Gürcüstan hökuməti Rusiyaya çaxıramı satılıb - İDDİA

29-04-2016, 12:28           
Gürcüstan hökuməti Rusiyaya çaxıramı satılıb - İDDİA
Gürcüstan hökuməti Türkiyədən Azərbaycana gələn malların öz ölkəsinin ərazisindən keçməsinə çətinlik yaradıb. Bu iddia ilə türkiyəli iş adamları çıxış edib. Onların sözlərinə görə, Gürcüstanın Türkiyə iş adamlarına qarşı qanunsuz davranışları nəticəsində ixracatda problemlər yaranıb. Bu süni əngəllər son 3 ayda daha da çoxalıb. ANS-in məlumatına görə, bu sözləri Qara Dəniz İxracatçılar Birliyinin sədri Əhməd Hamdi Gündoğan deyib.

O qeyd edib ki, Azərbaycana gələn Türkiyə TIR-larının sürücülərinə qarşı qanunsuz cərimələr tətbiq edilir. “Sərhəd keçid məntəqələrində heç bir tıxac olmadığı halda türk iş adamlarına məxsus TIR-lar qeyri-qanuni formada dayanacaqlara aparılır. Amma bu dayanacaqlar pulludur. Hər bir sürücü 30 lari (20 AZN) dayanacaq pulu ödəyir. Bizim TIR-lar səbəbsiz yerə o dayanacaqda günlərlə saxlanılır. Gürcüstan Türkiyə ilə sərhəd qonşusudur. Bir çox sahələrdə Gürcüstan bizim dəstəyimizlə ayaqda dura bilib. Amma onların etdikləri Ümumdünya Ticarət Təşkilatının qaydalarına ziddir. Hətta bəzi hallarda sürücülərdən 200 dollar pul tələb olunur. Türkiyə və Gürcüstan arasında sərbəst ticarət haqqında anlaşma olduğu halda, bu sənəd kağız üzərində qalıb” deyə, Hamdi Gündoğan bildirib.

Xatırladaq ki, ötən ilin noyabr ayında Türkiyə və Rusiya arasında münasibətlər korlandıqdan sonra Türkiyə TIR-larının Gürcüstan ərazisindən Azərbaycana gələn sürücülərin sayı artıb. Bəzi hallarda həmin sürücülərə qarşı hücumlar da təşkil edilib. Artıq Türkiyə hökuməti bu barədə Gürcüstan tərəfi ilə danışıqlara başlayıb. Məlumata görə, söhbət əsasən kənd təsərrüfatı məhsullarının tranzitindən gedir.

Gürcüstanın Türkiyə iş adamlarına qarşı bu addımı atmasında “Rusiya izi” axtaranlar da az deyil. Belə ki, Gürcüstanın yeni hökuməti əsasən qərbmeylli olsa da, onun Rusiya ilə gizli yaxınlaşmalarının olduğu da deyilir.

Ekspert də düşünür ki, Gürcüstanda yaradılan bu əngəl son təyyarə olaylarından sonra Rusiyanın Türkiyəyə qoyduğu embarqonun başqa bir formasıdır.

İqtisadçı ekspert Natiq Cəfərli də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələdə Rusiyanın əli olması ehtimalı çox yüksəkdir: “Son zamanlar Gürcüstanın Rusiya ilə ticarət dövriyyəsində çox böyük artım müşahidə olunur. Xüsusən də Gürcüstanın ənənəvi ixrac məhsulu olan şərabçılıq və kənd təsərrüfatı məhsulları Rusiya bazarına daha rahat daxil ola bilir. Son rəqəmlər də göstərir ki, son zamanlar Gürcüstanın Rusiyaya ixracatında 30 faizə yaxın artım var. Çox güman ki, Rusiya tərəfindən ixracatın artırılması şərtlərindən biri də Türkiyədən tranzit gələn məhsulların keçməsinə maneə yaratmaqdır. Çünki Gürcüstan üzərindən gələn Türkiyə məhsulları təkcə Azərbaycana gətirilmir, Rusiya yolu bağlı olduğu üçün ölkəmiz üzərindən bərə ilə keçməklə Qazaxıstana və Orta Asiya respublikalarına da çatdırılırdı. Çox güman ki, Rusiya ilə ticarət dövriyyəsinin artırılmasının şərtlərindən biri də Türkiyə məhsullarının Gürcüstan üzərindən keçməsinə maksimum əngəl yaradılması da ola bilər. Bu məsələ bağlı qapılar arxasında müzakirə olunub və Gürcüstan hökumətinin atdığı addımların bu danışıqların bir parçası olması ehtimalı çox yüksəkdir. Ancaq bunun nə vaxta qədər davam edəcəyini demək çətindir. Yaradılan əngəllərin uzunmüddətli, yoxsa qısamüddətli olmasını yaxın günlərdə biləcəyik. Türkiyə ilə Gürcüstan arasında olan danışıqlarda bu məsələ həll olunacaq. Gürcüstanla Türkiyə arasında da həm turist dövriyyəsi, həm də ticarət dövriyyəsi kifayət qədər yüksəkdir. Türkiyənin də Gürcüstana müəyyən şərtlər diktə etmək imkanı var. Əgər burada Rusiya faktoru rol oynayıbsa, danışıqlarda bu məsələnin neytrallaşması ehtimalı çox yüksəkdir”.

Bu prosesin Azərbaycana təsirinə gəlincə, N.Cəfərli qeyd etdi ki, əgər ticarət dövriyyəsi zəifləyəcəksə, bu, ölkəmizə də öz təsirini göstərəcək: “Hökumətin də elan etdiyi hədəflərdən biri Azərbaycanı tranzit ölkəyə çevirməkdir. Bunun üçün də müəyyən qədər infrastruktur yatırımları oldu. Orta Asiyanın Azərbaycan üzərindən təmin olunmasında müəyyən işlər görülmüşdü. Əgər ticarət dövriyyəsi zəifləyəcəksə, Gürcüstan üzərindən keçib Azərbaycana gələn və Orta Asiya respublikalarına çatdırılan məhsullarda ləngimələr olacaqsa, bu, Azərbaycana da ciddi iqtisadi ziyan vuracaq. Bundan başqa, Azərbaycanın da Türkiyə ilə ticarət əlaqələrinə mənfi təsir göstərə bilər. Çünki Türkiyə ilə bizim ticarət dövriyyəmiz kifayət qədər böyük rəqəmlərlə ölçülür. Azərbaycanın bu prosesdən ziyansız çıxması mümkün deyil, ziyan olacaq. Lakin bu ziyanın nə qədər olacağı və prosesin nə qədər davam edəcəyi danışıqlardan sonra bəlli olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.