Erməni hakimiyyətinin “zooloji qorxu” sindromu
6-05-2015, 14:41
“Haqlı olaraq bildirilir ki, Ermənistan prezidentinin Vaşinqton səfəri Moskvanı qıcıqlandırmamaq üçün atılmış bir addımdır”.
Axar.az xəvər verir ki, bu açıqlama ilə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu çıxış edib. O bildirib ki, erməni mətbuatı hələ də bu görüşün kimə və nəyə lazım olduğunu araşdırır:
“Ermənistan Prezidenti Serj Sərkisyanın Vaşinqton səfəri ərəfəsində bu ölkənin deputatxanasının başçısı Qalust Saakyan qondarma Cənubi Osetiya parlamentinin spikeri Anatoli Babilevlə görüşüb ki, bu da Gürcüstan tərəfindən çox sərt qarşılanıb. Görüş barədə yazan erməni mətbuatı bu vurhavurda belə bir görüşün kimə və nəyə lazım olduğunu araşdırır. Haqlı olaraq bildirilir ki, Ermənistan prezidentinin ABŞ-a səfəri ərəfəsində bu addım ancaq Vaşinqtonda Sərkisyan üçün mənfi aura yaradacaq və xoşagəlməz suallar doğuracaq. Sonra isə belə bir görüşün Sərkisyanın razılığından kənar baş tutmasının mümkün olmadığını yazan mətbuat bildirir ki, görünür, erməni prezidenti bu addımı öz Vaşinqton səfəri ilə Moskvanı qıcıqlandırmamaq üçün atıb. Başqa sözlərlə, Ermənistan prezidenti Rusiyaya demək istəyir ki, amerikalılardan da bir az nəsə qopartmaq fikri var, amma rusların şalvarının arxa cibindən çıxmaq fikrində deyil. Bunları oxuyanda çox sevindim ki, ermənilər bədbəxt gündədirlər, çünki rusun qarşısında zooloji qorxusu olan yaramaz hakimiyyətləri var. “Zooloji qorxu” kəlməsi deyəsən bir az qəliz oldu. Odur ki, bunu sadə dildə ifadə eləmək üçün yenə də yaxın əcdadlarımıza müraciət etməli olacağam. Rəhmətlik nənəm belə yerdə “it kimi qorxur” deyərdi”.