Karantin müddəti niyə uzadıldı? – Deputat səbəbləri açdı

Bu gün, 09:14           
Karantin müddəti niyə uzadıldı? –
Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2026-cı ilin 1 yanvarına qədər uzadılıb. Bu qərar sosial şəbəkələrdə və əhali arasında geniş müzakirələrə səbəb olub. İnsanlar quru sərhədlərin uzun müddət bağlı qalmasını tənqid edərək “qərar yəqin ki ömürlükdür”, “dünyada karantin ancaq bizdə var” kimi fikirlər səsləndirirlər. Hökumət sərhədlərin təhlükəsizlik baxımından bağlı saxlandığını bildirsə də, narazılıqlar davam edir.

Xüsusi karantin rejiminin uzadılmasının faydası nədir? Vətəndaşlar bu məsələdə nəyi anlamalıdırlar?

Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, heç bir qərar əbədi deyil:

“Karantin rejiminin uzadılması təhlükəsizlik maraqları çərçivəsində qəbul edilmiş qərardır. Bölgəmizdə son dövrlərdə baş verən hadisələr, o cümlədən İran ilə İsrail arasındakı 12 günlük qarşıdurma və onun nəticələri fonunda çoxu quru sərhədlərin bağlı qalmasını düzgün addım kimi qiymətləndirdi. Eyni məntiq bu gün də qüvvədədir: sərhədlər bağlıdır və karantin rejimi uzadılıb. Kim zəmanət verə bilər ki, həmin 12 günlük münaqişənin davamı olmayacaq? Kim əminliklə deyə bilər ki, bölgəmizdə yeni siyasi və ya hərbi kataklizmlər baş verməyəcək? İran və İsrail arasında gərginliyin davam etdiyi hər kəsə bəllidir. Tərəflər bir-birinə qarşı açıq təhdid dili ilə çıxış edirlər”.

Deputat bildirib ki, sözügedən qərar ilk növbədə vətəndaşların təhlükəsizliyini təmin etməyə yönəlib:

“Hökumət ölçülüb-biçilmiş, əsaslandırılmış qərarlar qəbul edir və bunun mərkəzində xalqın rifahı və təhlükəsizliyi dayanır. Bu kontekstdə əlavə mənalar axtarmağa ehtiyac yoxdur. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, dövlətin qarşısında duran əsas vəzifələrdən biri xalqın sosial rifahının və təhlükəsizliyinin təmin olunmasıdır. Məhz bu məntiqlə sərhədlər bağlı saxlanılır və xüsusi karantin rejiminin müddəti uzadılır”.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi COVID‑19 pandemiyasının başlanması ilə bağlı olaraq 2020‑ci ilin mart ayının 24‑ü tarixindən bütün ölkə üzrə rəsmi elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru