Qrenlandiyada buzlaq yüksək sürətlə əriməyə başlayıb
Dünən, 11:28

May ayında Qrenlandiyada rekord yüksək hava temperaturu Danimarka adasını əhatə edən buz təbəqəsinin əriməsini 17 dəfə sürətləndirib.
Oxu.Az bu barədə beynəlxalq iqlim təşkilatı "World Weather Attribution"a (WWA) istinadən məlumat verir.
"Mayın 15-dən 21-dək Qrenlandiyanın buz təbəqəsinin əriməsi bu dövr üçün orta göstəricidən 17 dəfə yüksək olub", - WWA-nın rəsmi saytında dərc olunan hesabatda bildirilir.
Klimatoloqların fikrincə, belə dəyişikliklərə may ayında bu bölgədə müşahidə olunan qeyri-adi isti hava səbəb olub.
İqlim peykləri uzun illərdir ki, Qrenlandiyanın buzlaqlarının əriməsində kəskin sürətlənmə qeydə alır. Orta hesabla, əsrin əvvəlindən bəri onların həcminin azalması sürəti təxminən dörd dəfə artıb və ümumilikdə bu müddət ərzində adanın buz təbəqəsi 5 trilyon tondan çox kütləsini itirib. Temperaturun sürətlə artması o deməkdir ki, ilin isti vaxtlarında Qrenlandiyanın buz təbəqəsindən vaxtaşırı bir neçə milyard ton ağırlığında nəhəng aysberqlər qopur.