İranda yeni növ koronavirus infeksiyasına qarşı istehsal olunan peyvəndlər yaxın aylarda ixrac olunacaq. AzVision.az xəbər verir ki, bu sözləri İranın səhiyyə nazirinin müavini Yunis Pənahi jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, İqtisadi sanksiyalara baxmayaraq İran 6 peyvənd istehsal edərək əhalini tam olaraq təmin edib. Belə ki, bəzi avadanlıqların ölkəyə gətirilməsindən sonra kütləvi şəkildə peyvənd istehsalına başlanılacaq və ixrac potensialı yaranacaq.
İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, ölkədə koronavirusun yayılması və ölüm halları azalmaqda davam edir ki, bunun da əsas səbəbi əhalinin 85 faizdən çoxunun peyvənd olunmasıdır. Son 24 saat ərzində İranda 968 nəfər virusa yoluxub, 50 nəfər isə həyatını itirib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 6 170 979 nəfər, ölənlərin sayı isə 131 083-ə çatıb.