Batin alimi yazır: "Kürd yatdım, ərəb oyandım" nə deməkdir?
Dünən, 10:32

Məlumdur ki, Hz. Mövlanə Cəlaləddin Rumi, Məsnəvinin birinci cildinin ön sözündə, “Kürd yatdım, ərəb oyandım” deyən bir şeyxin nəslindən gəldiyini qeyd edir. Bu şeyxin hansı mənada bu sözləri deməsini aydınlaşdırmaq üçün, biz ilk növbədə şeyxlərin və sufi müdriklərin məntiqini anlamalıyıq.

Son zamanlar qədim mənbələrlə bağlı elmi araşdırmaların çoxluğuna və süni intellektin də öz məntiqi ilə nəticələr çıxarmasına baxmayaraq, qədim tarix, fəlsəfə, din və s. sahələr anlaşılmaz qalmışdır. Çünki, müasir insanlar qədim mətnlərə, bu mətnləri yazmış müdriklərin məntiqi ilə yox, öz məntiqləri ilə yanaşırlar. Müasir məntiqi, yəni yazıların hərfi mənalarını isə qədim müdriklər - "heyvani insanın" məntiqi hesab edirdilər. Məşhur sufi Mühiddin ibn Ərəbi, özünün "Füsusül hikəm" kitabının "Musanın sözü" ilə bağlı bölümündə yazır: "Allah dedi: "Və o Özündən, göydə və yerdə olanların hamısını sizə tabe etdi". Budur, dünyada nə varsa, hamısı insana tabedir: bunu bilən, bildiyini biləndir, yəni bilavasitə kamil insandır, bilməyən isə, bilmədiyini bilməyəndir, yəni heyvani insandır". Bu o deməkdir ki, ibn Ərəbiyə görə kamil insan - Allahın hər şeyi insana necə tabe etməsinin sirlərini bilən və bildiyini bilən insandır. Heyvani insan isə bu sirləri bilməyən və bilmədiyini bilməyib danışan insandır.
Mənbələrə görə, qədim Misirdə firon Amon adlanan Türk piri Əman - Kamil İnsan nəsli olan ölümsüz Göy insanlarını yaratmışdır. Bu Göy türkləri də öz əlləri ilə ölümlü yer insanlarını yaratmışlar və mən bu haqda internet səhifələrimdəki "Allah - türkləri, оnlar isə insanı yaratdılar" adlı məqalədə yazmışam (1). Müdriklərin məntiqinə görə bütün qədim yazılar, fəlsəfələr, dinlər və hər şey - göydə yaradılmış Kamil İnsana və Onun nəslinə aiddir. Tarix - Kamil İnsanın 7700 illik getdiyi tərikə yolu, fəlsəfələr - bu İnsanın yaradılması və mahiyyəti, dinlər isə möminlərin bu Kamil İnsana inamıdır. Bu məntiqə görə, Göy insanlarının yaratdığı ölümlü yer insanlarının qədim yazılara aidiyyatı yoxdur. Yəni, onlar yazılarda qeyd olunmağa layiq görülməmişlər.

Bu gün heç kim - Allahın hər şeyi insana, yəni Göy insanları olan pir-seyidlər nəslinə necə tabe etməsinin sirlərini bilmir. Başqa sözlə, Mühiddin ibn Ərəbiyə görə bütün bu günkü insanlar, yaradılışın sirlərini bilməyən heyvani insanlardır. Deməli biz, "Kürd yatdım, ərəb oyandım" ifadəsinin əsl mənasını anlamaq üçün, qədim müdriklərin məntiqinə müraciət etməliyik. Bu məntiq Tövratda - ilk insanların vahid səfa dili, yəni sufizm adlanır ki, Quranda bu dil Süleyman peyğəmbərə verilmiş "Quş dili" kimi qeyd olunur. Quranda - "İkra!", yəni "Rəbbinin adı ilə oxu" dedikdə də, qədim mətnləri rəmzlərin (samit hərflər) batini mənalarını dərk edərək, bu "dildə" oxuyanlar nəzərdə tutulur. Bu cür oxuyanlar isə qədim mənbələrdə Kari (Kurra), əshabi-Karya adlanan ismaili natiqləri, yəni "danışan Quranlar" olmuşlar.

