Əfqanıstandan qaçan qadın hakimlər: "Cinayətkarları buraxıb qadınları həbs etdilər"

3-11-2021, 08:59           
Əfqanıstandan qaçan qadın hakimlər:
Əfqanıstanda Taliban hakimiyyətə gələndən sonra yüzlərlə qadın hakim gizlənmək məcburiyyətində qalıb. Çünki taliblər ölkə miqyasında bütün həbsxanaların qapısını açaraq bir zamanlar həmin hakimlərin həbs etdirdiyi şəxsləri azadlığa buraxıblar. Qadın hakimlərdən 26-sı hazırda Yunanıstanda yaşayır. Təhlükəsizlik baxımından məqalədə onların adı dəyişdirilib.

Gecə yarısına az qalmışdı. Telefon zəng çaldı. Ayrılıq zamanıydı.

Təpədən-dırnağa qara çadraya bürünmüş Səna iki kiçik oğluyla birlikdə küçəyə çıxdı. Uşaqlar içində bir neçə dəst geyim, pasport, telefon və daşıya biləcəkləri qədər ərzaq olan çantalar götürmüşdülər.

Səna deyir ki, evdən çıxanda hara getdiklərini bilməyiblər:
"Bizə dedilər ki, yolda həyatımıza təhlükə ola bilər, ancaq yeganə çıxış yolunun getmək olduğunu bildiyimiz üçün razılşdıq".

Səna onların dalınca gələn maşına minəndə doğulub böyüdüyü, ailə qurduğu şəhərə baxdı. Hara getdikləri barədə heç bir təxmini yoxdu. Amma artıq öz evində qala bilməyəcəyinə əmindi.

"Dönüb uşaqlarıma baxdım. Bu, həyatımın ən ağır anıydı. Çox ümidsiziydim. Düşünürdüm ki, onları ölkədən sağ-salamat çıxara biləcəmmi?"

Qadınlara qarşı zorakılığa görə həbs cəzası verdiyi kişilər üç aydı ki, onu axtarırdılar. Çünki Taliban paytaxta doğru irəlilədikcə həbsxanalardakı məhbusları azad etmişdi ki, onları tutduranlardan qisas alsınlar.

Qətl, intihar və təcavüz faktları da daxil olmaqla, müxtəlif cinayət işlərinə baxdığını deyən Sənanın sözlərinə görə, verdiyi cəzalar, adətən, uzunmüddətli olub:

"Hamısını açıb buraxdılar, hamısı da "Tapsaq, öldürəcəyik" dedilər".
BBC-nin bu yaxınlardakı araşdırmasına görə, Taliban hakimiyyətə gələndən sonra 220-dən çox qadın hakim intiqamdan qorxaraq ölkənin müxtəlif yerlərində gizlənmək məcburiyyətində qalıb. Onlar hər gün ölüm təhdidləri aldıqlarını bildirirlər.

Talibanın bununla bağlı BBC-yə danışan sözçüsü Bilal Kərimi deyib ki, qadın hakimlər qorxmadan yaşamalıdırlar: "Heç kim onları təhdid etməməlidir. Xüsusi hərbi birləşmələrimizə belə şikayətləri araşdırmaq və hər hansı pozuntu halında hərəkətə keçmək tapşırılıb".

Kərimi Əfqanıstanın əvvəlki hökumətinin bütünü üzvlərinə "total amnistiya" vədini də xatırladıb.

Ancaq Səna son ayların kabus olduğunu deyir:

"İki-üç gündən bir yer dəyişdirir, təhlükəsiz evlərdə və ya otellərdə qalırdıq. Geri qayıda biməzdik, evimizə çoxdan basqın etmişdilər".

Təxliyyə

Səna və oğulları 10 saatdan çox, heç yatmadan yol gediblər.

Hər yarım saatdan bir qarşılarına çıxan keçid məntəqələrində Taliban yaraqlıları bütün sərnişinləri yoxlayıblar. Kiçik oğlunu yol boyu qucağında saxlayan Səna övladlarının sağ çıxacağına inanmını itirib:

"Əgər hakim olduğumu bilsəydilər, məni elə ordaca öldürərdilər", - deyən qadın göz yaşlarını saxlaya bilmir.

Səna Əfqanıstanda ərləri tərəfindən zorakılığa məruz qalan qadınların intihar etməsi hallarıyla da məşğul olub.

"Həmişə düşünürdüm ki, bir qadın nə vaxt ölümü seçir? Ümidimi itirməyə başlayanda mən də o nöqtəyə gəldim. Özümü öldürməyə hazırdım".

Səhranı sağ-salamat keçdikdən sonra Səna və uşaqları bir həftədən çox təhlükəsiz bir evdə qalaraq təyyarəyə minəcəkləri günü gözləyiblər.

Qadın deyir ki, təyyarə havaya qalxanda sərnişinlərin hamısı ağlayıb. Artıq onlar ölkəni tərk etmişdilər.
Sığınacaq
26 qadın hakim və onların ailələri Afinada "Covid-19"-la bağlı test ediliblər. Sonra hamısını müvəqqəti mənzillərə yerləşdiriblər. Yunanıstan hakimiyyətinin və müxtəlif xeyriyyə təşkilatlarının müvəqqəti viza proqramı çərçivəsində onlara 14 günlük yemək və sığınacaq təminatı verilib.

İki həftə sonra nə olacağı isə məlum deyildi. Hakimlərə tövsiyə ediblər ki, üçüncü ölkədən sığınacaq istəsinlər.

Esma İngiltərədən sığınacaq istəyənlər arasındadır. 25 ildən artıq hakimlik təcrübəsi olan bu qadın Talibandan artıq ikinci dəfədir qaçır.

