Tanınmış siyasətçi Putini istefaya çağırdı
18-02-2016, 00:10
Tanınmış rusiyalı siyasətçi Leonid Qozman Rusiya prezidenti Putinə məktub yazaraq onu istefaya çağırıb.
Məktubda deyilir: “Siz artıq 16 ildir ölkəyə rəhbərlik edirsiniz. Son vaxtlar uğurlarla uğursuzluqlar arasında balans mənfi tərəfə dəyişib. Təbliğatınız bunu nə qədər gizlətməyə çalışsa da, insanlar artıq bunu hiss edir. Həyat səviyyəsi xeyli dərəcədə aşağı düşüb, real gəlirlər azalıb. Siz ölkəni neft asılılığından xilas etmədiniz. Bəyanatlarınızdan belə anlaşılır ki, böhrandan çıxış planınız da yoxdur. Terror üzərində qələbə söz vermişdiniz, ancaq terror aktları davam edir. Hakimiyyətiniz dövründə 3 mindən artıq adam terror qurbanı olub. Təşkilatçılar əksər hallarda tapılmayıb. Ukraynada qardaşı qırğınına, daha sonra Suriyada çüharibəyə başlamısınız. Qonşularla münasibətləri korlamısınız, müttəfiqiniz isə qalmayıb. Sanksiyalar iqtisadiyyata ağır zərbə vurdu. Rəhbərliyiniz altında yalan, ədalətsiz məhkəmələr, korrupsiya çiçəklənib. Əksər adamlar yaxınlarınızın və özünüzün korrupsiyaya uğramasını bilir. İnsanlarda qorxu artıb, onlar düşündüyünü deməyə qorxur.
Yeltsinə görə 1991-ci ildə yüzminlərlə adam küçəyə çıxdı. Sizə görə isə çətin anda heç kim çıxmayacaq. 1914-cü ildə İkinci Nikolayın reytinqi indiki reytinqinizdən də artıq idi. Ancaq iki il sonra monarxiya çökdü. Çar öldürüldü, ölkə isə onilliklərə xaosa büründü. O imkanı əldən verdi, xahiş edirəm, onun səhvini təkrar etməyin.
Yaratdığınız avtoritar rejim iqtisadi, mənəvi və iqtisadi böhrana düşən ilk rejim deyil. Adətın bu fəlakətlə bitir. Siz getməlisiniz, çünki potensialınız bitib. Yaruselski, Pinoçet, Franko, İkinci Aleksandr analoji vəziyyətə düşmüşdi. Onlar optimal olmasa da, çıxış yolu tapdı. Siz də edə bilərsiniz. Əlbəttə, gedişinizdən sonra çətin vaxtlar başlaya bilər. Ancaq bu çox çəkməyəcək. ancaq hakimiyyətdə qalmağınız daha çətin və qanlı ola bilər.
Cənab prezident, gedin. Mümkün qədər tez gedib. Bu, indi Rusiya üçün edə biləcəyiniz ən böyük yaxşılıqdır”.