Rusiya üçün “qara xəbər”: Qarabağda qüvvələr balansı dəyişir
15-06-2021, 18:20

Dünən Türkiyə və ABŞ prezidentlərinin Brüsseldə keçirilən görüşündə Dağlıq kı vəziyyət müzakirə olunub.
Danışıqların nəticəsi barədə rəsmi açıqlama verilməsə də, bəzi məlumatlar əldə etmək mümkün olub.
“Co Baydenlə Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsində razılaşma əldə edib”.
Bu barədə Türkiyənin “Kanal 7” telekanalanın şərhçisi Mehmet Acet AKP hakimiyyətindəki diplomatik mənbələrdən məlumat əldə edib.
Onun sözlərinə görə, dövlət başçıları beş məsələ ətrafında ortaq mövqeyə gəliblər ki, bunlardan biri də Dağlıq Qarabağ mövzusudur.
“Bayden Türkiyənin Dağlıq Qarabağ siyasətini bəyəndiyini bildirib və tərəflər Ankaranın bölgədə mövcud səylərini davam etdirmək barədə razılığa gəlib” - deyə Mehmet Acet “TRT Heber” kanalına canlı yayımda verdiyi açıqlamada bildirib.
Politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Prezident Baydenin Dağlıq Qarabağ məsələsində Ərdoğanın siyasətini dəstəkləməsi Türkiyə diplomatiyasının uğurudur:
“Bu da bir sıra səbəblərlə izah oluna bilər. İlk növbədə, Türkiyənin müstəqil siyasi addımlar atması diplomatik nailiyyətə gətirib çıxarır. Eyni zamanda NATO üzvü kimi Türkiyənin bu regionda təmsil olunması ABŞ-ın maraqlarına cavab verir. Danışıqların nəticəsinə dair yayılan məlumatdan da bunu görmək olar. Görünür, Prezident Ərdoğanın Prezident Baydeni inandıra bilib ki, Türkiyənin Cənubi Qafqazda olması həm sabitliyin, həm də təhlükəsizliyin yaranmasına töhfə verəcək. Bu isə o deməkdir ki, Rusiyanın bu regionda öz təsir dairəsini daha genişləndirməsinin qarşısını Türkiyə alıacaq. Bu da Azərbaycanın xeyrinədir və strateji maraqlarına cavab verən bir amildir. Çünki Türkiyə nə qədər güclü olsa, nə qədər ABŞ-ın və NATO-nun dəstəyini qazansa, Azərbaycanın bir o qədər xeyrinə olar”.
Siyasi ekspert onu da əlavə etdi ki, Qarabağa məsələsində ABŞ-ın Türkiyəyə dəstək verməsi Rusiyanın etirazına səbəb olacaq:
“Yəni Ərdoğan-Bayden görüşündən sonra rəsmi Moskvanın sərt reaksiyası gözləniləndir. Bu, Rusiyanı qıcıqlandıra bilər. Amma Rusiya öz məqsədinə çatıb, sülhməramlıları Laçın dəhlizində və Dağlıq Qarabağda yerləşdirib.
Azərbaycanın buna hələ etirazı yoxdur. Moskvanın öz təsir dairəsini bundan artıq genişləndirmək imkanı olmayacaq. Çünki Türkiyə NATO üzvü olaraq, bunun qarşısını almağa tam qadir olacaq. Çünki Türkiyə ABŞ-ın və NATO-nun mövqeyinə arxalanacaq”.
Müşfiq Abdulla
Cebhe.info