Şimali Koreya döyüşçüləri Rusiya yaxtasını ələ keçirdilər – Yenilənib
14-05-2016, 16:44
Rusiya səfirliyi “Elfin”in sərbəst buraxılmasını tələb edib.
Rusiyanın Pxenyandakı səfirliyi Şimali Koreyanın XİN-dən və Xalq silahlı qüvvələrindən Yapon dənizində Rusiya yaxtası “Elfin”in saxlanılmasının səbəbləri barəsində dərhal məlumat verməyi, eləcə də gəminin və heyətin sərbəst buraxılması üçün təcili tədbirlər görməyi tələb edib.
Bu barədə axu.az TASS-a istinadən xəbər verir.
Rusiyanın Çondin şəhərindəki baş konsulluğunun əməkdaşlarına rus yaxtasının Şimali Koreyanın sahil mühafizəsinin gəmisinin müşayiəti altında yollandığı Kimçxak limanına getmək göstərişi verilib.
* * *
Şimali Koreyanın sahil mühafizəsinin ekipajı “Elfin” yaxtasında Rusiyanın Primorye diyarından olan idmançıları saxlayıb. Oxu.az xəbər verir ki, bu barədə RİA Novosti-yə “Vladivostok” xilasetmə-koordinasiya mərkəzinin nümayəndəsi bildirib.
“Yaxtanı sahil mühafizəsi tutub. Ekipaj qaydasındadır”, – deyə, o, bildirib.
Hadisənin Yapon dənizində, neytral sularda baş verdiyi bildirilir. Cənubi Koreyanın Pusan limanından Vladivostoka gələn gəmi sahildən 157 km məsafədə saxlanılıb. Şimali koreyalılar gəmi kapitanını göyərtələrinə alıblar.
Daha sonra “Elfin” yaxtasının Şimali Koreya istiqamətində aparıldığı bildirilir.
Rusiya XİN-nin Vladivostokdakı nümayəndəliyi rəhbərinin vəzifəsini müvəqqəti icra edən İqor Aqafonov bildirib ki, Şimali Koreya hərbçilərinin saxladığı yaxtanın ekipajı ilə əlaqə yoxdur, gəminin Şimali Koreyaya çatıb-çatmaması barədə də məlumat alınmayıb.
“Şimali Koreya tərəfinin iddialarının mahiyyətini öyrənmək lazımdır. Hələlik informasiya yoxlanılır, təfərrüatlar araşdırılır. Bu standart prosedurdur”, – deyə, o, bildirib.