Fransız deputatdan Qarabağla bağlı bəyanat

28-04-2016, 22:52           
Fransız deputatdan Qarabağla bağlı bəyanat
Fransa Milli Assambleyasının deputatı, xarici işlər komissiyasının üzvü Jan Luk Reytzer Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatlara etirazını bildirən bəyanat yayıb.

Bəyanatda qoşunların təmas xəttində Ermənistan tərəfindən törədilən hərbi təxribatların və bu təxribatlar zamanı Azərbaycanın işğal altında olan 7 rayonunun mülki əhalisinin və yaşayış yerlərinin hədəfə alınmasının qəbuledilməz olduğu diqqətə çatdırılır.

Fransalı deputat Ermənistanın işğalçı siyasətini pisləyərək BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qoşunlarının dərhal və qeyd-şərtsiz çıxmasını tələb etdiklərini xatırladır, Ermənistanın beynəlxalq hüququn normalarını kobud şəkildə pozduğunu vurğulayır.

Bildirilir ki, Fransa BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi, onun qəbul etdiyi qətnamələrin qəbulunda birbaşa iştirak edib və Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Eyni zamanda, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin sülh yolu ilə icra olunmasını təmin etmək üçün səylərini davam etdirir.

Tarixi ədalətin və beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu bildirən Jan Luk Reytzer ölkəmizin ərazi bütövlüyünün tezliklə təmin ediləcəyinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına dönəcəklərinə əminliyini bildirir. Deputat vurğulayır ki, Fransa əhalisi hər zaman ədalətin tərəfdarı olan bir xalq kimi Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

“Son günlər ərzində Azərbaycanın Tərtər, Ağdam, Füzuli və digər rayonlarında mülki əhalinin və mülki obyektlərin Ermənistan tərəfindən hədəfə götürülərək təcavüzə məruz qalmalarını bir daha qəti olaraq pisləyir və BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin həyata keçirilməsinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırıram”, - deyə deputat Jan Luk Reytzer vurğulayıb.

axar.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.