Dünyanın ən bahalı həbsxanadan qaçışı belə həyata keçirilib FOTO

19-07-2015, 20:09           
Dünyanın ən bahalı həbsxanadan qaçışı belə həyata keçirilib FOTO
Medianın yazdığına görə, məhşur narkobaronun həbsxanadan qaçışı ona 50 milyon dollara başa gəlib. Bura həbsxana rəhbərliyinə və ədliyyə məmurlarına verilən böyük məbləğli rüşvətlər də daxildir.

Meksika hökuməti El Çaponun ələ keçirilməsinə görə 3,8 milyon dollar mükafat təyin edib. Məşhur narkobaronun ciddi rejimə malik həbsxanadan tunel vasitəsilə qaçmasının yeni detalları da açıqlanıb.

Qeyd edək ki, El Çapo ləqəbi ilə tanınan Xoakín Quzman Meksikanın sərt rejimli Altiplano həbsxanasından iyulun 11-də qaçıb.

Meksikanın xüsusi xidmət orqanı mühafizə kameralarının yaddaşına həkk olunan görüntüləri yayıb. Videoyazılışda El Çaponun türmədən qaçmasından az əvvəlki görüntüləri
var.​

“Tunel müasir texnologiya ilə qazılıb”

Jurnalistlərə açıqlamasında Mesikanın daxili işlər naziri Migel Angel Osorio Çonq deyib ki, söhbət Meksikaya böyük zərbə vurmuş bir düşməndən gedir:

“Onu geri qaytarmaq cəhdlərində arxaya heç bir addım atılmayacaq”.

Nazir deyib ki, El Çaponun axtarışına onun duş almaq üçün olan vanna otağından görüntüsü yox olandan dərhal sonra başlanıb. O deyib ki, polis dərinliyi 60 fut olan tuneldə də axtarış aparıb.

“Tunel müasir texnologiya vasitəsilə hazırlanıb, bu da ona imkan verib ki, həmin ərazini təhlükəsizlik qüvvələri onun arxasınca düşənədək daha tez tərk etsin” – nazir belə deyib. Havalandırma sistemi olan tuneli motosikllə keçmək mümkündür.

Rəsmilərin açıqlamasına görə, El Çapo tuneli motosikl vasitəsilə keçərək öz azadlığı üçün tikdirdiyi bu evdən qaçıb.

Son olaraq duş kabinetinə gedib

“Tunel elektrik lampaları vasitəsilə işıqlandırılıb, amma o buranı keçərkən arxasında qalan lampaları sındırıb, bu da axtarış imkanlarını bir qədər çətinləşdirib” – nazir Osorio Çonq belə deyir.

Nazir iddia edir ki, El Çaponun 2014-cü ilin fevralından həbs olunaraq saxlandığı həbsxana bütün beynəlxalq meyarlara cavab verir.

El Çaponun qolunda elektron bazubənd də olub və o, həbsxanada kameralar vasitəsilə daim nəzarətdə olub. İnsan haqlarının tələbinə görə 2 yerdə kameralar vasitəsilə müşayiət dondurulur ki, bunun da biri duş kabinetidir. Narkobaron tunelə girməmişdən əvvəl qolundakı bazubəndi də qırıb atıb.

Həbsxana kameralarının görüntüsünə görə, Quzman son olaraq öz yatağına doğru gedib, orada oturub və ayaqqabılarını dəyişib.

Daha sonra duş kabinetinə gedir və bundan sonra sadəcə olaraq yoxa çıxır. Qaçışdan sonra çəkilmiş bir videomaterialda isə duş kabinəsinin döşəməsində kvadrat formalı kəsilmiş yerin olduğu görünür.

Qaçış 50 milyon dollara başa gəlib

Məşhur narkobaronun azadlığa qovuşması ölkədə diqqəti həm də bir daha korrupsiya üzərinə çəkir. Şərhçilər sual edirlər ki, heç bir səs-səmir olmadan bu tunel necə qazılıb və tunelin tikintisini aparan kəslər onun duş kabineti ilə dəqiq kəsişəsini necə tapa biliblər.

Medianın yazdığına görə, həbsxana rəhbərliyi və ədliyyə məmurlarına verilən böyük məbləğli rüşvətlər də daxil El Chaponun həbsxanadan qaçması ona 50 milyon dollar başa gəlib.

Hökumət məsələni tam araşdıracağını söz verib. “Bu işdə əli olan istənilən şəxs, o cümlədən dövlət məmuru cəzalandırılacaq. Bu qaçışda rolu olan hər kəs üzə çıxarılacaq” – daxili işlər naziri belə deyib.

Bu qaçış ABŞ-la münasibətə də təsir edəcək

Osorio Çonq onu da deyib ki, hazırda Meksika hökuməti El MÇaponun axtarışında, xüsusilə də onun sərhəddi keçməməsində ABŞ və digər beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməklə əlindən gələni edir.

Chaponun qaçmağa nail olması Meksika ilə ABŞ arasındakı münasibətlərə də sərinlik gətirəcəyi təhlükəsi yaradır. El Çapo ABŞ hakimiyyəti tərəfindən “dünyanın ən qüdrətli narkobaronu” elan olunub. Onun ABŞ-ın mərkəzində narkotik vasitələrin yayılmasında xüsusi rol oynadığı vurğulanır.

Xoakin Quzmán zəngin adam sayılır. 2009-cu ildə onun sərvıti 1 milyard dollar həcmində qiymətləndirilib. 2011-ci ildə o, “Forbes”ə görə, dünyanın ən çox axtarılan zəngin cinayətkarları arasında birinci yeri tutub / AzadlıqRadiosu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.