Tövbə edən Saakaşvilini həbsxanadan helikopterlə aparıblar - KİV
8-11-2021, 18:38

Gürcüstanın sabiq prezidenti, Rustavidəki 12 saylı həbsxanada 39 gündür aclıq elan etmiş Mixeil Saakaşvilini həbsxanadan çıxarıblar.
Sputnik Gürcüstan bildirir ki, bu barədə onun anası Giuli Alasaniya jurnalistlərə deyib.
O qeyd edib ki, oğluna həbsxanada baş çəkmək istəyirmiş, ancaq onu oraya buraxmayıblar, çünki Saakaşvili artıq orada yoxdur.
"Məlum oldu ki, iki zirehli maşın gəlib, sonra isə başımızın üstündən bir helikopter uçdu", - Alasaniya deyib.
--------
18:06
Hazırda həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili tövbə edib. Sputnik Gürcüstan xəbər verir ki, bunu Axalkalaki mitropoliti Nikoloz bildirib.
O deyib ki, Saakaşvili özü tövbə etmək qərarını verib.
Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipianinin sözlərinə görə, aclığın 39-cu günündə onun vəziyyəti ağır, kritik həddə yaxındır.
Saakaşvilinin azadlığa buraxılmasının mümkünlüyü barədə danışan mitropolit Nikoloz bildirib: "Onun azadlığa buraxılmasına gəldikdə, mən hesab edirəm ki, bütün insanlar öz əməllərinə görə məsuliyyət daşımalıdırlar, lakin məhkəmə və məhkəmə qərarı adekvat olmalıdır".
Gürcüstanın sabiq prezidentinin həbsi
Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onu üç məhkəmə instansiyası parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin işinə görə müqəssir bilib.
Ona qarşı həmçinin:
* Dövlət Mühafizə Xidmətinin 9.2 milyon larisini xərcləmək,
* 2007-ci il noyabrın 7-də aksiyanın dağıdılması,
* "İmedi" telekanalının dağıdılması,
* mərhum milyoner Badri Patarkatsişvilinin əmlakına yiyələnmə kimi ittihamlar irəli sürüblər.
Prokurorluqdan bildirilib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi hələlik müzakirə olunmur və cəzasını vətənində çəkəcək.
Oktyabrın 1-də Rustavi həbsxanasına aparılan Mixeil Saakaşvili elə həmin axşam özünə qarşı irəli sürülən hökmlə razı olmadığını, özünü siyasi məhbus hesab etdiyini bildirərək aclıq elan edib.