1996-cı ildə bu qurum Əfqanıstana nəzarəti ələ keçirəndə Esma ailəsi ilə birlikdə sərhədi keçərək ölkəni tərk edib.

"Biz ikinci dəfədir ki, Talibanın hakimiyyətə gəlməsinə şahidlik edirik. Onların ilk gəlişində də mən hakim idim. O vaxt da cəmiyyətdən ilk qovulanlar qadın hakimlər oldu", - Esma belə deyir.

2001-ci ildə ABŞ və NATO qoşunlarının Əfqanıstana girməsi sayəsində Esma vətəninə qayıdıb və hakim kimi fəaliyyətini davam etdirib.

Akropolis
İki ay əvvəl tarix təkrarlanmağa başlayıb.

Səna da Talibanın ilk yüksəlişinin şahidi olub. 90-cı illərdə taliblər hakimiyyətə gələndə o, hüquq fakültəsini təzəcə bitiribmiş. Beş il evdə qalmağa və işindən çıxmağa məcbur edildiyini bildirən Səna deyir ki, Əfqanıstanda qadınların hakim ola bilməsi özü-özlüyündə böyük bir mübarizədir:

"Onlar ilk növbədə ailələrini yola gətirməlidilər. Sonra hər addımda özlərini sübut etməlidirlər. Yəni Əfqanıstanda qadınların necə əziyyət çəkdiyini bilən qadın hakimlər lazımdır. Xəstələri sağaltmaq üçün həkimə ehtiyac olduğu kimi, qadın hakim də qadınların üzləşdiyi çətinlikləri anlaya və bərabərsizliyin həllinə kömək edə bilər.

Burda qadının hətta cinayət haqqında xəbər verməsi belə ayıb sayılır. Hakimin qadın olması ailələrin öz qadın üzvlərinə dəstək vermək ehtimalını artırır".

Itirilənlər
Yunanıstandakı kiçik sığınacağında gəzinən Səna telefonunu açıb Əfqanıstandakı evinin şəklini göstərir və qürurla deyir ki, bu ev qanunla ərinə yox, onun özünə məxsus olub.

Qadının sözlərinə görə, onlar ölkədən qaçandan sonra həmin evi Taliban rəhbərlərindən biri ələ keçirib və evin əşyalarından da, Sənanın maşınından da özününküymüş kimi istifadə edir.
Yunanıstana gələn qadın hakimlərin yaşca daha gənc olanları itirilən şeylərə görə daha çox təəssüflənirlər.

Nərgiz onlardan biridir, Taliban hakimiyyəti ələ keçirməzdən əvvəl təxminən 5 il əyalətlərin birinin ailə məhkəməsində işləyib.

"Nə qədər ki, Taliban hakimiyyətdədir, qadınların irəliləməsi və son 20 ildə əldə etdikləri şeyləri geri alması mümkünsüz olacaq", - Nərgiz belə deyir.

Bu təşkilatın təkcə yüksəlişini yox, məğlubiyyətini də görmüş yaşca böyük qadın hakimlər daha ümidlidirlər.

Esma deyir ki, əfqan qadınlar 20 il əvvəlki kimi deyillər:

"Talibanın gəldiyi ilk günlərdə aksiyalara çıxan, hüquqlarını tələb edən, təhsil tələb edən qadınları xatırlayın. Bu mərhələyə gəlmək heç də asan olmayıb. Amma bu gün ölkəmizin bütün qızları öz ayaqları üstündə dururlar".
Səna da ümidlidir. Deyir ki, onun və digər qadın həmkarlarının da köməyilə ərsəyə gəlmiş qanunları tarixdən asanlıqla silmək olmayacaq - Taliban onları görməzliyə vursa da belə. Səna arxivlərdəki qeydləri axtarıb tapmağın və paylaşmağın mümkün olduğuna inanır və konstitusiyadan maddələr sadalayır:

"Maddə 22: Bütün Əfqanıstan vətəndaşları - qadınlar və kişilər bərabərhüquqludurlar. Maddə 43: Bütün Əfqanıstan vətəndaşları təhsil hüququna malikdirlər.

Maddə 48: Hər bir əfqanın işləmək hüququ var".

Təcavüz, fiziki zorakılıq, zorla ərə vermə, mülk almağa mane olma, dərsə və ya işə getməyi qadağan etmə kimi halların da daxil edildiyi; 2009-cu ildə qəbul olunmuş "Qadınlara qarşı zorakılığın aradan qaldırılması haqqında" qanunun hazırlanmasına Səna da kömək edib.

Hazırda Taliban iş yerləri və məktəblər "təhlükəsiz" sayılana qədər çalışan qadınların və oxuyan qızların evdə qalmalarına qərar verib. Bunun müvəqqəti qərar olduğu bildirilsə də, vəziyyətin dəyişəcəyi tarix açıqlanmayıb.

BBC-yə açıqlamasında qadınların gələcəkdə hakim və ya nazir kimi vacib postlarda çalışıb-çalışmayacağına münasibət bildirməyən Kərimi "qadınlar üçün iş şərtləri və fürsətlərinin hələ müzakirə olunduğunu" deyib.

Səna hazırda ölkəsində böyük bir ədalətsizlik olduğunu vurğulayır:

"İndi qadınlar öz evlərində həbsdədirlər, amma mənim vaxtilə həbs etdirdiyim cinayətkarları azad ediblər".

Səna deyir ki, Əfqanıstandan uzaqda olmasına baxmayaraq bu ədalətsizliklə mübarizə aparmağa davam edəcək və hər bir əfqan qadını dəstəkləyəcək:

"Əfqanıstan nə Talibanın, nə də hansısa başqa bir qrupundur. Əfqanıstan bütün əfqanlarındır".
BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.