropanın xəritəsini qoysaq, aydın olur ki, Rusiya faktiki olaraq blokadaya alınır. Baltikyanı ölkələri, Belarus, Ukrayna və nəhayət Türkiyə (Gürcüstan vasitəsi ilə)... Rusiyanın Qərb sərhədləri budur. Türkiyə ilə Rusiya arasında münasibətlər artıq müharibə qabağı vəziyyəti xatırladır, burada hər hansı tranzit imkanlardan söhbət gedə bilməz, heç bir Rusiya daşıyıcısı Türkiyə və Gürcüstan üzərində Avropadan mal gətirə bilməyəcək. Ukrayna barədə artıq deyilib. Belarus isə yalnız tranzit ölkədir, əgər Rusiya daşıyıcısı Belarusa daxil olsa belə, Polşaya, hər necə olsa, daxil ola bilməyəcək. Problem yalnız Belarus ərazisində maşın dəyişmə üsulu ilə aradan qaldırıla bilər. Amma bu özü bir mühüm proseduradır, bu zaman prosesə əlavə vasitəçi daxil etmək, ya da avtoparkı artırmaq ehtiyacı yaranır. Bu yol real olsaydı, Polşanın sərhədi bağlanandan sonra, bütün daşıyıcılar Ukrayna istiqamətə getməzdilər. Qalır Estoniya və Latviya (yuxarıda qeyd olunduğu kimi bərə vasitəsi ilə) istiqaməti. Hələlik burada Polşa və Ukrayna ssenari müşahidə olunmur, amma bu prosesin şərti desək, sabah baş verəcəyi istisna deyil. Çünki Estoniya və Latviyanın Rusiya ilə mürəkkəb münasibətləri heç kəs üçün sirr deyil və anti-Rusiya qərarları qəbul etmək üçün Avropa İttifaqı (istəsə) və NATO (istəsə) tərəfindən böyük təsir də tələb olunmayacaq. Nəticədə Rusiya quru yol baxımından tam izolyasiyada qalacaq.
İqtisadiyyatının indiki çıxılmaz vəziyyəti şəraitində Avropa mallarının gətirilməməsi ölkəni ən azı SSRİ dövrünə, “defisit” dövrünə qaytaracaq. Avropa ölkələri nəqliyyat məsələsinin Rusiyaya qarşı yönəlmiş məqsədyönlü siyasətin nəticəsi kimi qəbul etməyəcək, çünki dediyimiz kimi, yük daşımaları ilə bağlı qərarların kim tərəfindən və nə vaxt qəbul edilməsi heç vaxt bilinmir. Amma əgər oxşar addımlar eyni vaxtda bir neçə ölkələr tərəfindən atılırsa, o zaman təsadüf faktoru aradan qalxmış olur. Hər şey isə ona bənzəyir ki, Rusiya əleyhinə birləşən müttəfiq ölkələr artıq kiminsə Rusiyanı təcavüzkar xarici siyasətdən əl çəkdirəcəyinə inanmır və buna olan ümidlər Münhen konfransından sonra tam olaraq ölüb. Buna görə də Rusiyanı bütün “cəbhələrdə” sıxışdırmaq əməliyyatına start verilib.
Xatırladaq ki, Münhen təhlükəsizlik konfransında Rusiyanı baş nazir Dmitri Medvedev təmsil edib və çıxışında faktiki olaraq ölkəsinin xarici siyasətini indiki qaydada davam etdirəcəyini bəyan edib. Nəticədə, Rusiya özü özünü çıxılmaz vəziyyətə salıb. Münhen təhlükəsizlik konfransından dərhal sonra Türkiyənin baş naziri Əhməd Davudoğlu Ukraynaya səfər etdiyini də unutmaq lazım deyil. Əminliklə demək olar ki, Davudoğlu-Poroşenko görüşündə ikitərəfli münasibətlərlə yanaşı ümumi düşmənə qarşı atılacaq addımlar da müzakirə olunub. Bütün bunlar heç də təsadüf deyil, əksinə hər şey onu göstərir ki, anti-Rusiya qüvvələri birləşir və nəqliyyat blokadası Rusiyaya qarşı neftin ucuzlaşdırılması və sanksiyaların tətbiqi prosesinin davamı və mühüm hissəsidir.
Vahab Rzayev, APA Analitik Mərkəzi