Moskva qəbiristanlığında kütləvi dava: ölən və yaralananlar var
15-05-2016, 11:26
Rusiya paytaxtındakı Xovan qəbiristanlığının ərazisində baş vermiş kütləvi dava nəticəsində 3 nəfər ölüb, polis bildirir.
200-dən 500-dək adamın iştirak etdiyi davada xəsarət alanların sayı dəqiqləşdirilməkdədir.
İnterfax agentliyi polisdəki mənbəsinə istinadən yazır ki, dava Qafqaz və Mərkəzi Asiya ölkələrini təmsil edən qruplar arasında baş verib.
İddia edilir ki, qarşıdurmaya səbəb xidmət ərazilərinin bölünməsi ilə bağlı ixtilaf ola bilərdi.
Dava zamanı daş, armatur, soyuq və odlu silahdan istifadə edilib.
“İlkin məlumatlara görə admiral Kornilov küçəsi, Xovan qəbiristanlığı ətrafında baş verən kütləvi dava nəticəsində üç adam ölüb”, – TASS agentliyinə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İdarəsindən bildiriblər.
Hadisə yerinə gələn xüsusi təyinatlı polis dəstələri davanın qarşısını almaq üçün havaya atəş açıblar, mətbuat xəbər verir.
“Polis iki adamın ölümü ilə bağlı 3 şübhəlini yaxalaya bilib. Onlar hadisə yerini tərk etməyə cəhd göstərərkən iki insident iştirakçısını maşınla vurublar”, – Moskva üzrə DİN idarəsinin nümayəndəsi Sofya Xotina deyib.
Hadisə ilə bağlı cinayət işi üzrə 50 adamın saxlanıldığı bildirilir.