Sufi məntiqində ikra və kari rəmzləri, Quran mənasında olan qərəə rəmzi ilə eyni mənalıdır. Bunlar, qədim Misir mətnlərində - "Qor Allahının yolu ilə gedən" ilk fironlar, yəni pirlər nəslidir. Mən, internet səhifələrimdəki "Устная Тора глазами суфия-агадиста" adlı məqalədə, müqəddəs yazıların 7 qat dərin mənalarını bilən karilər və onların məntiqi haqda yazmışam (2). Əhdi-ətiq bu Qor Allahının yolu ilə gedənləri - aqarlılar, yəni Həcər, Qacar ismaililəri adlandırır. Bu nəsil Tövratda - "Midiyanın Gelat ismaililəri" kimi qeyd olunur. Başqa sözlə biz, "Kürd yatdım, ərəb oyandım" ifadəsinin əsl mənasını anlamaq üçün, ismaili natiqlərin - 7 qat dərin batini mənalı səfa/sufi məntiqinə müraciət etməliyik.

Mövlanə Həzrətlərinin, Hüsaməddin Çələbi ilə bağlı "Kürd yatdım, ərəb oyandım" ifadəsi haqda mənbələrdə bunlar yazılır: “Odur üstünlüklərə malik olan, Ahitürkoğlu kimi tanınan Həsənin oğlu Məhəmmədin oğlu din və haqq Husamı Şeyx Həsən. Vaxtın Bəyazididir, zamanın Cüneydidir. Siddiq oğlu siddiq oğlu siddiqdir. Allah ondan razı olsun, onlardan da. Ataları tərəfindən Urmiyalıdır, hani “Kürd olaraq yuxuya getdim, ərəb olaraq oyandım” (Asbahtu Kurdiyyən və əmsəytu Ərəbiyyən) deyən kərəm sahibi şeyx var ya, nəsli ona dayanır.” Bu ifadənin əsl mənalarını anlamaq üçün biz, sözlərin batini mənalarına müraciət edək.
Ərəb dilində "asbahtu kurdiyyən və əmsəytu ərəbiyyən" ifadəsi - "səhər kürd, axşam ərəb oldum" deməkdir. Aydın məsələdir ki, heç bir insan səhər bir, axşam isə digər xalqın nümayəndəsi ola bilməz. Deməli, bu deyim rəmzi mənadadır və biz bu ifadənin əsl mənasını dərk etmək üçün mənbələrə müraciət etməliyik.

Abu Usman Əmr ibn Bəhr əl-Cəhizin əl-Fəth B. Xaqana müraciətnaməsi olan "Türklərin ləyaqətləri və xəlif ordusundakı digərlər haqqında" əsərində deyilir: "İsmail qeyri-ərəb oğlu olduğu halda, dönüb ərəb oldu. Çünki Allah onun dil və boğazını, heç bir hazırlıq və məktəb keçmədən düzgün ərəb nitqinə uyğunlaşdırdı. Sonra onun "ərəb olmayan təbii keyfiyyətlərinə son qoydu və onun bədəninə, məharətlə - lazımi vəziyyətdə düzəltdiyi və uyğunlaşdıraraq vacib forma verdiyi vacib hissələri köçürtdü. Daha sonra O - ona, onların təbii xüsusiyyətlərini verdi, ona - onların obraz və keyfiyyətlərini verdi, ona - onların alicənablığını, qürurunu və onların daha da alicənab, daha da ali, daha da adlı-sanlı və daha da yüksək olmağa meylliliyini verdi. Allah bunu, onun xüsusi peyğəmbərlik missiyasına sübut kimi etdi. Onun hamıdan çox bu mənşəyə hüququ vardı və bu mənşədə ən ləyaqətlisi oldu. O, bunu - İbrahimi, özünün törətmədiklərinin atası etdiyi kimi etdi" (3). Əl-Cəhizin bu yazısından belə çıxır ki, burada ərəb deyəndə söhbət kiminsə milliyətindən yox, bir formada olmuş insanın, dəyişdirilib digər forma almasından gedir. Yəni, burada imam Mehdi mənasında göstərilən İsmailin ruhunun, bədəndən çıxıb ilkin materiyanın "dilini" dərk etməsindən və 124 min peyğəmbərin xüsusiyyətlərinə uyğunlaşmasından danışılır. Əl-Cəhiz, İsmail haqqında yazdıqlarını dəqiqləşdirmək üçün əlavə edir: "Bütün möminlər, o cümlədən uşaq və kəmağıllar, cənnətə girəndə - hazırlıqsız, uzun təhsil və məsləhət almadan - dərhal cənnət sakinlərinin dilində danışmağa başlayırlar. İsmailin ata məsləhəti, himayəçi və analığı olmadan birdən-birə ərəbcə danışdığına cahillər necə də təəccüblənəcəklər. Belə bir sualı cahil bir qahtani adnaniyə verə bilər, çünki məhz qahtani üçün bu sual çətindir. Adnanilər isə asanlıqla qənaətbəxş və həqiqətəuyğun cavab tapa bilərlər. Eyni zamanda qahtanilər Qahtanın peyğəmbər olmasına iddialı deyillər (Allah onlara belə möcüzə qismət etsin). Allah torpaq çirkabından müəyyən hissə yaqut, müəyyən hissə qızıl, mis və ya qurğuşun, müəyyən hissə bürünc və ya dəmir, müəyyən hissə toz, müəyyən hissə isə gil və ya kuporos, oxra, mərgümüş, qurğuşun oksid, kükürd, bitum, sink, ammonyak və ya maqnit yaratdığı kimi, insanları da bölmüşdür. Kim yerdə olan mineral və qiymətli daşların miqdarını hesablaya bilər? Əgər məsələ bizim dediyimiz kimidirsə o zaman banəvi xorasanlıdır. Əgər xorasanlı maulyadırsa, maulya isə ərəbdirsə, onda xorasanlı, banəvi, maulya və ərəb bir vahid təşkil edirlər. Bu o deməkdir ki, onları yaxınlaşdıran keyfiyyətlər, onları fərqləndirən keyfiyyətlərdən daha çoxdur və həm mahiyyətcə həm də şəcərə ağacına görə onlar sıx bağlıdırlar. Əlqərəz, türkləri xorasanlı və xəliflərin məvaliləri (mövla) hesab etmək olar. Beləliklə, türklərin ləyaqət və hörməti hamı tərəfindən qəbul edilir və onların şərəfi başqalarının şərəfini artırır" (4).

Əl-Cəhizin yazdığından belə çıxır ki, həqiqətdə ərəb dili deyəndə cənnətdə danışılan Rəbb dili, yəni ilkin materiyanın vahid dili başa düşülməlidir və ərəblər də göydə yaşayan cənnət əhlidirlər. Ərəblərin xorasanlılarla eyni olması isə o deməkdir ki, burada Xorasan rəmzində, ərazi mənasında Xor, yəni Qor Allahının dünyası olan ruhlar dünyası başa düşülməlidir və mən "Batini-Quran" kitabımda bunlara geniş izah vermişəm. Başqa sözlə, xorasanlı dedikdə burada - Xor (Qor) Allahının yolu ilə gedib, göydəki Xor dünyasında, cənnətdə ölümsüzlük qazanmış ruhlar başa düşülməlidir. Xüsusi qeyd etmək istəyirəm ki, qədim Misir mətnlərində də göydəki ruhlar dünyası, yəni cənnət, yerdəki fiziki dünya kimi real göstərilir və alimlər bəzən yazılarda söhbətin hansı dünyadan getdiyini ayırd edə bilmirlər. Burada qahtanilər dedikdə, kosmik Kamil İnsanın obrazı və bənzəri kimi "qəlibdə" yaradılmış 120000 (124000 peyğəmbərin ilkinləri) İlahi varlıqlar nəzərdə tutulur ki, onlar Babil qülləsini və onun göylərində cənnət yaratdıqdan sonra, ora köçmüşlər. Adnanilər isə, bu nəhəng varlıqların obrazı və bənzəri kimi yaradılmış Türk pirləri və seyidləri, yəni padişahlar və peyğəmbərlər nəslidir. Bu Göy insanları nəslinin nümayəndəsi öləndə, ruhu yeni forma (quş forması) alıb cənnətə "uçur". Deyimdə "əmsəytu ərəbiyyən" ifadəsindəki "əmsəytu" (axşam oldum) sözü batini mənada ümmü-səytu, yəni ümməti-seyid və ümməti-şiət mənasında - "ruh xalqı", yəni ölümsüz ruh deməkdir. Başqa sözlə, "əmsəytu ərəbiyyən" ifadəsi batini mənada - ərəbə, yəni "Rəbbə çevrilmiş ölümsüz ruh" deməkdir. Qədim Misir mətnlərində firon, yəni pir öləndə, onun Ba (saxu) adlanan ruhu göyə qalxaraq, fironun sağ ikən göydə yaratdığı Ra diski ilə birləşir və BaRa-ya, İbriyə, yəni seçilmiş yəhudiyə və ya RaBa-ya, yəni Ərəbə - Rəbbə, Allaha çevrilir. Qədim Misirdə firon, yəni pir öldükdə, ona - "Osiris (Asar/Azər) Allahına çevrildi" deyirdilər. Bu isə o deməkdir ki, qədim mənbələrdə "Ərəb ölkəsi" dedikdə, Misir mətnlərindəki Osirisin göydəki ölüm şahlığı nəzərdə tutulur. Bu ölüm şahlığı mənbələrdə Aziru, yəni Azəri/Asar, Osiris şahlığı kimi də qeyd olunur və amoreylərin Kadeş ölkəsində göstərilir. Amoreylərin Kadeş ölkəsi isə marların, yəni Midiya kaduslarının - müqəddəslərinin elidir. Ərəb mənbələrində bu kaduslar - cadis tayfası adlanır və ərəb geneoloqlarına görə də indiki ərəblər əsil ərəblər deyil. Əsil ərəblər mifik Ad, Samud, Amalik, Casim, Cadis və s. tayfalarıdır ki, islama qədər köçüb getmişlər. Başqa sözlə, əsil ərəblər kadus-cadis nəsli olan amoreylər, yəni Midiya marları - miri-seyidlərdir. Assur yazılarına görə, hələ e.ə. VIII əsrdə, yəni İslamdan 14 əsr əvvəl Midiya ərazisində "Şərqin ərəbləri" adlı ölkə mövcud olmuşdur və mən - “Qədim mənbələrdəki Ərəbistan İndiki Ərəbistan deyil!” adlı məqaləmdə bu haqda yazmışam (5). Qurana görə Ərəb dili də, göydəki Ərəb ölkəsində ölümsüzlük qazanmış Ruhul-Əminin, yəni qədim Misirin Amon Allahının ruhunun - imam Mehdinin ürəyinə göndərdiyi vəhy mənasındadır (6). Məhəmməd peyğəmbərin də əsl adı Məhəmmədül Əmin olmuşdur ki, batini mənada bu ad - "Midiya maqı (qam-şamanı, kahini və s.) olan Əmin, yəni firon Amon" deməkdir. Məhəmməd peyğəmbərin Qüreyş nəslinin adı isə batini mənada "Qor-şiə" (Kari-şiə), yəni "Qor Allahının ruhu" deməkdir ki, bu ad göydəki cənnətə hicrət etmiş Qor fironlar nəslinə, yəni pirlərə aiddir.

