Xameneiyə və SEPAH-a yaxın şəxsdir, siyasi elita dəstəkləyir..." - İranın yeni prezidenti O OLACAQ?
11-06-2024, 15:49
Ötən günlərdə İranda iyunun 28-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlərin siyahısı açıqlanıb. Prezidentliyə namizədlik üçün müraciət etmiş 80 nəfərdən Mustafa Purməhəmmədi, Məsud Pezeşkiyan, Əmirhüseyn Qazizadə, Əlireza Zakani, Səid Cəlili və Məhəmməd Baqir Qalibafın namziədliyi qeydə alınıb.
Maraqlıdır, İran İslam Respublikasının 9-cu prezidenti kim olacaq? Namizədliyi qeydə alınanlardan kimin şansı daha çoxdur?
Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, burada Məhəmməd Baqir Qalibaf və Səid Cəlilinin şansları daha çox görünür:
“Amma Əlireza Zakani də bu namizədlər arasında dini rəhbər tərəfindən dəstəklənən şəxs kimi qəbul olunur. Lakin düşünürəm ki, bu dəfəki seçkilərdə əsas mübarizə Məhəmməd Baqir və Səid Cəlilinin arasında gedə bilər. Keçən dəfə Səid Cəlili geri çəkildi, axıra qədər getmədi. Amma bu dəfə fikrimcə, onun seçkilərdə sona qədər getmək ehtimalı çoxdur. Qalibaf da güclü namizəddir və İslam Şurası tərəfindən dəstəklənən şəxsdir”.
Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, İranda keçiriləcək prezident seçkilərində uzun illərdir, aparılan siyasət davam etdiriləcək və əlavə dəyişikliklər olmayacaq:
“Xüsusilə burada islahatçılar və mühafizəkarlar arasında mübarizə gedir. Fikrimcə, burada daha şanslı namizəd Qalibafdır. Çünki mərhum Prezident İbrahim Rəisinin qəzasından dərhal sonra İran rəsmiləri konkret olaraq onun üzərində dayanmışdılar. Onu daha çox həm Ali rəhbərə yaxın, həm də mühafizəkar qanadın əsas aparıcı üzvü hesab edirlər. Qalibaf SEPAH-a da yaxın şəxsdir. Bu da onun seçilmə şansını artırır. Digər namizədlərə gəldikdə, onlar arasında islahatçılar da var, mühafizəkarlar da. Lakin dediyim kimi, Qalibaf daha çox elitanın dəstəyini qazanıb. Amma fors-major rəqəmlərin olması da mümkündür”.
Günay Rəsulqızı
Fotoda: Məhəmməd Baqir Qalibaf