Rusiyalı turistlər Krımı kütləvi şəkildə tərk edir
18-07-2023, 12:09

Krım körpüsü partladıldıqdan sonra, yarımadanı tərk etmək istəyənlərin sayı sürətlə artır və bu, alternativ yollarda tıxacların yaranmasına səbəb olub.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Krımdan Xerson vilayətinə gedən yollarda Krım körpüsündə baş verən partlayışlar və oradakı nəqliyyatın bağlanması səbəbindən uzunluğu altı kilometrə qədər olan tıxaclar yaranıb.
RİA Novosti xəbər verir ki, Krımdan Krasnodar diyarına gedən bərə keçidindən istifadə etmək istəyənlər də bir neçə saat növbə gözləməli olurlar.
Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi bazar ertəsi öz saytında bərələrə yalnız yük maşınları və avtobusların buraxılacağını açıqlayıb. Krasnodar diyarından Krıma çatmaq istəyənlərə şəxsi avtomobilini Tamandakı dayanacaqda qoyub qatarla yarımadaya getməyi təklif edilir.
Krıma avtomobillə getmək və ya onu tərk etmək istəyən turistlərə Rusiya Nəqliyyat Nazirliyi tərəfindən Ukraynanın işğal olunmuş rayonlarından keçən quru marşrutu təklif edilib. Bu məqsədlə, Xerson, Zaporojye və Donetsk vilayətlərinin işğal olunmuş ərazilərinin “hakimiyyəti” Krımdan Çonqar, Armyansk, Novoalekseevka və Melitopoldan keçməklə Rostov vilayətinə gedən müvafiq marşrutlarda komendant saatının ləğv edildiyini elan edib.