Qədim Misir mənbələrində Qor Allahı, dünyaya hakim kimi doğulmuş Asar (Azər), yəni Osirisin oğlu adlanır. Məhz o ölmüş Asar/Osiris Allahını dirildir ki, bu da axirətdə gələcək imam Mehdi mənasındadır. Xristianlar bu Qor və ya Xor Allahını - Xoris, Xristos, yəni İsa peyğəmbər adlandırırlar. Bu Qor Allahı ən qədim mənbələrdə Qor-Teo/Deo/Teos mənasında (Kürd) - Kardu, Karti, Xerti və s. kimi yazılaraq Asar/Osiris Allahına və onun göydəki ölüm şahlığına aid edilir. Bu haqda mən, “Kürd”, “Türk” adlarının mənşəyi və batini mənası” adlı məqalədə geniş məlumatlar vermişəm (7). Qor Allahlar nəslini yaradanlar isə ən qədim mənbələrdə teurqlar, yəni türklər adlanır. Teurq rəmzi batini mənada Teo-orq, yəni qurban ritualı vasitəsilə Allah yaradan deməkdir (8). Başqa sözlə, Türk - Allah yaradan, Kürd isə yaradılmış Asar/Osiris (Azər) və Qor Allahı anlamındadır. Ən qədim mətnlərdə Göy insanları, yəni Qor fironları dedikdə də ölümlü yer insanları yox, Midiyanın Aqar/Həcər/Qacar ismaililəri olan ölümsüz Türk bəgləri nəzərdə tutulurdu. Tövrat bu Gelad ismaililərini - Allahın Özünə qulluq üçün ayırdığı Yaqub və Rahil nəsli adlandırır. Mən, bu haqda yazdığım "Великие деяния сыновей Иакова и Рахиля” adlı məqalədə göstərmişəm ki, bütün yəhudi peyğəmbərləri, şahları və o cümlədən əvvəldə gəlmiş Ra-Amon/Rəhman Allah və axirətdə gələcək İsa Allahı (Mehdi) məhz bu Qacar-ismaili şahlar nəslinə aiddir (9). Biz onları - "Xelatın Azərbaycan Atabəglər Ailəsi" kimi də tanıyırıq.
İsmail rəmzi batini mənada İsmi-Əli, Sim-Əli, Səma-Əli və s. kimi də oxunur və "göydəki Sim çadırı", bu "Vəhy çadırının daxilindəki El", "Əli Vilayəti" və digər mənalardadır. Sufi məntiqində Məhəmməd peyğəmbərin, yəni Məhəmmədül Əminin - Amon Allahının varisi imam Əli, axirətdə Ra-Amon/Rəhman Allahın yerinə keçəcək Mehdinin obrazıdır. İmam Əli xristian və digər mənbələrdə İliya kimi qeyd olunur ki, sufizmdə İliya (Eliya) rəmzi "Ya-Əli" deməkdir. İliya axirətdə zühur edərək, gələcək kosmik islahatın peyğəmbəri hesab olunur. Mənbələrə görə, onun ruhu göylərə diri-diri götürüləcəkdir (10). Bu isə Əli obrazının, əvvəldə gəlmiş və öləndən sonra ruhunun RaBa/Rəbbə, yəni Ra-Amon Allahına çevrilmiş pir-firon Amonun obrazı ilə eyniliyi deməkdir.
Cəlaləddin Rumi, Məsnəvinin birinci cildinin ön sözündə, “Kürd yatdım, ərəb oyandım” deyən bir şeyxin nəslindən gəldiyini qeyd edir ki, buradakı şeyx rəmzi - batini mənada "ruh" anlamını verən "saxu" rəmzidir.

