Budanov: Rusiya əsir və cəsədlərin mübadiləsinin şərtlərini birtərəfli qaydada diktə etməyə çalışır

9-06-2025, 00:08           
Budanov: Rusiya əsir və cəsədlərin mübadiləsinin şərtlərini birtərəfli qaydada diktə etməyə çalışır
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəisi Kirill Budanov Rusiya tərəfinin əsir və cəsədlərin mübadiləsi ilə bağlı razılaşdırılmış mexanizmləri pozaraq, informasiya manipulyasiyası ilə prosesin şərtlərini birtərəfli qaydada diktə etməyə çalışdığını bəyan edib.

APA-nın xəbərinə görə, Kirill Budanov bu barədə “Telegram”-da paylaşım edib.

“İstanbulda əldə olunan razılaşmalara dəqiqliklə əməl edirik. Kimin nə vaxt və hansı formada dəyişdiriləcəyini heç kim təkbaşına müəyyən edə bilməz. Hazırlıq prosesi davam edir və bu sahədə təzyiqlərə və manipulyasiyalara yol verilə bilməz”, – deyə Budanov qeyd edib.

O, həmçinin bəzi Rusiya təbliğatçılarının insan faciələri üzərindən spekulyasiya etdiyini və həmin faciələrin əsas səbəbkarının elə Rusiya tərəfi olduğunu vurğulayıb.

Kirill Budanov əlavə edib ki, Koordinasiya Qərargahı Rusiya ilə İstanbulda aparılan danışıqlar əsasında razılaşdırılmış mexanizmə uyğun olaraq əsir mübadiləsinin təşkili üzərində işi davam etdirir.

Qeyd edək ki, iyunun 2-də İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna nümayəndə heyətləri münaqişənin həlli ilə bağlı sənədlər mübadiləsi aparıb və hərbi əsirlərin azad edilməsi barədə razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru