ABŞ digər ölkələrin peyklərini sıradan çıxarmaq üçün sistem quracaq

19-05-2024, 00:04           
ABŞ digər ölkələrin peyklərini sıradan çıxarmaq üçün sistem quracaq
ABŞ Müdafiə Nazirliyi ölkənin peyk şəbəkəsini hücumlardan qoruyacaq, lazım gəldikdə digər ölkələrin peyklərini sıradan çıxaracaq yeni nəsil yer və kosmik texnologiyalar yaratmağı planlaşdırır.

Bu barədə “The New York Times” qəzeti Pentaqondakı mənbələrə istinadən yazır.

Pentaqon layihənin təfərrüatlarını məxfi saxlayır. Qəzet qeyd edir ki, Pentaqon nümayəndələri 2026-cı ilə qədər tam spektrli əməliyyatlarda rəqabət aparmağa imkan verəcək əhəmiyyətli orbital imkanlara malik olmağı planlaşdırır.

Müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plumb da kosmosun hərbiləşdirilməsinin qaçılmaz olduğunu bildirib.

Nəşrin yazdığına görə, Vaşinqton əlində sübutu olmasa da, Moskva ilə Pekini kosmosa müxtəlif, o cümlədən hərbi texnika yerləşdirməkdə ittiham edir.

Rusiya və Çin isə BMT-nin Təhlükəsizlik Şurasında kosmosda silah yerləşdirilməsinin qadağan olunmasını təklif edib. Amma təklif qəbul olunmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.