İtaliya Əlcəzairlə qaz tədarükünün 40% artırılması haqqında saziş imzalayıb
12-04-2022, 11:25

Yanacaq tədarükünü şaxələndirmək və Rusiyadan təbii qaz idxalını azaltmaq məqsədilə İtaliya Əlcəzairlə qaz tədarükünün, təqribən, 40% artırılması haqqında saziş imzalayıb. Bu, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra alternativ təbii qaz axtarışında olan İtaliya hökumətinin imzaladığı ilk böyük sazişdir.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, sənəd İtaliyanın Baş naziri Mario Draqi və xarici işlər nazirinin Əlcəzairə səfəri çərçivəsində imzalanıb.
İdxal etdiyi qazın, təqribən, 40%-ni Rusiyadan alan İtaliya enerji təchizatı strukturunu şaxələndirməyə çalışır. Rusiyadan alınan 29 milyard kubmetr qazı əvəz etmək üçün Konqo, Anqola, Azərbaycan və Qətərə tədarük həcmlərinin mümkün artırılması haqqında müraciət edildiyi bildirilir.
İtaliyanın enerji nəhəngi olan “Eni” şirkəti Əlcəzairin “Sonatrach” şirkəti ilə “Transmed” kəməri vasitəsilə tədarük həcmlərinin tədricən artırılması haqqında razılığa gəlib. Razılığa əsasən bu ildən başlayaraq, 2023-2024-cü illərədək illik 9 milyard kubmetr əlavə qaz tədarük edilməsi nəzərdə tutulub.
Hazırda İtaliya alternativ tədarük mənbələri axtarışında olan yeganə ölkə deyil. Avropa Komissiya Avropa ölkələrinə müraciət edərək, bu il Rusiya qazının idxalını 2/3 azaltmağı, 2027-ci ilədək isə ondan tamamilə imtina etməyi təklif edib.