Amerika siyasətinin Trampa qarşı gizli “silahı”
13-05-2017, 09:35

Seçkilərdən ötən 6 ayda yeni prezident əleyhinə iki gizli istintaq başladılıb; FTB rəhbərini işdən qovan ABŞ prezidenti məxfi istintaq kabusundan xilas ola biləcəkmi?..
ABŞ prezidenti Donald Tramp bildirib ki, Federal Təhqiqatlar Bürosu (FTB) onun barəsində araşdırma aparmır. BBC-nin məlumatına görə, prezident çərşənbə günü işdən azad etdiyi FTB direktoru Ceyms Komini “özünüreklam edən” və “ədabaz” adlandırıb. NBC News kanalına müsahibəsində Tramp Komini işdən çıxarmaq qərarının ona məxsus olduğunu deyib.
Qeyd edək ki, hələ mart ayında belə bir məlumat açıqlanmışdı ki, FTB Trampın seçki kampaniyası komandasının Rusiya ilə əlaqələri və Moskvanın ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddiaları araşdırır. Ancaq Tramp bu iddiaları təkzib edib. O, deyib ki, FTB direktorundan istintaq nəzarəti altında olub-olmadığını soruşub. Sitat: “Dedim ki, mümkündürsə deyin, ”mənim barəmdə araşdırma aparılırmı?" O dedi ki, “yox, sizin barənizdə araşdırma aparılmır”.
Həmçinin Tramp bir daha təkrarlayıb ki, onun seçki kampaniysı ilə Rusiya arasında anlaşma olmayıb. O, bu barədə iddiaları “oyun” adlandırıb.
Xatırladaq ki, martın əvvəllərində FTB-nin iki gün əvvəl işdən çıxarılmış direktoru Komi bildirmişdi ki, Trampın Rusiya ilə əlaqələri qurum tərəfindən araşdırılır. Bu barədə o, kəşfiyyat dinləmələrində məlumat vermişdi. Bildirmişdi ki, FTB-də bu əlaqələrlə bağlı dosye və bu araşdırmanın Tramp komandasının Rusiya hakimiyyəti ilə hansısa əlaqəsinin olub-olmadığı, hər hansı cinayət əməlinə yol verilib-verilmədiyi araşdırılır.
Eyni dönəmdə CNN telekanalı ötən ilin payızında seçkilər zamanı Tramp və komandasının Rusiya ilə əlaqələrinin araşdırılması haqqında istintaq işinin dayandırılmadığı, əksinə, istintaqın gizli şəkildə davam etdiyini haqda xəbər yaymışdı. Xəbərdə istintaqı FTB-nin əks-kəşfiyyat idarəsi tərəfindən aparılır. Telekanalın istintaqa yaxın mənbələrdən əldə etdiyi məlumatlara görə, istintaq qrupu Trampın Rusiyanın Alfa Bankı ilə olan əlaqələrini araşdırır.
Maraqlıdır ki, eyni istintaq qrupu seçkilər zamanı Trampın seçilməsində rus xakerlərinin rolunun olub-olmadığını araşdırıb. İstintaqın Alfa Bank serverlərinin “Trump Organization”la çoxlu sayda bağlantı qurduğunu üzə çıxarsa da, ruslar bu bağlantının ikincidən gələn spamlar səbəbilə olduğunu iddia etmişdilər.
Bu məlumatlardan belə aydın olur ki, FTB iki dəfə Donald Trampla əlaqədar araşdırma aparıb. Birinci araşdırma seçkilər dönəmində, rus xakerlərin seçki prosesinə müdaxiləsi, Trampın qələbəsində rus xakerlərin rolu ilə bağlı iddialarla əlaqədar olub. Hətta bu araşdırmalar çərçivəsində Trampın bir neçə yaxın adamı, o cümlədən milli təhlükəsizlik üzrə müşaviri Flinn istefaya məcbur edilib. Hər nə qədər istintaq Trampa qarşı qəti ittihamlar irəli sürə bilməsə də, bu araşdırmalar Konqresin və dövlət bürokratiyasının yeni prezidentə təzyiq edərək yaxın ətrafından şübhəli adamların “təmizlənməsinə” xidmət edib.
İkinci iddia isə nisbətən sonrakı dövrdə, Trampın prezident seçilməsindən 4 ay, fəaliyyətə başlamasından 2 ay sonra gündəmə gəlib. Bu dəfə də istintaqçıların prezident və yaxın ətrafının Rusiya ilə bu dəfə iqtisadi sahədə əməkdaşlıq əlaqələrini araşdırdığı iddiaları gündəmə gəlib. Görünür bu sonuncu iddialar Trampı daha çox narahat edib.
FTB sədrinin işdən qovulmasında da ardıcıl iki istintaqın rolu olub. Məsələ ondadır ki, aprelin 7-də Tramp Suriya hökumət qüvvələrinin vurulması əmrini verdikdən və Şimali Koreyaya güc nümayiş etdirmək üçün bu ölkə sahillərinə hücum gəmiləri göndərdikdən sonra onun ABŞ-da və dünyada imici dəyişib. ABŞ prezidentinə qarşı tənqidlər də hiss olunacaq qədər yumşalıb. İndi isə prezident Tramp bu perioddan istifadə edərək ona narahatlıq və “təhlükə” vəd edən kadrları postlardan uzaqlaşdırır. Komi hər nə qədər Hillari Klintona qarşı istintaq başlatmaqla Trampın işini yüngülləşdirsə də, ardıcıl olaraq prezidentə qarşı iki gizli araşdırma aparması onu necə deyərlər, gözdən salıb. O qədər ki, prezident yola saldığı kadrı oyunbaz adlandırıb.
Kominin istefası ilə bağlı maraqlı detal prezident Trampın işdən qovduğu FTB direktorundan ona qarşı hər hansı istintaqın aparılıb-aparılmadığını soruşması olub. Belə görünür ki, Tramp hələ də şübhəlidir və özünə qarşı gizli istintaqın aparılmasından narahatdır. Amma o da aydındır ki, bu gizli istintaq ləğv olunana bənzəmir. Çünki ötən 6 ayda iki gizli istintaq aparılan Trampın tamamilə “təmizə çıxdığını” və gizli araşdırmaların dayandığını düşünmək sadəlövhlük olardı. Görünən odur ki, Amerika dövlət bürokratiyası və siyasət nəhəngləri ipə-sapa yatmaz prezident üzərində təzyiq kartlarını qoruyub saxlayacaqlar.
musavat.com/