Rumıniya və Bolqarıstan Dunay çayı üzərində 3-cü körpünün tikintisinə başlayacaq

4-10-2017, 07:27           
Rumıniya və Bolqarıstan Dunay çayı üzərində 3-cü körpünün tikintisinə başlayacaq
Rumıniya və Bolqarıstan hökumətləri növbəti illər üçün Dunay çayı üzərindən yeni körpünün tikintisi, Konstantsa-Varna-Burqa şəhərlərini birləşdirəcək avtomagistrallar, iki ölkə arasında sürətli dəmiryol xətlərinin çəkilməsi layihələri üzərində işləyəcəklər.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Varnada Rumıniya-Bolqarıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 4-cü iclasından sonra keçirilən mətbuat konfransında hər iki ölkənin baş nazirləri Mihai Tudose və Boyko Borisov bildiriblər.
Bolqarıstanın baş naziri B. Borisov vurğulayıb ki, Rumıniya və Bolqarıstan üçün prioritet olan hər üç layihəyə sərmayə ayıracaq potensial investorlar mövcuddur və bu layihələrin reallaşdırılması regionun iqtisadi inkişafına təkan verəcək. Bundan başqa, hər iki ölkə kənd təsərrüfatı məhsullarının Yaxın Şərq və ərəb dövlətlərinə ixracını həyata keçirəcək birgə ticarət evlərinin yaradılması barədə də qərar verib. İclasda Rumıniya və Bolqarıstan arasında energetika, xarici təhlükəsizlik, iqtisadiyyat və sosial siyasət sahələrində əməkdaşlığını əhatə edən 5 sənəd imzalanıb.
Son illər Rumıniya və Bolqarıstan arasında ticarət dövriyyəsinin artması Dunay çayı üzərində mövcud olan Ciurciu-Ruse körpüsündə uzunluğu bir neçə kilometrlərlə ölçülən tıxaclara səbəb olur. Sıxlığın aradan qaldırılması məqsədilə tikiləcək yeni 3-cü körpünün dəyəri isə ekspertlər tərəfindən 200 milyon avro civarında qiymətləndirilir.
Xatırladaq ki, hazırda Dunay çayı üzərində Rumıniya və Bolqarıstanı birləşdirən iki körpü mövcuddur. Bunlardan birincisi 1954-cü ildə tikilən və uzunluğu 2,2 km olan Ciurciu-Ruse, ikincisi 2013-c ilin oktyabrında istifadəyə verilən və uzunluğu 1,9 km olan Vidin-Kalafat körpüləridir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.