“Nəzakətsiz” davranış... - Bayden sualtı qayıq qalmaqalından sonra Makronla barışdı...

31-10-2021, 00:27           
“Nəzakətsiz” davranış... - Bayden sualtı qayıq qalmaqalından sonra Makronla barışdı...
Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı Co Bayden Fransadan yan keçərək AUKUS ittifaqını yaradan və Parisi Avstraliya ilə sualtı qayıqların tədarükünə dair bağladıqları müqavilədən məhrum edən müttəfiqlərin davaranışını “nəzakətsiz” və “nəciblikdən uzaq” adlandırıb.

Moderator.az bu barədə Fransanın “Le Monde” nəşrinə istinadla xəbər verir. Bu cür bəyanatlara baxmayaraq, Makron münaqişənin hələ də həll olunmadığını və yaranmış məsələlərin həlli üçün ABŞ-dan konkret addımlar gözlədiyini açıq şəkildə bildirib.

Avstraliya üçün sualtı qayıqlarla bağlı qalmaqalın gərgin çağında Emmanuel Makron Amerika prezidenti ilə yalnız bir həftə sonra telefon danışığına razılıq verdi. “Le Monde” nəşri yazır ki, cümə günü isə Co Bayden Fransa lideri ilə iki güc arasındakı mübahisəyə son qoymağa ümid etdiyi görüşə saat yarım gecikib.

Bayden üzr istəmədən şəxsi görüşdən əvvəl qısa mətbuat konfransında tərəfdaşlarının Parisə qarşı “nəzakətsiz” və “nəciblikdən uzaq” davrandıqlarını etiraf edib. Dövlət başçısı vurğulayıb: “ABŞ-ın ən köhnə dostu Fransaya dərin rəğbət bəsləyirəm... biz onun sayəsində varıq”. Çoxlu əl sıxma və xoş sözlərdən sonra Makron bəyanatlarında təmkinli davranıb: o, ölkələrin “etimadın bərpası prosesində” olduğunu bəyan edib və “gələcəyə baxmağa” çağırıb.

Qəzetin yazdığına görə, görüşə hazırlaşarkən iki ölkə liderləri arasında “küncləri hamarlamaq” üçün hər şey edilib. Fransız diplomatlar danışıqların G20 sammitinin açılışı ərəfəsində Fransanın Romadakı səfirliyinin ərazisində aparılmasında təkid ediblər. Hazırlıq məsləhətləşmələri zamanı tərəflər müzakirə üçün üç əsas məsələ müəyyən ediblər ki, bunlardan birincisi Avropanın müdafiəsi olub. Rəsmi hesabata görə, ABŞ NATO-ya əlavə olaraq qlobal və transatlantik təhlükəsizliyə müsbət təsir göstərəcək daha ​​güclü və səmərəli Avropa müdafiəsinin vacibliyini qəbul edir. Eyni zamanda Vaşinqton Aİ və NATO arasında strateji tərəfdaşlığın gücləndirilməsinə çağırır. Öz növbəsində görüşdən sonra Makron bildirib ki, ABŞ-la münasibətlərdəki böhran Avropanın bu problemi həll etməli olduğunu təsdiqləyib. Dövlət başçısı Fransanın 2022-ci ildə başlayacaq Avropa İttifaqına sədrliyi dövründə bu istiqamətdə işləmək niyyətindədir.

Danışıqların digər mövzusu Fransa və Avropanın Hind-Sakit okean regionunda rolu olub. AUKUS alyansının yaradılmasına baxmayaraq, Emmanuel Makron ABŞ-ın Parisin regionda təhlükəsizliyin qorunmasında iştirak hüququnu tanıyacağına ümid edir. Bir çox başqa ölkələr kimi Fransa da, ABŞ-dan fərqli olaraq, Çinlə münasibətlərdə daha az qarşıdurmaya üstünlük verir.

Nəhayət, Saheldə terrorizmlə mübarizədə əməkdaşlığın gücləndirilməsi sənəddə əksini tapıb. Makronun sözlərinə görə, bu, artıq konkret nəticələr verir və Fransa və onun avropalı tərəfdaşlarına cihadçılarla daha ​​effektiv mübarizə aparmağa imkan yaradır. Belə ki, ABŞ istifadə üçün əlavə helikopter və pilotsuz təyyarələr ayırıb.

İki prezident həmçinin bərpa olunan resurslar və nüvə enerjisi, eləcə də kosmik proqram üzrə ikitərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. Bundan əlavə, onlar silah tədarükü ilə bağlı strateji dialoqa başlamaq niyyətlərini açıqlayıblar: Paris gözləyir ki, ABŞ komponentlərindən istifadə olunarsa, ixrac məhdudiyyətlərini yumşaltmaq mümkün olacaq. Eyni zamanda Makron ABŞ və Rusiya arasında silahlara nəzarət üzrə danışıqlar zamanı Aİ ilə məsləhətləşmələrdə israrlıdır.

Eyni zamanda yazıda qeyd olunur ki, Fransada AUKUS-un yaradılmasından doğan bütün yaralar sağalmayıb. Makron cümə axşamı Romaya səfərindən əvvəl münaqişə başlayandan bəri ilk dəfə Avstraliyanın baş naziri ilə danışıqlar aparmağa razılaşsa da, Baydenlə görüşdən sonra əvvəlki kimi Kanberranı verdiyi qərara görə tənqid edib.

Bundan əlavə, bazar günü Fransa lideri Böyük Britaniyanın baş naziri Boris Conson ilə sualtı qayıq qalmaqalından sonra ilk dəfə olaraq Şimali İrlandiya ilə ticarət, miqrasiya məsələləri və La-Manş boğazında balıq ovu ilə bağlı məhdudiyyətləri müzakirə etmək üçün şəxsən görüşməlidir. Daxilən Paris yeni ittifaqa görə amerikalıları bağışlamağa hazır olsa da, ingilislərin “xəyanətini” hələ də unuda bilmir. Belə ki, Makron Baydenin görüşdə verdiyi vədləri səmimi hesab edib. Amerika prezidentinin sözlərinə görə, o, Avstraliyanın “ən erkən mərhələdə” Fransanı müqavilənin ləğvi barədə xəbərdar etdiyini düşünür. “Allah bilir ki, sizə xəbər verilmədiyini bilmirdim”, - deyən ABŞ lideri sanki Fransaya etdikləri pisliyə görə üzr istəyib. “Güvənmək sevgidə olduğu kimidir: onu bildirmək yaxşıdır, amma sübut etmək ondan da yaxşıdır”, - deyə Emmanuel Makron vurğulayıb. “Le Monde” nəşrinin yazdığına görə, Makronun bu sözləri AUKUS ilə bağlı münaqişənin, ən azı onun anlayışına görə, hələ tam bitmədiyini düşünməyə əsas verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.