Krım tatarlarının federal muxtariyyəti yaradılacaq - İlin sonuna qədər
11-06-2016, 10:11
AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, cari ilin sonuna qədər Rusiyada Krım tatarlarının federal milli-mədəni muxtariyyəti yaradılacaq (TASS).
Krım tatarlarının lideri Eyvaz Ömərov qeyd edib ki, vahid qurumun yaradılması Krım tatarlarının mədəniyyətinin, dilinin və milli ənənələrinin qorunub saxlanması istiqamətində effektli işlərin aparılmasına kömək edəcək.
Rusiyada Krım tatarlarının federal milli-mədəni muxtariyyəti Rusiyanın bölgələrindən olan Krım tatarlarını özündə birləşdirəcək.
«Biz, Rostov (Don üzərində) vilayətindən, Stavropol və Krasnodar diyarından, Moskvadan, Sankt Peterburqdan və Rusiyanın digər bölgələrindən olan Krım tatarları ilə danışıqlar və məsləhətləşmələr aparırıq. Rusiyada Krım tatarlarının federal milli-mədəni muxtariyyətinin cari ilin sonuna qədər yaradılacağını planlaşdırırıq» – deyə, Ömərov Moskvada ənənəvi illik Ramazan günləri çərçivəsində keçirilən «Veçer Krıma» tədbirində bəyan edib.
Krım tatarlarının regional milli-mədəni muxtariyyətinin yaradılması Rusiya Federasiyası prezidentinin 2014-cü ildə imzaladığı «Deportasiya olunmuş xalqların reabilitasiyası» haqda fərmanından sonra mümkün olub. Krımda tatarların muxtariyyəti 2015-ci ildən fəaliyyət göstərir.
Qeyd edək ki, ənənəvi Ramazan günləri çərçivəsində «Veçer Krıma» tədbiri Krım və Sevastopol müsəlmanlarının dini idarəsi, eyni zamanda, Rusiya müftilər şurası tərəfindən, İslam mədəniyyəti Fondunun dəstəyi ilə təşkil olunur. Tədbir, Moskva şəhəri meriyasının patronajlığı altında keçirilir.