Ermənistan parlamenti Müdafiə Nazirliyindəki kadr dəyişiklikləri haqda
27-04-2016, 08:57
Ermənistan parlamentinin Müdafiə, daxili işlər və milli təhlükəsizlik üzrə daimi komissiyasının sədri Koryun Naapetyan bildirib ki, Müdafiə Nazirliyində kadr dəyişiklikləri bundan sonra da davam edə bilər.
Virtualaz.org-un “İnterfaks”-a istinadən məlumatına görə, o bunu nazirlikdə bugünkü kadr dəyişikliklərinə münasibət bildirərkən deyib.
“Müdafiə Nazirliyindəki yüksək rütbəli şəxslərin vəzifədən çıxarılmaları bir daha təsdiq edir ki, onlar öz sahələrində çox ciddi nöqsanlara yol veriblər”, -deyə komissiya sədri vurğulayıb.
Naapetyanın sözlərinə görə, Qarabağ zonasındakı dörd günlük müharibə göstərdi ki, təcili həll olunmalı xeyli problem var. O həmçinin əlavə edib ki, həmin problemlərin həlli üçün yeni yanaşma tələb olunur.
Xatırladaq ki, bu gün prezident Serj Sarkisyanın fərmanı ilə müdafiə nazirinin maddi-texniki təchizat məsələləri üzrə müavini Alik Mirzəbekyan, Baş Qərargahın Kəşfyyat İdarəsinin rəisi, general-mayor Arşak Karapetyan, Rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan işdən azad ediliblər.