İsraildə “İran səfirliyi” açılır
21-07-2015, 22:34
sraildə “İran səfirliyi” açılacaq. Lakin bunu hökumət yox, fərdi şəxslər edir.
Bu barədə İsrailin “Haaretz” saytı yazır. Məlumata görə, İsraildəki bəzi fəallar və rəssamlar gələn ay Təl-Əvivdə “İran səfirliyi” açmaq niyətindədir. Bu fikir Hamabul İncəsənət Kollektivinin təşəbbüsüdür.
Məqsəd də 1979-cu ildə İslam inqilabından əvvəlki dövrdə iki ölkə arasında mövcud olmuş isti münasibətləri yada salmaqdır.
Qrupun facebook səhifəsində deyilir ki, onlar bu davranışlarını müsbət hərəkət kimi təqdim etmək istəyirlər, nəinki “insanları qorxudan mənfi tendensiya” kimi...
Təşəbbüskarlardan biri Matan Pinkas deyir ki, təşkilat konfliktlərin insanlar arasına enməsini deyil, liderlər səviyyəsində qalmasını istəyir.
“İnqilabdan əvvəl İsrail İranda insanları incidən şah rejiminə dəstək verməklə yanlış iş görüb. İndi biz də demək istəyirik ki, səhv etmişik, sizi incitmişik” - deyə Matan Pinkas bildirib.
Fəallar İsrailin müxtəlif şəhərlərində İran bayrağı dalğalandırmağı düşünürlər. M.Pinkasın sözlərinə görə, Təl-Əvivin mərkəzində İran bayrağı alanda ona deyiblər ki, bu bayrağı dalğalandırmaq yox, yandırmaq daha yaxşı olardı.
Fəalların yaratmaq istədiyi həmin “səfirlik” rəsmi ofisdən, dünyanın hər yerindən olan İran mənşəli rəssamların əsərləri düzülmüş sərgidən və fars çay ziyafətlərindən ibarət olacaq.
Aktivist və rəssamaların bu təşəbbüsünə İsrail Xarici İşlər Nazirliyindən hələlik heç bir münasibət bildirməyiblər.
İnqilabdan əvvəl İran Təl-Əvivdə səfirlik üçün torpaq sahəsi almışdı. Lakin beynəlxalq hüquq ölkələr arasında diplomatik münasibət olmadıqda torpağa sahib olmağı qadağan edir. Bu səbəbdən həmin ərazi indi parkdır.