“Manevrlərə bənzəmir...” - ABŞ və Avropa rus qoşunlarının sərhədə yığılmasından narahatdır

1-11-2021, 00:02           
“Manevrlərə bənzəmir...” -
Rusiya yenidən Ukrayna sərhədinə qoşun yığır və bu, bir çox Qərb rəsmilərini narahat edir. Analitiklər deyirlər ki, adi manevrlərə bənzəməyən bu yerləşmələr son vaxtlar Kremlin Ukrayna ilə bağlı ritorikasının kəskinləşməsi səbəbindən diqqət çəkir.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu “The Washington Post” nəşri yazır.

Qəzet yazır ki, Rusiya növbəti dəfə Ukrayna sərhədi yaxınlığında öz hərbi qruplaşmalarını yerləşdirməyə başlayıb. Bu, Rusiyanın qərb cinahında texnika və personalın qeyri-adi yerdəyişməsini diqqətlə izləyən bəzi Amerika və Avropa rəsmilərini narahat edir.

Mövzunu ictimai müzakirə etmək səlahiyyətləri olmadığı üçün anonimlik şərti ilə nəşrlə əlaqə saxlayan rəsmilər bildiriblər ki, qoşunların hərəkəti ilk dəfə aprel ayında Moskvanın sərhəddə hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırdığı zaman ortaya çıxan təhlükəni yenidən alovlandırıb.

Kremlin Ukrayna ilə bağlı siyasətinin sərtləşməsi fonunda Rusiya qoşunlarının sərhəddə hərəkəti bərpa olunub. Prezident Vladimir Putindən başlayaraq Rusiya rəsmiləri son vaxtlar Kiyevin Qərblə əlaqələrini daha çox tənqid edir və hətta Ukraynanın suverenliyini şübhə altına alırlar. Putin həmçinin xəbərdarlıq edib ki, NATO-nun Ukrayna ərazisinə istənilən yerləşməsi Moskva tərəfindən “qırmızı xətti” keçmək kimi qəbul ediləcək.

Moskva ilə NATO arasındakı münasibətlərə gəlincə, oktyabrın 18-də alyansın casusluq ittihamı ilə Rusiya missiyasının səkkiz üzvünü yolladıqdan və Rusiya NATO-dakı daimi nümayəndəliyinin işini dayandırdıqdan sonra vəziyyət xüsusilə gərginləşib.

Eyni zamanda, Rusiya qoşunlarının Ukrayna sərhəddində konkret olaraq nə etdiyi hələlik bəlli deyil. Son günlər sosial şəbəkələrdə Rusiya hərbi qatarlarının və avtokarvanlarının Rusiyanın cənubunda və qərbində tank və raketlər də daxil olmaqla, böyük miqdarda hərbi texnika daşıdığını əks etdirən videolar yayılıb.

“İş orasındadır ki, bunlar təlimlər deyil. Manevrlərə də oxşamır. Nəsə baş verir. Amma nə?”, - deyə CNA analitik mərkəzinin Rusiyanı tədqiqat proqramının direktoru Maykl Kofman sual qarşısındadır.

ABŞ və Avropa rəsmiləri bu hərəkətləri son həftələrdə Rusiyanın Belarusla “Qərb-2021” adlı genişmiqyaslı birgə hərbi təlimi başa vurmasından sonra hiss ediblər.

Kofmanın sözlərinə görə, peykdən çəkilmiş görüntülər göstərir ki, Novosibirskdə yerləşən 41-ci ümumqoşun ordusunun qüvvələri təlimlərdən sonra Sibirə qayıtmayıb, əvəzində Ukrayna sərhədi yaxınlığında Rusiya qruplaşmaları ilə birləşiblər. Kofman onu da qeyd edib ki, şəkillərə əsasən, Moskva vilayətində yerləşən elit birləşmə olan 1-ci qvardiya tank ordusu da öz texnika və şəxsi heyətini Ukraynaya yaxınlaşdırır.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Qərb-2021” təlimi başa çatdıqdan sonra bildirib ki, Rusiya Ukrayna sərhədində yerləşən təlim poliqonlarında hərbi texnikasını, eləcə də komanda və rabitə mərkəzlərini saxlayıb. Onun sözlərinə görə, Krımda yerləşdirilən qruplaşmanı nəzərə almasaq, Ukrayna sərhəddinə yerləşdirilən rus qoşunlarının sayı 80-90 min nəfərdir. Bununla yanaşı, Kiyev hesab edir ki, Moskva vəziyyəti gərgin və qeyri-müəyyən saxlamağa çalışır.

Kofmanın fikrincə, bu dəfə situasiya böyük ölçüdə xüsusi diqqət tələb edə bilər, çünki Rusiya göründüyü kimi, baryerə yaxınlaşır, bundan sonra Kreml Ukraynada daha qəti addımlar atacaq. “Mən deyərdim ki, geriyə addım atmalı və bütövlükdə ötən ilə nəzər salmalıyıq və əgər belə etsək, Rusiyanın Ukrayna ilə bağlı tonu və ritorikasının kəskin şəkildə dəyişdiyini başa düşərik”, - deyə o, fikrini yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.