Lavrov Avropanı müharibə ilə hədələdi: “Qaçılmaz olacaq”

25-12-2021, 00:09           
Lavrov Avropanı müharibə ilə hədələdi:
Ukraynanın NATO-ya üzv olması Avropada genişmiqyaslı hərbi münaqişəyə səbəb ola bilər.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bosniyanın “Oslobodjene” qəzetinə müsahibəsində bildirib.

“Sərhədlərimizdə hücum-raket komplekslərinin yerləşdirilməsi və Ukraynanın NATO-ya cəlb edilməsi Rusiyanın təhlükəsizliyinə qəbuledilməz təhdidlər yaradır. Bu, bütün iştirakçıları ciddi hərbi risklər qarşısında qoyur. Hətta bunun nəticəsində Avropada genişmiqyaslı münaqişə yaşana bilər”,- Lavrov xəbərdarlıq edib.

Nazir qeyd edib ki, 7 dekabrda Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında keçirilən danışıqlarda əsas mövzu məhz Ukrayna olub.

Maraqlıdır, həqiqətən Ukrayna böranı Avropada müharibənin başlamasına səbəb ola bilər?

Cebhe.info-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib ki, Ukrayna hazırda həm Qərb, həm də Rusiya üçün “soyuq müharibə” poliqonuna çevrilib:

“Ümumiyyətlə, Rusiya və Qərb Ukraynanı “bufer zona” hesab edir. Belə bir vəziyyətdə, Ukraynanın olduqca ehtiyatlı davranmasına ehtiyac var. Lakin rəsmi Kiyev Moskva ilə güc yolu ilə danışmağı qarşısına məqsəd qoyub. Son zamanlarda yaşananlar bizə bunu deməyə əsas verir. Düşünürəm ki, Donbas bölgəsində yeni müharibənin baş vermə ehtimalı ortaya çıxıb. Rusiyanın hədələri də məhz bununla bağlıdır. Kreml birmənalı olaraq Ukrayna ərazisində NATO hərbi birləşmələrinin yerləşməməsi üçün müxtəlif vasitələrdən istifadə edə bilər.

Nəzərə almaq lazımdır ki, 2013-cü ildə Ukraynada baş verən Maydan hərəkatı Donbasın itirilməsilə nəticələndi. Əgər Ukrayna NATO-ya üzv olunmağa doğru gedər və ərazisində xarici hərbi qüvvələr yerləşdirilsə, onda müharibə qaçılmaz ola bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.