Ukrayna: Naməlum kəşfiyyat _ diversantlar Donetskin baş komandanını öldürdü

24-05-2015, 16:52           

Aleksey Mozqovoyun olduğu avtomobil məsafədən idarə olunan partlayıcı qurğu vasitəsi ilə partladıldıqdan sonra pulemyotlardan atəşə tutulub

Ukraynada Luqansk separatçılarının “Kabus” briqadasının komandiri Aleksey Mozqovoy daxil olmaqla 7 separatçı naməlum kəşfiyyat-diversiya qrupunun hücumu nəticəsində öldürülüb.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə separatçıların briqadasından məlumat verilib.

“Mozqovoya hücum martın 7-də ona sui-qəsdin törədildiyi yerdə baş verib. Luqansk və briqadanın yerləşdiyi Alçevsk şəhərlərini birləşdirən magistral yolda pusqu qurulub. Naməlum silahlı şəxslər Mozqovoyun və onun mühafizəçilərinin olduğu avtomobilləri atəşə tutublar. Ağır güllə yaraları alan Mozqovoy hadisə yerində keçinib. Onu müşayiət edən şəxslər də yaralanıb”, deyə “Kabus” briqadasının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hazırda diversantların axtarışı davam edir.


“İnterfaks” xəbər verir ki, Mozqovoyun olduğu avtomobil məsafədən idarə olunan partlayıcı qurğu vasitəsi ilə partladıldıqdan sonra pulemyotlardan atəşə tutulub.

Qeyd edək ki, martın 7-də bu günkü hadisənin baş verdiyi ərazidə A.Mozqovoyun olduğu avtomobil məsafədən idarə olunan 3 partlayıcı qurğu vasitəsi ilə partladılıb. O zaman partlayış nəticəsində Mozqovoy yaralanmışdı.

Bundan əvvəl, yanvarın 1-də, analoji şəraitdə Luqansk separatçılarının digər komandiri, “Betmen” xüsusi təyinatlı dəstənin başçısı Aleksandr Bednov və onu müşayiət edən 6 silahlı öldürülmüşdü.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.