Qədim Misir mətnlərinə görə pir Amonun saxu ruhu, bədəndən çıxandan sonra Ra diski ilə birləşmiş və O - Ra-Amon/Rəhman Allaha çevrilmişdir. Buna görə qədim mətnlərdə Ra-Amon Allahı - Ra-Saxu, yəni Arsax/Seker və s. kimi də qeyd olunur. Bu isə o deməkdir ki, mətndə “Kürd yatıb, ərəb oyanan" "şeyx" elə - Qor fironlar nəslinin banisi pir Amonun öləndən sonra, "saxu" ruhunun Ərəbə, yəni RaBa-ya, Rəhmana çevrilmiş Allahdır. Başqa cür desək, Kürd yatıb Ərəb oyanan - Rəhman Allaha çevrilmiş pir Əmanın ruhudur.
Bütün bunlar haqda daha ətraflı məlumatlar, faktlar və mənbələr, müəllifi olduğum "Batini-Quran" və digər kitablarımda və yüzlərlə elmi məqalələrimdə verilmişdir. Bunların əksəriyyətini internet səhifələrindən oxumaq olar.
Ədəbiyyat
1. Məqalə: "Allah - türkləri, оnlar isə insanı yaratdılar", sayt: https://gilarbek.blogspot.com/2013/12/allah-turklri-nlar-is-insan-yaratdlar.html?m=1
2. Məqalə: "Устная Тора глазами суфия-агадиста", sayt: https://firudin.blogspot.com/2025/04/blog-post_12.html?m=1
3. Ф. М. Асадов, "Арабские источники о тюрках в раннее средневековье", Б.,1993, səh.71
4. Ф. М. Асадов, "Арабские источники о тюрках в раннее средневековье", Б.,1993, səh.72
5. Məqalə: “Qədim mənbələrdəki Ərəbistan İndiki Ərəbistan deyil!”, sayt: https://firudin.blogspot.com/2023/07/qdim-mnblrdki-rbistan-indiki-rbistan.html?m=1
6. Quran, 26:192-196
7. Məqalə: “Kürd”, “Türk” adlarının mənşəyi və batini mənası”, sayt: http://gilarbek.blogspot.com/2017/11/kurd-turk-adlarnn-mnsyi-v-batini-mnas.html?m=1
8. Məqalə: “Türk”, “Türkiye” ne demektir? Akıl almaz gerçekler”, sayt: http://gilarbek.blogspot.com/2012/07/turk-turkiye-ne-demektir-akl-almaz_19.html?m=1
9. Məqalə: "Великие деяния сыновей Иакова и Рахиля”, sayt: https://firudin.blogspot.com/2023/04/blog-post.html?m=1
10. Məqalə: "Oxuduğumuz Quran - həqiqi Quran deyil", sayt: https://gilarbeg.wordpress.com/2023/05/10/oxudugumuz-quran-h%c9%99qiqi-quran-deyil/
Firudin Gilar Bəg
Sufi-batin alimi
14.06.2025